Rus çavuş Cavad xanın meyitini... - Heyrətləndirən olay

2-04-2018, 09:50           

Rus tarixçilərinin bildirdiklərinə görə, Cavad xan Gəncə qalasının bürcündə şəhid edilmişdi və qalib rus zabitləri onun meyitini görməyə tələsirmişlər.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi Nağı bəy Şeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” kitabında yazıb. O, Gəncə əhalisinin 19-cu əsrin əvvəllərində rus ordusuna qarşı göstərdiyi qəhrəmanlıq nümunələrindən birini açıqlayıb:

“Bu zaman qalanın bürcündə belə bir hadisə olub: bir tərəfdə Cavad xan və oğlu Hüseyn xanın meyiti, o biri tərəfdə isə silahları əllərindən alınmış türk döyüşçüləri. Bu döyüşçülərdən biri xanına və xanzadəsinə son ehtiram vəziyyətində durmaqdadır. Bu zaman zabitlərlə qala bürcünə çıxan bir rus çavuşu Cavad xanın meyitinə küfr edir və cəsədə bir qılınc zərbəsi vurur. Ehtiram vəziyyətində olan döyüşçü silahsız vəziyyətdə olduğunu bir anlıq unudaraq, cəld əlləri ilə rus çavuşunun xirtdəyindən yapışır. Mübarizənin sonunda ikisi də cansız halda yerə sərilir. Rus çavuşu döyüşçünün dəmir barmaqlarının gücündən, azərbaycanlı döyüşçü isə boğarkən digər rus döyüşçüsünün vurduğu qılınc zərbəsindən həlak olur. Bu hadisəni rus tarixçisi “Qafqaz təqvimi” adlı məcmuədə “Qəhrəman çavuşumuzu Cavad xanın cani döyüşçüsü boğaraq öldürdü” deyə təsvir edir”.

Qeyd edək ki, 1804-cü il yanvarın 3-də Rusiya imperiyasının əsgərləri Gəncə xanlığının paytaxtı Gəncə şəhərini işğal ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.