Göygöldə büdcə vəsaitləri necə talan edilir - İTTİHAM VAR

15-04-2015, 12:26           
Göygöldə büdcə vəsaitləri necə talan edilir - İTTİHAM VAR
Mədəniyyət və Turizm Nazirliyinin Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın adı indiyə kimi bir sıra qalmaqallı məsələlərdə çəkilib. Keçmiş işçilərindən biri ötən il onun haqqında çox ciddi tənqidlər səsləndirmiş, hətta şöbə müdirini korrupsiyada ittiham etmişdi.

Amma buna baxmayaraq, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev şöbə müdirini cəzalandırmadı. Bu bir yana qalsın, nazirliyin və digər səlahiyyətli qurumların rəsmiləri Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində yoxlama belə aparmadılar. Elə buna görədir ki, şöbənin rəhbəri, o cümlədən burda çalışan bir sıra vəzifəli şəxslər ciddi nöqsanlara, neqativ hallara, eləcə də ayrı-ayrı məsələlərlə bağlı qanun pozuntularına yol verirlər. Bu isə öz növbəsində ümumilikdə rayonun mədəniyyət və turizm mərkəzlərinin, həmçinin tarixi memarlıq abidələrinin vəziyyətini bir qədər də ağırlaşdırır. Məlumat üçün bildirmək istəyirik ki, hazırda Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 15 mədəniyyət evi, 15 klub, 48 kitabxana, 400 nəfər şagirdi olan Göygöl şəhər, 50 nəfər şagirdi olan Xəqani kənd 7 illik uşaq musiqi məktəbi fəaliyyətdədir. Bundan başqa, rayonda 1 regional informasiya mərkəzi, 3 mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir. Şöbədə dözülməz vəziyyətin hökm sürdüyünü bildirən məlumatlı şəxsin iddiasına görə, Şərqiyyə Hümbətovanın rəhbərlik etdiyi sahədə bir sıra özbaşınalıqlarla yanaşı, mənimsəmə hallarına da rast gəlinir: "Şərqiyyə xanım özünə yaxın olan adamları müxtəlif vəzifələrə təyin edib. Həmin şəxslər isə rayon mədəniyyət və turizm şöbəsində çalışanlara aman vermirlər. Belə ki, şöbə müdirinin yaxın adamları faktiki olaraq idarədə çalışanları bezdirib, müxtəlif yollarla onları sıxma-boğmaya salırlar. Müdirin özü də az qala hər kəslə həddindən artıq kobud davranır. İş o həddə çatıb ki, artıq işçilərdən heç kim ürək edib şöbə müdirinin otağına girə bilmir. Ona görə də problemlərini şöbə müdirinə yaxın olan adamlar vasitəsilə həll edirlər. Rayon camaatına yaxşı bəllidir ki, mədəniyyət və turizm şöbəsinin tabeliyindəki müəssisələrdə işə qəbul maraqların təmin olunması prinsipilə həyata keçirilir. Şərqiyyə Hümbətovanın qoyduğu "qaydalara" əməl etmədən heç kim onun rəhbərlik etdiyi sahədə işlə təmin oluna bilməz. Bu gün rayonun əksər kəndlərindəki klublar, mədəniyyət evləri normal fəaliyyət göstərmədiklərindən baxımsızlıq ucbatından tamam məhv olmaq təhlükəsilə üz-üzə qalıb. Lakin nədənsə rayon rəhbərliyi mədəniyyət və turizm şöbəsində baş verən əyintilərə, bu sahədə mövcud olan problemlərə biganə yanaşır". Rayonda turizmin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənmədiyini deyən mənbənin sözlərinə görə, şöbədə ciddi kadr islahatlarına ehtiyac var: "Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları bir neçə dəfə şöbədə yoxlamalar aparıblar. Amma bu yoxlamaların hər biri formal xarakter daşıyıb. Əslində, şöbədə çox ciddi qanunsuzluqlar, maliyyə yeyintiləri mövcuddur. Şərqiyyə xanım isə şöbənin fəaliyyətini yoxlamağa gələn şəxsləri razı yola saldığından onun gördüyü qeyri-qanuni işlər nazir Əbülfəs Qarayevə çatmır. Şöbədə kadr islahatları aparmaq, müdir də daxil olmaqla bəzi vəzifəli şəxsləri işdən kənarlaşdırmaq lazımdır". Araşdırmalar göstərir ki, quruma alınan inventar və avadanlıqlar, dəftərxana ləvazimatları, şöbə üçün görülməli olan işlərin dəyəri, təmir-tikinti işləri üçün ayrılan vəsait dəfələrlə artıq qiymətə sənədləşdirilib: "Kompüter dəsti "Casper" satış qiyməti 400-500 manat olduğu halda 1380, kompüter dəsti "LG" satış qiyməti 400-500 manat olduğu halda 1320, dinakort satış qiyməti 1800-2000 manat olduğu halda 4066, stul satış qiyməti 25-30 manat olduğu halda 56, şkaf satış qiyməti 150-180 manat olduğu halda 400-450 manata rəsmiləşdirilib. Alınan inventar və avadanlıqların onlarla, yüzlərlə olduğunu nəzərə alsaq mənimsənilmiş vəsaitin nə qədər tutduğunu yəqin etmək olar. Bütün alqı-satqı əməliyyatları pul ələ dəymədən həyata keçirilməli olduğu halda, Şərqiyyə Hümbətova Gəncə şəhərindən həmin məhsulları nağd pulla alıb. O bu əməliyyatları "Ədirəf" və "Zaur" MMC-lərin vasitəsilə həyata keçirir. Şöbə müdiri hər ay 8-10 nəfər mədəniyyət işçisini guya Bakı şəhərinə göndərir və onlar üçün ezamiyyət vərəqləri yazılır. Halbuki, onlardan heç biri Göygöl rayonunu tərk etmir, hər birinə üç günlük ezamiyyət pulu yazılır və daha sonra həmin pullar yığılır. Şərqiyyə Hümbətova oğlu Ceyhun Hümbətovu rayonun Gənclər və İdman İdarəsində məsləhətçi vəzifəsinə təyin etdirib. O, tarix fakültəsini bitirib. Ceyhun şöbə müdirinin oğlu olduğu üçün heç bir imtahan vermədən həmin vəzifəni tutub. Bütün bu hallara icra hakimiyyəti susur. "Ədirəf" MMC isə Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyevaya məxsusdur. Şöbə bu MMC ilə daim alqı-satqı müqavilələri imzalayır. Həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəsaiti israf edilir. "Dövlət qulluğu haqqında" Qanuna görə, dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz. Buna baxmayaraq, Fəridə xanım sahibkarlıq fəaliyyəti ilə məşğuldur". Deyilənə görə, Göygöldə tarixi binaların təmiri zamanı külli miqdarda vəsait mənimsənilib. Bu haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.