Səhiyyə naziri Hesablama Palatasının hesabatından sonra niyə aktivləşdi?

16-04-2015, 11:09           
Səhiyyə naziri Hesablama Palatasının hesabatından sonra niyə aktivləşdi?
Azərbaycanda bir neçə özəl tibb müəssəsi cəzalandırılıb. Səhiyyə Nazirliyindən (SN) verilən məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2015-ci ilin I rübü ərzində öz nəzarətini gücləndirməkdə davam edib.

Həmin dövrdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilmiş və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Aparılmış yoxlamalar nəticəsində 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətinin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkar olunub. Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək dayandırılıb. 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib.
Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində göstərilənlərdən kənar işlər həyata keçirdiyinə görə 10 özəl tibb müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü kimi cərimə tətbiq edilib (ümumilikdə 155 000 manat məbləğində).
Nazirlik vətəndaşlara xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağı da tövsiyə edib.
Dünən həmçinin məlum olub ki, SN (SN) doğum evlərində anestezioloji-reanimatoloji xidmətin təşkili vəziyyətini yoxlayacaq. Bunu nazirliyin baş anestezioloq-reanimatoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib.
Doğum evlərinin həmişə SN-nin nəzarətində olduğunu deyən baş mütəxəssisin sözlərinə görə, müəssisələrdə anestezioloji-reanimatoloji xidmətin təşkili ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət olunma vəziyyətinin öyrənilməsi üçün daim yoxlamalar aparılır: "İndi də doğum evlərini öyrənəcəyik. Biz anestezioloqun super mütəxəssis olmasını yoxlamırıq. Yoxlama aparanda birinci növbədə texniki təminatla bağlı vəziyyəti öyrənirik. Anestezioloji ştat məsələsi normadadırmı, gündəlik idarəetmə və s. vəziyyət necədir?"
Maraqlıdır ki, Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin özəl klinikalardan tutmuş doğum evlərinədək bir çox istiqamət üzrə yoxlamalara start verməsi Hesablama Palatasının 2015-ci il üçün hazırladığı hesabatın açıqlanmasından az sonraya təsadüf edir. Məsələ burasındadır ki, Hesablama Palatasının hesabatında Səhiyyə Nazirliyininin fəaliyyətində aşkar olunan ciddi nöqsanlardan da bəhs olunub. Hesabatda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ayrılan vəsaitlərin və icrasının auditi, Sumqayıt, Bərdə, Qazax və Zaqatala səhiyyəsində yoxlamalar zamanı ortaya ciddi korrupsiya faktları çıxıb. Xatırladaq ki, Hesablama Palatasının bundan əvvəlki hesabatında da Səhiyyə Nazirliyinin fəaliyyəti ilə bağlı ciddi nöqsanlar əks olunmuşdu. Sənəddə hətta qeyd edilirdi ki, audit nəticəsi psixi xəstələrin belə pulunun yeyildiyi üzə çıxıb.
Ekspertlər istisna etmirlər ki, məhz Hesablama Palatasının hesabatında özünə yer alan qanunsuzluq faktları səhiyyə naziri Oqtay Şirəliyevi hərəkətə keçirib. O, özünə və rəhbərlik etdiyi quruma qarşı ictimai qınaqları və KİV-in tənqidlərini azaltmaq üçün genişmiqyaslı yoxlamalara start verib.
Əks halda hökumətdəki kadr və struktur islahatlarının ona və ümumilikdə SN-ə də çatacağından narahat olan Şirəliyevin xüsusilə rəhbəri olduğu nazirliyin ləğv edilməsi və səlahiyyətlərinin digər aidiyyatı qurumlar arasında bölüşdürülməsindən də əndişələndiyi vurğulanır. Buna görə də SN-nin öz mövqelərini gücləndirmək və təsir imkanlarını nümayiş etdirmək ehtiyacı yaranıb.
Qeyd edək ki, bəzi ekspertlər Hesablama Palatasının son hesabatında ciddi qanunsuzluqların, maxinasiyaların aşkarlandığı qurumların rəhbərliklərinin dəyiişdiriləcəyinə dair iddialar səsləndirilir. Bildirilir ki, belə cəzalandırma ya Bakıda keçiriləcək I Avropa Oyunlarından sonra, payıza doğru yəni parlament seçkilərinədək, ya da parlament seçkilərindən sonra başlayaraq ilin axırınadək həyata keçirilə bilər.
Bu iddialar isə Palatanın hesabatında adları keçən bir çox qurumların rəhbərlərində indidən ciddi təşvişə yol açıb. Həmin iddiaların gerçəkləşib-gerçəkləşməyəcəyini isə zaman göstərəcək. Odur ki, gözləyək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.