Ağrıya baxan “erməni” gözü, yaxud Kələntərov necə Lavrov oldu?
24-08-2017, 11:08
2011-ci ilin iyul ayında Ermənistan prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı adlı yarışmada şagirdlərdən birinin ona ünvanladığı "Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?" sualına belə cavab vermişdi: "Qarabağı biz aldıq, Ağrı dağını sizin ixtiyarınıza buraxırıq".
Sarkisyan bununla da erməni gəncliyinə Ağrı dağını Ermənistan ərazisinə qatmağın vacib olduğunu bildirdi, eyni zamanda Ermənistanın Türkiyəyə qarşı ərazi iddilarını yenidən gündəmə gətirmiş oldu. Ağrı dağı ilə bağlı iddia Ermənistanın konstitusiyasında da açıq şəkildə qeyd olunub. Ölkə konstitusiyasının 13-cü maddəsində ermənilərin "Ararat" dedikləri Ağrı dağının təsviri öz əksini tapıb.
Ermənilər ilk dəfə Ağrı dağının simvolundan 1918-ci ildə yaradılan erməni-daşnak hökumətinin gerb və bayrağında istifadə ediblər.
Təəccüblənməyə dəyməz. İyrənc və həyasız iddiaları səsləndirməkdən heç bir zaman usanmayan ermənilərin prezidentindən bu fikirləri eşitməkdən daha təbii bir şey yoxdur.
Amma hər addımda beynəlxalq hüquqa hörmət göstərdiyini iddia edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov aşağıdakıların heç birini etməməli idi:
- Rusiyanın xarici siyasət idarəsinin başçısı 2016-cı ilin aprelində Ermənistana səfəri zamanı Türkiyə sərhədinə gələrək Sarkisyanın bəhz etdiyi Ağrı dağının fotosunu çəkdi. Sanki, bu addımı atmaqla Lavrov Ağrı dağı prizmasından çıxış edərək, özünü obrazlı desək, "siyasi alpinist" kimi göstərməyə çalışdı.
Burada xüsusi məqsəd var idi. Lavrovun rəsmi səfərlərində şəxsi telefonu ilə şəkil çəkməsi harada görünmüşdü? Yaxud da Lavrovun çəkdiyi fotolar Rusiya XİN-in sözçüsü Mariya Zaxarova tərəfindən nə zaman paylaşılmışdı?
Ermənilərin Türkiyəyə qarşı ərazi iddiasını dəstəkləməklə kifayətlənməyən Lavrov, üstəlik, Türkiyəni Qarabağ münaqişəsinin həllində konstruktiv davranmamaqda ittiham etdi. Çünki...
- 2017-ci il yanvarında Lavrovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər günlərlə mətbuatın gündəmini zəbt etdi. Azərbaycan jurnalistlərinin Sergey Lavrova xitabən verdiyi "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq" sualına Rusiyanın xarici işlər naziri belə cavab verdi:
"Bu artıq abstrakt məsələ deyil və Dağlıq Qarabağ münaqişəsi üzrə müstəsna olaraq Azərbaycanın daxili işi də deyil".
Nazir xatırladıb ki, münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar toplusu var ki, bunlar atəşin dayandırılmasına yönəldilib.
"Arxivlərə müraciət etsək, görərik ki, bu atəşkəs tələblərinə kim tərəfindən riayət olunub, kim tərəfindən riayət olunmayıb", - Lavrov bildirib.
Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ölkənin nazirinin bu cavabında erməni izi aydın görünürdü. Hamıya məlumdur ki, Lavrovun bəhs etdiyi həmin qərarlar toplusunda məhz Ermənistan ordusunun işğal olunmuş ərazilərindən çıxarılması tələbi yer alıb. O, bunu mətbuat konfransında deyə bilməzdi. Çünki...
- 2017-ci il aprelin 17-də Lavrov Moskvada Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyinə qatıldı. Halbuki eyni günlərdə Azərbaycan diasporunun ən güclü təşkilatlarından olan Ümumrusiya Azərbaycan Konqresinə Rusiyada hücumlar var idi və ləğv olunması haqqında Rusiya Ədliyyə Nazirliyi vəsatət qaldırmışdı. Nəhayət, mayın 15-də Rusiya Ali məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunması haqqında Ədliyyə Nazirliyinin qaldırdığı vəsatəti təmin etdi. Erməni diaspora təşkilatının rəhbərinin ad günündə sağlıq deyən Lavrov təbii ki, Azərbaycanın Ümumrusiya Azərbaycan Konqresinə dəstək verməzdi. Çünki...
