Qobustan həbsxanasında nə baş verir?
9-02-2014, 09:47
200-ə qədər məhkumun işgəncəyə görə ağzını tikdiyi deyilir; Penitensiar Xidmət təkzib edir
“Qobustan həbsxanasında 200-ə yaxın məhbus ağzını tikərək etiraz aksiyası keçirir. Onlar yeni rəis Fikrət Qafarovun məhbuslarla sərt davranmasına etiraz edirlər”.
Bunu “Azadlıq”a Qobustandakı qapalı həbsxanada saxlanılan məhkumlardan birinin yaxını olan Ibrahim Məmmədov deyib. Onun sözlərinə görə, məhbuslar yaxınlarıyla da görüşmürlər: “Sentyabrın 1-də 100-ə yaxın məhbus ağzını tikərək aksiya keçirib. Sentyabrın 2-də isə onların sayı 200-ə çatıb. Buna səbəb isə həbsxanaya yeni təyin olunan rəis Fikrət Qafarovun məhbusları incitməsi, onlara işgəncə verdirməsidir. Buna etiraz olaraq, məhbuslar aclıq aksiyası keçirirlər, yeməkdən imtina edirlər. Yaxınlarıyla da görüşmürlər”.
Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar Isakov isə “Azadlıq”a açıqlamasında məlumatı təkzib edib: “Aclıq aksiyası keçirilməyib. Ümumiyyətlə, belə bir hadisə baş veriməyib”.
Bugünlərdə mediada yayılan başqa bir məlumata görə, Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb. Həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə doğrayaraq, intihara cəhd göstəriblər. Bu məlumat yayılanda da Penitensiar Xidmət təkzib edərək, onlara belə bir məlumat daxil olmadığını bəyan etmişdi.
Tumar Həsənov