Ağacları dövlət əkir, sahibkar kəsir... - Şirvanda
14-04-2015, 10:31
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin rüblük və illik iclaslarında, eyni zamanda ekoloji problemlərə həsr olunmuş müşavirədə ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlər, qarşıda duran konkret vəzifələr barədə ətraflı məlumat verərək bir vacib amili önə çəkir ki, hazırda ölkədə həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin sağlamlığının qorunmasından ibarətdir. Dövlət səviyyəsində yaşıllaşdırma istiqamətində davamlı addımlar atılmaqdadır. Lakin, bu proses bəzi bölgələrdə istənilən səviyyədə həyata keçirilmir. Bəzi iş adamları və vəzifəli şəxslər ölkə rəhbərliyinin yaşıllıqların məhv edilməməsi ilə bağlı etdiyi xəbərdarlığa məhəl qoymayaraq, ağacları kəsir. Dünən redaksiyamızla əlaqə saxlayan və adının gizli qalmasını xahiş edən Şirvan şəhərinin sakinlərindən biri Elxan adlı iş adamının yaşıllıqları məhv edərək, yerində obyekt tikdirdiyini bildirdi: "Rayonumuzun son illərdəki inkişafı göz qabağındadır. Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vətəndaşların sosial durumunun yaxşılaşdırılması istiqamətində müsbət işlər görülür. Buna baxmayaraq, sahibkarlıqla məşğul olan bəzi şəxslər qanun pozuntularına yol verirlər. Elxan adlı biznesmen də qeyri-qanuni əməllər törədir. O, bir müddət əvvəl Çılpaqlı yolunun üstündə obyekt tikdirib. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin obyektin yerində əvvəllər çoxlu ağac var idi. Mən bu ağacların kəsiləcəyini hiss etmişdim. Buna görə də obyekt tikilib başa çatanda şəkillərini çəkdim. Aradan bir neçə ay keçəndən sonra obyektin qarşısındakı ağaclar da kəsildi. Bundan başqa, Elxan adlı iş adamına məxsus obyektin qabağından qaz xətti keçirdi. Sahibkar yerli qaz istismar sahəsinin rəhbərliyi ilə danışığa girdi və müəyyən maraqların təmin olunması müqabilində qaz xəttini yerin altı ilə apartdırdı". Narazı Şirvan sakini deyir ki, ağacların məhv edilməsini susqunluqla qarşılaya bilmirlər: "Yaşıllıq sahələri bizim sağlamlığımıza xidmət edir. Elxan müəllim isə şəxsi maraqları naminə ağacları qırır. Ölkə başçısı dəfələrlə yaşıllıqları məhv edən iş adamları və məmurlara xəbərdarlıq edib. "Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra orda binalar-fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olub. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu yığışdırsınlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə bilər, əgər hansısa infrastruktur layihəsi icra olunur, yol genişlənir. Yaxud, hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün bu lazımdırsa, o zaman ağaclar çıxarıla bilər", deyə cənab Prezident bildirib. Bəs niyə iş adamı yenə də öz bildiyini edir? Sizə təqdim etdiyim şəkillərdə hər şey aydın şəkildə görünür. Obyektin əvvəlki və indiki vaxtını çəkmişəm. Qəzet vasitəsilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və ekologiya naziri Hüseynqulu Bağırovdan xahiş edirəm ki, məsələ ilə maraqlansınlar. Bu adamın qanunsuz əməllərinə son qoyulmasa, yenə də yaşıllıqları məhv edəcək". Vətəndaşın şikayətini araşdırmaq məqsədilə Elxan adlı iş adamı ilə əlaqə saxladıq. Onun cavabı isə belə oldu: "Gedin nə bilirsiniz yazın. Mən heç kimdən çəkinmirəm". Elxan müəllimə demək istəyirik ki, qarşı tərəfin mövqeyini öyrənmək bizim peşə borcumuzdur. Amma o, haqqında deyilənlərə münasibət bildirməkdən imtina edirsə, öz işidir. Yəqin ki, Şirvan şəhərinin rəhbərliyi və digər aidiyyəti qurumların yetkili şəxsləri yazdığımız məsələ ilə bağlı tezliklə ölçü götürəcəklər.