“Çirkli pulları yuyanlar” üçün kabus kimi qanun
Bu gün, 12:56

Bir sıra təsərrüfat subyektlərinin qeyri-şəffaf fəaliyyəti üzə çıxacaq; iqtisadçı: "Bu, arxasında böyük güclər olan təsərrüfat subyektlərinə təsir etməyəcək, çünki..."
Bu ilin may ayında qəbul edilən yeni qanuna görə Azərbaycanda şirkətlər “gerçək sahibləri” barədə daha şəffaf məlumatları təqdim etməlidir. Fed.az bildirir ki, bu, Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş və may ayında qüvvəyə minmiş dəyişikliklərdə nəzərdə tutulub.
2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanun dəyişikliyi ilə hüquqi şəxslərin, yəni şirkətlərin və təşkilatların əsl idarəçiləri və benefisiarları, yəni əsl sahibləri dəqiq açıqlanacaq. Dəyişikliyinə əsasən, şirkətlər öz benefisiar mülkiyyətçiləri barədə məlumatları dövlət orqanlarına təqdim etməli olacaqlar. Bəzi məlumatlara görə, benefisiarlar haqqında məlumatlar məlumatların ictimaiyyətə açıq olmayacağı, yalnız aidiyyəti dövlət qurumlarının bu məlumatlara çıxış imkanının olacağı da qeyd edilir. Amma aprel ayında bununla bağlı "Kommersiya sirri haqqında» Qanuna də dəyişiklik edilib, dəyişikliyə əsasən, şirkətin benefisial mülakiyyətçiləri, yəni əsl sahibləri haqqında məlumatlar daha kommersiya sirri hesab edilməyəcək.
Bundan sonra Azərbaycanda yeni şirkət qurmaq istəyənlər qeydiyyat zamanı öz benefisiar mülkiyyətçiləri barədə ətraflı məlumat verməli olacaqlar. Bu yanaşma həm şəffaflığın artırılması, həm də çirkli pulların yuyulması və maliyyə cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu proses özlüyündə kifayət qədər müsbət bir haldır: “Çünki iqtisadiyyatın şəffaflaşdırılması, kölgə iqtisadiyyatının azaldılması və ən azından haqsız rəqabətə qarşı mübarizənin nəticə verə bilməsi baxımından bu hal müsbət qiymətləndirilə bilər. Amma burada bir məsələni qeyd etdim ki, bu dəyişiklikdən daha çox təsirlənən təbəqə - yəni bu istiqamətə zidd fəaliyyət göstərən, lakin arxasında böyük güclər dayanmayan təsərrüfat subyektləridir.
Şəffaf fəaliyyəti yoxdur, amma arxasında böyük güclər dayanırsa, onların fəaliyyəti toxunulmaz qala bilər. Bu halda, arxasında böyük güclər dayanmayan və şəffaf fəaliyyəti olmayanların fəaliyyəti birmənalı şəkildə ya dayandırılacaq, ya da məcburi şəkildə şəffaflaşdırılacaq. Yəni bu dəyişiklik həmin təbəqənin - orta səviyyəli və himayəsiz subyektlərin - şəffaflaşmasına xidmət edəcək.
O təbəqə ki, ədalətlidir, o təsərrüfat subyektləri ki, şəffaf və aydın şəkildə, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərirlər - bu dəyişiklik onlar üçün elə də təsir etməyəcək. Onlar onsuz da şəffaf fəaliyyət göstərirlər və bu dəyişiklik təhlükəli deyil.
Təhlükə daha çox orta mövqedə olan, arxasında böyük güclər dayanmayan təsərrüfat subyektləri üçün olacaq. Çünki onların qeyri-şəffaf fəaliyyəti üzə çıxacaq, bu fəaliyyət ya dayandırılacaq, ya da şəffaflaşdırılacaq. Amma o təsərrüfat subyektlərinin ki, arxasında daha böyük güclər dayanır, mən inanmıram ki, bu dəyişiklik onların fəaliyyətində ciddi bir dəyişiklik yaratsın.
Onsuz da həmin şirkətin gizli sahibləri müəyyən yollar taparaq özlərini gizli saxlaya biləcəklər. Zatən prosesdə de-fakto və de-yure iştirakçılıq var. De-fakto iştirakçı olmayanların - heç bir yerdə imzası olmayanların, heç bir sənəddə adı çəkilməyənlərin - bu prosesdən sonra da kənarda qalması, lakin yenə də kənardan söz sahibi və idarəedici olaraq mövqelərini saxlaması, maneçilik törətməyəcək.
Amma ümumilikdə, bu proses heç olmasa orta səviyyədə olan, arxasında böyük güclər dayanmayan, lakin qeyri-şəffaf fəaliyyət göstərən təsərrüfat subyektlərinin şəffaflaşdırılması baxımından əhəmiyyətlidir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”