Binəqədidə falçı Adilin oyunbazlığı - İttiham

10-04-2015, 16:20           
Binəqədidə falçı Adilin oyunbazlığı - İttiham
Qəzetimizin 05 aprel 2015-ci il tarixli sayında biz xalqı cəhalətə (və səfalətə!) sürükləyən falçılığın ifşasına həsr etdiyimiz daha bir material dərc etmişdik. Bu materilın dərcindən sonra redaksiyamıza maraqlı bir oxucu məktubu daxil oldu. Bizə müraciət edən baməzə oxucumuz dərc etdiyimiz materiala yarı zarafat – yarı gerçək iradını bildirmişdi. Məktubda deyilir: “Hörmətli müəllif, çox düzgün olaraq müraciət etdiyiniz nağıllarda həqiqətən də müasir günümüzlə uzlaşa biləcək bir çox paralellər mövcuddur. Lakin siz özünüz də qeyd edirsiniz ki, əjdahanın bir başını kəsdikdə onun yerinə ikisi çıxır. Bununla belə yazdığınız məqalədə nədənsə bizə iki kəsilmiş baş əvəzinə yalnız birini təqdim etmisiniz...” İlk öncə bu yazılanlar sözü gedən materialı diqqətindən yayındırmış oxucularımız üçün də qaranlıq qalmasın deyə, həmin məqalədən bəzi sətirləri yenidən təqdim etmək istəyirik: “Nağıllardakı həmin o əjdahanı xatırlayırsınız? O əjdaha ki, başını kəsib atırdılar, yerində ikisi çıxırdı. İndi bizim bu Azərbaycanda da falçılıq biznesi belə əjdahaların əsil məkanına çevrilib. Amma yox, əslində əjdaha bu biznesin elə özüdür. Onu təmsil edən falçıları, ekstrasensləri, öncəgörücüləri və digər “fövqəlbəşərləri” isə bu əjdahanın başları ilə müqayisə etmək olar. Birini kəsirlər, üzr istəyirəm, tutub basırlar “içəri”, yerinə başqası peyda olur...” Daha sonra materialda bir müddət bundan əvvəl ekstrasens İlham Mirzəyevin və daha sonra baxıcı Sabir Abbasovun həbs olunması xatırlanmış və nəhayət, hazırda Bakının Nərimanov rayonunda fəaliyyət göstərən digər bir falçı xanımın fırıldaqları barədə açıqlamalar təqdim olunmuşdu. Hə, deyəsən indi hamıya hər şey aydın oldu və biz də keçə bilərik hörmətli oxucumuzun haqlı iradına. Məsələ bundadır ki, əslində bu gün Azərbaycanda, o cümlədən paytaxt Bakımızda bu cür qanunsuz və eyni zamanda şeytani əməllərlə məşğul olanların sayı kifayət qədər çoxdur. Buna görə də hər kəsilmiş “əjdaha başı”nın əvəzinə nəinki iki-üç, hətta beş-altı baş da təqdim etmək olar. Sadəcə olaraq biz materialları daha çox redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlayıb dərc edirik. Amma etiraf edək ki, bu mövzuda da informasiya qıtlığından şikyət etməyə heç bir əsasımız yoxdur. Məsələn, elə bu günlərdə aldığımız növbəti məlumatlardan birində paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan daha bir dələduz falçı barədə açıqlamalar verilir. Mənbə bildirir ki, Adil adlı bu falçı vətəndaşları öz evində qəbul edir. Bir “seans”ın qiyməti isə 15-20 manat civarındadır. Amma deyilənlərə görə, Adilin çox daha baha başa gələn xüsusi seansları da olur. Belə ki, müşkülə düşmüş insanların baxtlarının açılması onlara 100 manat başa gələ bilər. Təqdim olunan məlumatda Adilin telefon nömrəsi də bildirildiyindən, irəli sürülən ittihamlara münasibətini öyrənmək üçün onunla əlaqə də saxladıq. Lakin Adil mətbuat kəlməsini eşidən kimi əlaqəni kəsdi. Amma bundan sonra həmin nömrədən bizə zəng daxil oldu. Özünü Adilin həyat yoldaşı kimi təqdim edən bir xanım, bizim zəngimizdən sonra ərinin az qala “qəlb krizi” keçirdiyini bəyan etdi. Bundan sonra Adilə nəsə olacağı təqdirdə məhz bizim məsuliyyət daşıyacağımızı bəyan edən xanım yenidən əlaqəni kəsdi.Amma bizə elə gəlir ki, bu xanım öz həyat yoldaşı üçün narahatlıq keçirməkdə bir qədər gecikib. Çünki Adilə artıq “nəsə” olub. Razılaşın ki, əgər bir insan müqəddəs kitabımızı açaraq onun vasitəsilə fala baxdığını, özünün başqalarının verdikləri 15-20 manata möhtac olduğu halda digərlərinin “bəxtini açmağa” qadir olduğunu iddia edirsə, deməli bu insana mütləq nəsə olub... \\ bizimdovr.az \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.