Rusiyanın müəmmalı susqunluğu: Bakıya cavab gecikir - HƏR HALDA...
Bu gün, 10:26

Xəbər verildiyi kimi, Azərbaycan XİN Rusiyada saxlanılan və ölkəmizə qaytarılan deputat Azər Badamovla bağlı açıqlama verib. Bəyanatda bildirilib ki, rəsmi Bakı “Rusiya tərəfindən tutarlı izahat gözləyir və bunu qeyri-dost addım kimi qiymətləndirir”.
TASS agentliyinə danışan mənbənin sözlərinə görə, Azər Badamova Rusiya Federasiyasına giriş və çıxış qaydaları haqqında federal qanunun 26 və 27-ci maddələrinə əsasən qadağa qoyulub:
“Qadağanın səbəbi onun dəfələrlə səsləndirdiyi anti-Rusiya və rusofob yönlü açıqlamalardır”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Badamov bundan əvvəl rusiyalı deputat Nikolay Valuyevin azərbaycanlılara qarşı söylədiyi həqarət dolu fikirlərə cavab verib.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a mövzunu şərh edərkən deputat həmkarına qarşı sərgilənən davranışın heç bir siyasi və diplomatik etik normalara sığmadığını bildirdi və bunu Vyana konvensiyasının kobud şəkildə pozulması kimi dəyərləndirdi. E.Mirzəbəyli vurğuladı ki, Azər Badamovun tədbirdə iştirakı nəzərdə tutulmuşdu və rəsmi dəvət gəlmişdi: “Dəvət göndərildiyi halda, nümayəndə heyətinin üzvünün ölkəyə buraxılmaması ciddi etika pozuntusudur. Odur ki, bu hadisə ilə bağlı izahat verilməlidir. Bu məsələyə əda ilə yanaşmaq yolverilməzdir. Əgər Rusiya Azərbaycanla münasibətlərə önəm verirsə, bu qəbildən olan davranışlar imzalanmış bütün sənədlərin statusunu zədələyir. Ölkələr arasında çoxsaylı müqavilələr imzalanıb. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə"nin prinsiplərində qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı çoxsaylı istiqamətlər nəzərdə tutulub. Odur ki, belə davranışlar sənədlərin statusunu zədələməklə yanaşı, Azərbaycan cəmiyyətinə də çox ciddi mesaj verir. Qarşılıqlı münasibətlərin inkişafı üçün Azərbaycan dövləti bu günə qədər bütün mümkün vasitələrdən istifadə edib. Rusiya yaxın qonşumuzdur, xalq olaraq düşüncə tərzimiz, tolerantlığımız digər xalqlara münasibətdə hörməti saxlamağımız üçün zəmin yaradır. Bu, bizim mental xüsusiyyətimizdir. Bu xüsusiyyəti dövlətimiz uğurlu siyasətin tərkib hissəsinə çevirib. Təəssüf ki, bəzən yanaşmalarda biz bunun əksini görürük. Bu mövzu ilə bağlı da susqunluq davam edəcəksə, bu, Azərbaycan cəmiyyətinə verilən növbəti neqativ mesaj kimi dəyərləndiriləcək. Rusiyaya münasibətdə ictimai rəy bundan da nəticə çıxaracaq".
E.Mirzəbəyli qeyd etdi ki, bu qəbildən olan yanaşmalarda münasibətin ortaya qoyulması vacib faktorlardan biridir: “Belə yanaşma ilə Rusiyanın nə böyük dövlət statusuna, nə yürütdüyü siyasətin mahiyyətinə hər hansı xələl gəlməyəcək. İnsanlar arasında olan münasibətlərdə olduğu kimi, dövlətlərarası münasibətlərdə də etik normalara əməl edilməsi dövlətin məsuliyyətinin, dövlət ərkanına nə qədər ciddi yanaşdığının nümunəsidir. Ümid edirik ki, Rusiya tərəfi Azər Badamovun ölkəyə buraxılmaması ilə bağlı açıq izahat verəcək. Əgər Azər Badamova sərgilənən yanaşma Azərbaycan xalqını təhqir edən Nikolay Valuyevə münasibətlə bağlıdırsa, bu, ikiqat ayıbdır. Azərbaycan xalqının mənafeyini, qürurunu, şərəfini müdafiə etmək bütün digər xalqların nümayəndələrində olduğu kimi, Azərbaycan vətəndaşının da, deputatın da borcudur. Şəxsən mən və digərləri də bu məsələ ilə bağlı açıq mövqe bildirmişik. Heç kim xalqımızla aşağılayıcı tərzdə danışa, jarqon ifadələr səsləndirə bilməz. Jarqon ifadələrdən istifadə edən Valuyev kimi şəxslərin parlamentdə təmsil olunması Rusiya üçün ayıbdır. Mən bu tip adamların dili ilə Azərbaycan və onun vətəndaşları ilə danışmaq üslubunun yanlış olduğu qənaətindəyəm. Qarşılıqlı münasibətlərin normal inkişafı üçün Azərbaycan tərəfi öz üzərinə düşəndən daha artığını etdiyi kimi, Rusiya da ən azı dövlət ərkanını, dövlətlərarası münasibətlərdə siyasi, diplomatik əxlaq prinsiplərinin qorunmasının zəruriliyini dərk edərək müvafiq addımlar atmalıdır”.