Az qala ayağımızın altında qalan APTEK BİZNESİ... - niyə bu qədər ÇOXDUR?
Bu gün, 11:48

Bir neçə gün öncə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda apteklərin sayı kifayət qədər çox olması ilə bağlı fikir səsləndirib.
O, qeyd edib ki, Azərbaycanda əczaçılıq sahəsində kifayət qədər çatışmazlıq var:
"Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər aptek yoxdur. Seçicilərlə görüşərkən dərmanların qiyməti, əlçatanlığı və s. barədə kifayət qədər narazılıqlar eşidirik. Buna görə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birgə bu barədə xüsusi müzakirələr aparmağa ehtiyac olduğunu düşünürük. Düzdür, bu barədə müzakirələrimiz olub, müəyyən işlər də aparılıb, amma şikayətlər azalmır".
Maraqlıdır, aptek sayının çox olması hansı problemlər yaradır? Ümumiyyətlə, lisenziyası heç də asan əldə olunmayan apteklər necə bu qədər artıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, həmkarı aptek sayının çox olması haqda fikirləri statistik məlumatlara əsaslanaraq deyib:
“Apteklərin lisenziyaları İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Səhiyyə Nazirliyi isə onun tibbi standartlara cavab verib-verməməsi, həmin ərazidə bu tibb müəssisəsinin olmaq -olmaması istiqamətində rəy verir. Orda artıq hansı kriteriyalar əsas götürülür, əhalinin say nisbəti istiqamətində hansı addımlar atılırsa, ona uyğun iki orqan müştərək qərar verir. Yəni düşünürrəm ki, hər halda bu istiqamətdə ararşdırma aparılıb sonra lisenziya verilir.
Amma zamanla, mərhələ-mərhələ bu prosesdə də standartlaşdırmaya getməliyik. Artıq konkret olaraq müəyyən ərazilərdə yanaşı, sıx yerləşmiş əczaçılıq müəssisələrinin sayı normal standartlara uyğunlaşdırılmalıdır. Səhiyyə Komitəsinin rəhbəri də bu haqda müəyyən statistik məlumatlara əsaslanıb bunu deyir.
Bunun zərərli tərəfi nədədir, bu istiqamətdə şərh bildirməyim dəqiq olmaz. Amma mən də bütün məsələlərdə standartların olması vacibdir deyə düşünürəm. Çünki hədən artıq aptek sıxlığı özü də ehtiyac olmayan bir məsələdir. Müəyyən ərazidə əhalinin tələbatını ödəyəcək qədər əczaçılıq müəssisəsinin olması daha məqsədəmüvafiqdir. Bu, həm də sağlam rəqabətə də gətirib çıxarır”.
Aptek sayının çox olmasının dərman preparatlarrının keyfiyyətinə təsiri varmı
“Dərmanların keyfiyyəti hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Preparatların saxlanılma şəraiti, daşınması, bütün məsələlər. Bəzi preparatlar var ki, onlar “soyuq zənciri” anlayışına tabe tutulur. Onlar daim monitorinqdən keçirilirlər. Hətta standarta uyğun ərazilərdə yerləşən müsəssisələrdə belə dərmanların keyfiyyətinə daim nəzarət olmalıdır”, - deyə deputat qeyd edib.