“Dəmirbank” çökür - 6 milyon zərər

17-04-2015, 13:14           
“Dəmirbank” çökür - 6 milyon zərər
“DəmirBank” ASC 2015-ci ilin ilk 2 ayını 5 milyon 918.85 min manat zərərlə başa vurub. Dia.az xəbər verir ki, bu barədə “Marja” saytı məlumat yayıb.

Sayt bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında “DəmirBank”ın faiz gəlirləri 12 milyon 165 min manat olub. Bank qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manat zərər edib. Beləliklə, bankın cəmi gəlirləri 7 milyon 358 min manat təşkil edib.

Devalvasiyada 6,2 milyon manat itirib

“DəmirBank”ın qeyri-faiz əməliyyatları üzrə gəlir əldə etməməsinin səbəbi, məzənnə dəyişməsi (devalvasiya) nəticəsində 6 milyon 164 min manat zərər etməsidir. Bank, bir sıra qeyri-faiz əməliyyatları üzrə 1 milyon 357 min manat gəlir əldə etsə də, məzənnə dəyişməsi nəticəsində yaranmış 6 milyon 164 min manatlıq zərər qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manatlıq zərərin yaranması ilə nəticələnib.

Xərcləri gəlirlərindən çox olub

Cari ilin yanvar-fevral ayları ərzində “DəmirBank”ın cəmi xərcləri 9 milyon 152 min manat olub ki, bu da cəmi gəlirlərindən 20%-ə yaxın və ya 1 milyon 794 manat çoxdur.

“DəmirBank” 1 milyon 794 min manatlıq əməliyyat zərərindən başqa, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 834 min manat ayırma nəzərdə tutduğundan, bankın vergilər ödənilənədək xalis zərəri 5 milyon 807 min manata çıxıb. 111.7 min manat mənfəət vergisi daxil, bankın xalis zərəri 5 milyon 918 min manat olub.

Qeyd edək ki, Bank bu ilin yanvarında 338.17 min manat xalis mənfəət əldə etmişdi. Zərər, 21 fevralda baş vermiş devalvasiyadan sonra yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru