Rusiya Ermənistanda çevriliş planını AKTİVLƏŞDİRDİ – Lavrovun gözlənilməz səfərinin PƏRDƏARXASI

Bu gün, 12:36           
Rusiya Ermənistanda çevriliş planını AKTİVLƏŞDİRDİ – Lavrovun gözlənilməz səfərinin PƏRDƏARXASI
Xəbər verdiyimiz kimi Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın vaxtda Ermənistana səfər edəcək. Bu barədə ilkin məlumatı Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Ani Badalyan yayıb.

Səfərin dəqiq tarixi barədə məlumat verməyən Badalyan yalnız bunu deyib:

“Yaxın zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri planlaşdırılır".

Dörd ildən sonra ilk dəfə

Nəzərə alaq ki, Lavrovun İrəvana sonuncu səfəri 4 il əvvəl olub. Nə təsadüfdürsə o zamankı səfər Paşinyanın Moskva səfərindən öncə olmuşdu. İndi isə Lavrov Paşinyanın Rusiya səfərindən sonra İrəvana yollanacaq.

Doğrudur, Rusiyanın baş diplomatı 2022-ci ilin payızında da İrəvanda olub. Amma bu xüsusi səfər olmayıb. Həmin vaxt Lavrov sadəcə Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak etmək üçün İrəvana iki günlük səfər etmişdi.

Amma gözlənilən budəfəki səfər xüsusi təyinatlıdır və bu, Ermənistan-Rusiya münasibətlərində yeni səhifənin başlanğıcı da ola bilər.

Nəzərə alaq ki, Ermənistan-Rusiya münasibətləri heç də arzuolunan səviyyədə deyil. Paşinyanın Qərbə meyillənməsi Moskvada açıq qıcıq yaradır. Ona görə də Kremldəkilər rəsmi İrəvana o qədər də diqqət ayırmır.

Lakin artıq dövran dəyişib. Hazırkı reallıq hər iki tərəfin münasibətlərə yenidən baxmasını zəruri edir.

Səfərlə bağlı ikibaşlı rəylər

Ermənistanın baş nazirinin ofisi Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verməkdən çəkinsə də, parlamentin spikeri Alen Simonyan bildirib ki, Paşinyanın paradda iştirakı düzgün olardı:

"Bizə dedilər ki, gecikmə iqtidarın “Vətəndaş müqaviləsi” partiyası daxilindəki fikir ayrılıqları ilə bağlı deyil, çünki sorosçulər Moskvaya getməyə qarşıdırlar. Bu, daha çox xarici tərəfdaşların təhdidləri ilə bağlıdır”.

Nəzərə alaq ki, faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı Qızıl Meydanda təşkil ediləcək hərbi paradda çox sayda ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək. Hətta Hindistan, Macarıstan, Serbiya və Slovakiyanın baş nazirlərinin paradda iştirakı söylənilir.

Bu isə təkcə Paşinyanı yox, Qərbi də ciddi şəkildə narahat edir. Yayılan məlumatlar arasında belə bir informasiya da var ki, Putin mayın 10-da çox sayda rəsmi görüşlər keçirəcək. Yəqin ki, Paşinyan da bu fürsətdən faydalanmaq istəyir.

Baxmayaraq ki, Qərb bu görüşə yaxşı baxmır. Bununla belə rəsmi İrəvan Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir.

Bunun da bir neçə səbəbi var.

Əsas səbəb odur ki, Qərb daha əvvəlki kimi Ermənistana diqqət ayırmır. Tramp hakimiyyətə gələndən sonra isə Ermənistan bir növ yaddan çıxıb. Nəzərə alaq ki, ənənəvi olaraq prezidentlər Ağ Evdə çıxışlar edir, müəyyən mesajlar verirlər. Ancaq aprelin 24-də Tramp ənənəvi çıxışında bədnam “erməni soyqırımı” haqqında söz açmadı. Halbuki onun sələfi Co Bayden son iki ildə ənənəvi çıxışında “erməni soyqırımı”ndan bəhs etmişdi.

Ona görə də Trampın bu mövzu ilə bağlı susqunluğu erməni diasporunu və Ermənistanı məyus edib.

Bundan əlavə rəsmi Vaşinqton son aylarda Ermənistana ümid verəcək hər hansı bir addım atmır. Üstəlik, bununla bağlı üfüqdə işartı belə sezilmir. Bu isə erməni diasporu və Ermənstan hakimiyyəti üçün ciddi siqnaldır. Ona görə də Paşinyan gec olmadan Moskva ilə münasibətləri yoluna qoymaq istəyir.

Nəzərə alaq ki, Avropa İttifaqı da artıq əvvəlki kimi canfəşanlıq etmir. Paşinyan da bunun fərqindədir.

Ona görə də rəsmi İrəvan ciddi təşviş içərisindədir.

Paşinyan çalışır ki, Rusiyaya səfər çərçivəsində Putinlə təkbətək görüşsün. Bu görüşün olmayacağı təqdirdə onun Moskva səfərinin heç bir əhəmiyyəti olmayacaq. Ona görə də rəsmi İrəvan gözlənilən səfərlə bağlı ikibaşlı fikirlər səsləndirir.

Əgər Putin Paşinyanla görüşə razılıq versə, o zaman bu səfər reallaşacaq. Əks-təqdirdə Paşinyan paradı İrəvandan izləməli olacaq.

Əslində Lavrovun gözlənilən İrəvan səfəri daha çox bu qərardan asılı olacaq. Əgər Paşinyan Moskvada Putinlə görüşə bilsə, Lavrovun gözlənilən səfəri rəsmi İrəvan üçün daha əlamətdar və səmərəli olacaq. Əks-təqdirdə Lavrovun İrəvan səfərinin məzmunu tam fərqli olacaq. Yəqin ki, Lavrov Paşinyana son sözü deməyə gələcək.

Maraqlıdır ki, Ermənistan mətbuatı yazır ki, Lavrov bu səfər çərçivəsində sabiq prezident Robert Köçəryanla da görüşəcək. Nəzərə alaq ki, sabiq prezidentlər - Robert Köçəryan və Serj Sarkisyanın tərəfdarları son günlər xeyli fəallaşıb. Hətta dövlət çevrilişi anonsları verilir.

Bu mənada Lavrovun bu səfəri Paşinyanın siyasi taleyinə böyük ölçüdə aydınlıq gətirəcək.

Surxay Atakişiyev, Bizim.Media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.