Beyləqanda təhsil can üstdədir... - PROBLEM
13-04-2015, 15:12
Beyləqan təhsilində saxtakarlıq və özbaşınalıq kütləviləşir.
Tia.az-ın ələ etdiyi məlumata görə, rayon təhsilini Tofiq Sadıqov uçuruma sürükləyib. Rayon təhsil şöbəsinin müdiri olan T.Sadıqov məktəblərdən Gül bayramına görə pul yığdırır. Təhsil səviyyəsinin günbəgün aşağı düşdüyü bu rayonda şöbə müdirinin başı pula qarışıb.
Beyləqan Rayon Təhsil Şöbəsində hər ay böyük məbləğdə pullar qazanılır. Əgər aidiyyəti qurumlar burada ciddi araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gələ bilər. Təkcə rayonun orta məktəblərindəki “attestat məsələsi” ilə bağlı yoxlamalar aparmaqla çox şeyi müəyyənləşdirmək olar. Məsələn, şagirdlərin bir qisminin attestat ala bilməmələrinin səbəbini araşdırdıqda bəlli olacaq ki, buna səbəb həmin şagirdlərin valideynlərinin məktəb direktorlarının onlardan tələb etdikləri məbləği verə bilməməsidir.
Müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Tofiq Sadıqov həmin saatları məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir. Məlumdur ki, məktəblərdə fakültativ məşğələlər, sinifdən xaric dərslər əksər yerlərdə keçirilmir.
Həmin dərsləri də direktorlar müəllimlərin arasında razılıq əsasında bölür. Təbii ki, həmin puldan rayon təhsil şöbəsinin müdirinə də çatır. Tofiq Sadıqov şəhər 1 saylı orta məktəbdə direktor vəzifəsində çalışarkən də ciddi nöqsanlara yol verib.
Beyləqan rayonunda hərbi hazırlıq müəllimi kimi işləyən Sadıqovun, respublikamızın müstəqillik qazandığı ilk illərdə, müharibənin fəsadları nəticəsində ölkədə yaranan xaos dövründə ortaya “tarix ixtisası” ilə çıxması və həmin vaxt yerli hakimiyyətdə olan yaxınları vasitəsilə məktəb direktoru təyin olunması bütün rayonun təəccübünə səbəb olub.