Ədliyyə Nazirliyi bankir oğlu ilə bacaracaqmı..? - ŞOK səs yazısı yayıldı...
14-04-2015, 16:07
9 apreldə qafqaznews.org saytında “ Bankir oğlu ilə nazir müavinin oğlu “həyatda öz yerlərini tapdılar”” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə AzVision.az-da dərc olunan yazıya əsaslanmışdı.
“BOA” kollektor agentliyinin direktoru Samir Mustafayev AzVision.az-a açıqlamasında agentliyin iki təsisçisinin olduğunu qeyd etdi. Və bildirdi ki, təsisçilər agentliklə bağlı heç bir açıqlama verilməsini istəmirlər:
“Təsisçi İlkin Qəribli agenliklə bağlı yazının dərc olunmasını istəmir. İlkin müəllim xaricdədir. O, Azərbaycan dilində başa düşmür. İlkin müəllim balaca olan vaxtdan xaricdə yaşayır. Orada təhsil alıb. Ona görə Azərbaycan dilini bilmir, rus və ingilis dillərini bilir. Digər təsisçi isə Rüstəm Hacıyevdir. Əgər biri açıqlama vermisə, o biri də verməyəcək”.
Qeyd edək ki, İlkin Qəribli “Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. O, bir neçə ay öncə poker yarışında 1 milyon dollar qazanması ilə gündəmə gəlmişdi.
BOA agentliyinin həmtəsisçisi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur.
Xatırlatma üçün bildirək ki, 14 mart tarixdə Qafqaz Xəbər Agentliyində (qafqaznews.org ) “Ədliyyə Nazirliyi “Baku Collekting Agency” şirkətinin fəaliyyətini araşdırır” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə hüquqşünas Samir İsmayılovun qafqaznews.org saytına müraciəti əsasında hazırlanmışdı. S.İsmayılov bildirirdi ki: “ Mənim hələki adını çəkmək istəmədiyim müştərimə “Baku Collekting Agency”-nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “UNIBANK”-a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”. Samir İsmayılovun bizə müraciətindən sonra biz “Baku Collekting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq hansı əsasla “UNIBANK”-a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq.
Ədliyyə nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “ Bu Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collekting Agency”nə borclarla bağlı belə bir tapşırıq verməmişik”.
Məqalə dərc olunandan sonra biz yenidən Aydın Ağazadə ilə əlaqə saxlayaraq soruşduq ki, Ədliyyə Nazirliyi qurumun adından öz məqsədləri üçün istifadə edən şirkətə qarşı hansısa tədbirlər görürmü? Aydın Ağazadə qafqaznews.org-a bildirdi ki: “ Mən Ədliyyə Nazirliyinin rəhbərliyinə çatdırdım ki, “Baku Collekting Agency” şirkəti öz çirkin məqsədləri üçün nazirliyin adından istifadə edir”. Aydın Ağazadənin sözlərinə görə, nazirlik mütləq “Baku Collekting Agency” şirkətinin fəaliyyətini araşdıracaq və bu məsələ ilə bağlı cənab nazir Fikrət Məmmədov da məlumatlıdır.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) isə Ədliyyə Nazirliyinin mütləq aparmalı olduğu araşdlrmanın nəticəsini səbirsizliklə gözləyir.