Hakimiyyətdən yenilik: Bir neçə rayonun rəhbəri dəyişdirilir - İcra başçılarının ələmə dalğası start götürür
14-04-2015, 11:58
Çoxdan bəridir anonsu edilən bəzi rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsi prosesi yaxın günlərdə start götürə bilər. Bu barədə DİA.AZ-a hökumətdəki bilgili qaynaq informasiya ötürüb. Xəbəri verən mənbənin sözlərindən belə aydın olur ki, rəsmi Bakı Avropa oyunları ərəfəsində ilkin olaraq paytaxt rayonlarının bəzilərilə bağlı qərar verəcək.
Mənbənin dia.az-a söylədikləri: «Əslində, bütün dəyişikliklərdə prioritet məqsəd qarşıdan gələn parlament seçkilərinə tədarükə hesablanıb. Amma paytaxt rayonlardan bəzilərinin başçılarının yola salınması sırf olaraq Avropa oyunları səbəbindən erkən baş tuta bilər».
Bilgili qaynağın iddialarına görə, konkret olaraq Bakının Sabunçu, Nəsimi, Yasamal və Xəzər rayon icra başçılarının dəyişdirilməsi nəzərdə tutulub: «Bunun ardından sonra sıra əyalət rayonlarına çatacaq. Hətta Naxçıvanda da anoloji olaraq iki rayonun başçısının dəyişdirilməsi gözlənilir və bununla əlaqədar Vasif Talıbova müvafiq təlimatlar verilib».
Mənbə bildirir ki, əyalət rayonlarından isə Ağsu, Siyəzən, Astara, Gədəbəy və Daşkəsənin icra başçıları ilk sırada dayanır.