Şübhəsiz ki, bütün bu “çünki”lərin arxasında Sergey Lavrovun erməni mənşəyi dayanır.
Sergey Lavrovun erməni Tiflis kökləri
Yəqin ki, Gürcüstanda çoxları Rusiya xarici işlər nazirinin Tbilisidə doğulduğundan və onun əsl soyadının Lavrov olmadığından xəbərsizdirlər. Onun indiyə qədər rəsmi şəkildə dərc edilmiş heç bir bioqrafiyasında Rusiya xarici işlər naziri Sergey Lavrovun harada doğulduğu yazılmır, yalnız doğum tarixi – 1950-ci il qeyd olunur. Lavrovun istər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında, istər onun bitirdiyi Moskva Beynəlxalq Əlaqələr İnstitutundakı tərcümeyi-halında bu barədə danışılmır. Nə qədər gizlədilməyə cəhd edilsə də, Sergey Viktoroviç Lavrovun erməni mənşəyinin olması danılmazdır.
Sergey Lavrov 1950-ci il martın 21-də anadan olub. Bir çox informasiya saytları onun Moskvada anadan olduğunu iddia etsə də, əslində o, Tiflis şəhərində anadan olub. Bununla bağlı gürcü mətbuatının apardığı obyektiv araşdırmalar da həmin faktı ortaya qoyub. Belə ki, Sergey Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.
Kələntərovlar uzun illər boyu Tiflisdə yaşayıblar və Rusiya İmperiyası dövründə varlı ailə hesab olunublar. Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İnqilabdan sonra ailənin mülkü müsadirə olunsa da, Kələntərovlar heç zaman ehtiyac içində yaşamayıblar. Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.
Kələntərov necə Lavrov oldu?
Gələk əsas məsələyə - Sergey Kələntərovun Sergey Lavrova çevrilməsinə. Məsələ ondadır ki, Sergey Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurur. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edir.
Onlar tezliklə Moskvaya vilayətinə köçürlər. Vilayətin Noginsk şəhərində ingilis dili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. İnstitutun Şərqşünaslıq fakültəsində Şri-Lankadakı azsaylı Sinqal xalqının dilini öyrənib. Lavrov bundan başqa, ingilis və fransız dillərində də öz biliklərini zənginləşdirir.
Maraqlıdır ki, nazir postuna gedən yolda öz nüfuzuna arxalanan Lavrov erməni mənşəyi ilə bağlı sübutları məxfiləşdirir. Buna rəğmən nazir postunda onun erməni təəssübkeşliyi, rəsmi Yerevanın Gömrük və Avrasiya İqtisadi birliklərinə üzvolma prosesini sürətləndirmək üçün göstərdiyi fəaliyyət diqqətdədir. Antik dövrdə deyildiyi kimi, istənilən sirr əvvəl-axır aşkar olur. Bu mənada Sergey Lavrovun 2005-ci ilin 17 fevralında Ermənistan rəsmi səfəri diqqət çəkir. Ermənistan prezidenti Robert Köçəryan və xarici işlər naziri Vardan Oskanyanla görüş keçirdikdən sonra o, Valeri Bryusov adına Yerevan Slavyan Universitetində tələbələrin suallarını cavablandırır. Tələbə qızın “erməni mənşəyiniz işinizə mane olmur ki” sualına Sergey Lavrov soyuqqanlılıqla belə cavab verir:
“Əslində, mənim mənşəyim Tiflisdəndir, atam tiflislidir. Amma qanım doğurdan da erməni qanıdır. Yox, bu mənə işimdə mane olmur”.
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın heç zaman ədalətli davranmadığının və müxtəlif üsullarla erməni işğalına bəraət qazandırmasının hər zaman şahidi olmuşuq. Bir tərəfdən də, Lavrovun yuxarıda adı çəkilən addımları bu baxımdan başadüşüləndir. Amma əminliklə demək olar ki, Sergey Lavrovun erməni kökləri Moskvanın ermənipərəst siyasətinə əlavə rəng qatır.publika.az