Məşhur "Çudo Peçka" sexlərində rəzalət - Həm canımızdan oluruq, həm də pulumuzdan
11-04-2015, 11:27
Yəqin ki, çoxları xatırlayar, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkarlamışdı. Ümumiyyətlə, bir aralar metroda, dayanacaqlarda, eləcə də reklam şitlərində "Çudo Peçka" mağaza-kafelər şəbəkəsinin artan reklamları diqqəti cəlb etmirdi desək, yalan olar.
Müştəri cəlbinə hesablanan bu reklamlarda əsasən şəbəkənin yeni çeşiddə şirniyyatları təriflənir, "Yeni Dad" seriasından istənilən məhsul alan müştəriyə tort, çizkeyk, piroq, bir qutu trufel hədiyyə vəd edilir. Araşdırmalarımız göstərir ki, bu gün şəbəkəni istehsala daha az vəsait sərf edib daha çox gəlir götürmək düşündürür, nəinki keyfiyyət. Çünki, adətən qənnadı biznesində istehsalçının gəliri 20-30% -ə hesablanır. "Çudo Peçka"nın "hədəfləri" 80 faizə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib. İstehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti şəbəkədə "sirr" kimi qorunur. Xüsusilə isti yay günlərində kremli məhsulların yararlılıq müddəti vacib hesab edildiyindən tortlarla bağlı vəziyyət daha acınacaqlıdır. Tortların istehsal tarixi, yararlılıq müddəti, tərkibi məhsulun üzərində göstərilmir. Halbuki, tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır. "Çudo Peçka" şirniyyat, qənnadı mağaza-kafelər şəbəkəsinin mağazalarında isə tortlar 10 gündən artıq saxlanılır. Vaxtı ilə müəssisədə işləyən bir işçinin sözlərinə görə, yalnız 10 gündən sonra onlara tortu vitrindən götürməyə icazə verilir. Şəbəkənin tortları ilə bağlı daha bir acınacaqlı məqam kremli məhsullara marqarin yağının işlədilməsidir. Şirniyyat sektorunda kremli məhsullara marqarin yağının qatılması qadağan olunduğu halda, tortların hazırlanması prosesində kərə yağından istifadə edilmir. Eyni zamanda bu gün şəbəkə tortların bişirilməsində yaşıl çay, zəncəfil, karamel, kakao yağı kimi təbii məhsullardan istifadə edildiyini iddia edir. Əslində tortların qiymətləri onların nə dərəcədə təbii məhsullardan hazırlandığını təyin etməyə imkan verir. Çünki təbii inqrediyentlərdən istifadə məmulatın azı 20% bahalaşmasına gətirib çıxarır. "Çudo Peçka" nın tortlarında isə hər hansı qiymət dəyişikliyi baş vermir. Əksinə, digər şirniyyat şəbəkələrinin tortları ilə müqayisədə qiymətlər ucuzdur. Daha bir məqam: tərkibində şirinlik olan qida məhsulları həm konservantdır, həm də qıcqırma proseslərini aktivləşdirir. Nəticə zəhərlənməyə qədər gedib çıxır. Məsələyə bu prizmadan yanaşsaq, deməli, "Çudo Peçka" istehlakçılara keyfiyyətsiz məhsul satmaqla yanaşı həmdə onlar zəhərləyir. Həm pulun gedir, həm canın. Şəbəkənin istehlakçılara təqdim etdiyi digər şirniyyat məhsullarının, fast-foodların hazırlanma, yararlılıq müddəti ilə bağlı keyfiyyətləri də standarlara cavab vermir. Məsələn, bulkalara 20-30 köpürdücü vurulur, nəticədə rezin kimi şişir. Həmçinin, 1 gündən artıq qalan peraşkilərin yenidən emal edilərək xəmirə qatılmasına dair məlumatlar mövcuddur. Hansı ki, bu ənənə şirniyyat sektorunda geniş yayılıb. Bir sözlə, bu gün "Çudo Peçka"da baş verənlərin aidiyyəti qurumlar tərəfindən araşdırılaraq, edilən qanunsuzluqlara son qoyulması olduqca vacibdir. \\ GünBakı \\