Texnologiya Universitetinin rektoru böyük miqdarda yeyintidə ittiham olunur - Təftiş qərarı
10-04-2015, 16:38
Redaksiyamıza daxil olan məlumatlarda yenidən Azərbaycan Texnologiya Universitetinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlara dair açıqlamalar təqdim olunub. Yenidən kəlməsini ona görə işlədirik ki, bu ali təhsil müəssisəsində baş verən müxtəlif qanun pozuntularına dair əvvəllər də redaksiyamıza şikayətlə daxil olurdu. Lakin 2013-cü ilin mart ayında Akif Süleymanovun bu universitetə rektor təyin olunmasından sonra müəssisənin kollektivində nəhayət ki, burada normal tədris prosesinin ərqərar olacağına dair ümidlər yarandı. Bununla belə, aradan ötən iki il ərzində universitetdə demək olar ki, heç bir müsbət dəyişikliyə nail olunmadı. Əksinə, daxil olan məlumatlarda Azərbaycan Texnologiya Universitetində baş verən korrupsiya hallarının son vaxtlar daha da intensivləşdiyi vurğulanır. Qeyd etmək lazımdır ki, ölkə mətbuatının səhifələrində də Azərbaycan Texnologiya Universitetində baş verən çoxsaylı qanun pozuntuları barədə müxtəlif məlumatlara tez-tez rast gəlinir. Universitet daxilində olan mənbələr isə iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə, bəlkə də bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırlar. Onların iddialarına görə universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Məlumatlara görə elə bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası da bu cəhətdən kifayət qədər “əlamətdar” olub. Tələbələrin verdikləri məlumatlara görə bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Daha sonra məlumatlarda bildirilir ki, hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir. Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata aylığa buraxıb. Təqdim olunan açıqlamalarda universitetdə yaşanan daha bir ciddi problemin də işə qəbul məsələləri ilə bağlı olduğu bildirilir: “Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb. 2015-ci ilin Novruz Bayramı münasibətilə bütün ali məktəblərdə müəllim və texniki işcilərə Novruz sovqatı verilsə də, Texnologiya Universitetində rektor Akif Süleymanov ancaq özünü düşünüb. Üç aydan artıq olar ki, Texnologiya Universitetində əlavələr verilmir, bu əlavələr digər işcilərin pul hesabına yatırılır. Həmin şəxslər isə pulu alaraq, rektora verirlər...” Lakin son vaxtlar tələbələri istehsalat təcrübəsindən azad etmək üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Təbii ki, istəilən müəssisə və ya təşkilatda olduğu kimi Azərbaycan Texnologiya Universitetində yer almış korrupsiya hallarına görə ilk növbədə bütün nəzərlər burada baş verənlərdən sorumlu olan rektor Akif Süleymanovun üzərinə yönəlir. Redaksiyamıza müraciət edən universitet tələbələri isə bildirirlər ki, rektor universitetdə əməlli-başlı bazar açıb.Bu arada isə mətbuata təqdim olunan məlumatlarda Azərbaycan Texnologiya Universitetində hal-hazırda Maliyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən maliyyə və təsərrüfat şöbələrinin təftiş olunduğu bildirilir. Mənbələrin iddialarına görə komissiya tərəfindən artıq 500 min manatdan çox dövlət vəsaitlərinin mənimsənilməsi faktı aşkarlanıb.