Mingəçevir SES-i hədələyən ermənilərə Bakıdan Metsamor AES xatırlatması

25-07-2018, 08:23           
Mingəçevir SES-i hədələyən ermənilərə Bakıdan Metsamor AES xatırlatması
İşğalçılar Azərbaycana zərbə endirəcəkləti ilə təhdid etdilər, Müdafiə Nazirliyinin sərt reaksiyası özünü çox gözlətmədi; İlham İsmayıl: “Adama deyərlər ki, Sərsəng əlindədir də, elə, görüm, nə edirsən?..”
İşğalçı Ermənistan və onun Qarabağda kök salmış terrorçu-separatçı tulaları vaxtaşırı Azərbaycanı təhdid edən bəyanatlar səsləndirirlər. Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma “DQR müdafiə naziri” də Azərbaycanı müharibə və “Mingəçevirin vurulması” ilə hədələyib.

Virtualaz.org xəbər verir ki, Levon Mnatsakanyan iyulun 24-də Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən “təəccüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirdə “Azərbaycanın iqtisadiyyatını iflic etmək” planlarından bəhs edib.

Mnatsakanyan bildirib ki, “əgər zərurət yaranarsa” Dağlıq Qarabağ “müdafiə ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib. Separatçı əlavə edib ki, hər şey belə zərurətin yaranmasından asılıdır, hansı ki, sözügedən zərurət hələ yoxdur. Qondarma “nazir” lovğalığı davam etdirərək deyib ki, Azərbaycanın “LORA”, “Polonez”, “Dana” kimi yeni raket-artilleriya sistemləri nümayiş etdirməsi onları qorxutmur. Çünki ermənilərin əlində də “oxşar silahlar” var. Üstəlik, bu silahlar “daha dəqiqdir”.

Qeyd edək ki, Ermənistanda Mingəçevir SES-i vurmaq barədə təhdidlər ilk dəfə deyil ki, səslənir. Belə təhdidlərlə adətən ya istefada olan generallar, ya hansısa ekspertlər və siyasətçilər çıxış edirdi. İndi isə Dağlıq Qarabağdakı işğalçı qüvvələrin “naziri” su bəndinin hədəf kimi müəyyən edildiyini açıqlayır. Və şübhəsiz ki, rəsmi Bakı, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin bu təhdidinə cavab verməli olacaq.

Belə görünür ki, düşmənin nəzərinə Azərbaycan silahlı qüvvələrinin bütün Ermənistan boyu və işğal altındakı ərazilərdə hansı hədəflərin nişangahda olduğunu çatdırmaq lazımdır. Və düşmənə başa salmaq lazımdır ki, bu cür sərsəm təhdidlərlə çıxış etməzdən əvvəl azı, iki dəfə düşünməyə zərurət var.

Şübhəsiz ki, Azərbaycan özünün strateji infrastruktur obyektlərinin, o cümlədən Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsi üzərində çoxdandır işləyir. Hansı ki, hava və raket hücumlarından bir neçə pilləli müdafiə sistemləri formalaşdırır. Bu sistemlər Ermənistanın sərəncamındakı və Mingəçevirə zərbə endirmək barədə lovğalanmaq üçün istifadə edilən “İsgəndər” raketlərini də dəf etməyə hesablanıb. Digər tərəfdən, deyəsən, Mnatsakanyan yaddan çıxarıb ki, Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun birləşməsi İrəvan və onun yaxınlığındakı Metsamor AES də daxil olmaqla, bütün strateji infrastruktur obyektlərini darmadağın etmək gücündədir.


Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnatsakanyanın “lazım gələrsə Mingəçevir SES-ə dərhal zərbə endiriləcəyi” barədə dediklərinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən münasibət bildiriblər. “Yeni Müsavat”ın sorğusuna cavab olaraq deyilir: “Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur. Azərbaycan ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir”.

L.Mnatsakanyanın budəfəki, absurd bəyanatına gəlincə isə Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir. “Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq” - açıqlamada deyilir.

“Ermənilər dəfələrlə bizi Mingəçevir SES, Tərtər SES, Şəmkir SES-lə hədələyiblər. Amma biləsiniz ki, bu hədələrin heç bir əsası yoxdur. Yerin üstündəki hansısa qurğunu vurub sıradan çıxara bilərlər. Lakin nə Mingəçevir, nə Şəmkir, nə Tərtərdəki bəndin dağılması qeyri-mümkündür. Bütün mütəxəssislər bilir ki, bəndin dağıdılması üçün gərək ora atom bombası düşə və ora atom bombasının episentri ola. Üstəlik, Rixter şkalasından iki maqnitudadan artıq zəlzələ baş verə ki, nəticədə çat yarana, tədricən bənd oyula və dağıla”.


Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında milli təhlükəsizlik eksperti İlham İsmayıl söylədi. Ekspert qeyd etdi ki, Ermənistan “İsgəndər” raketi ilə Mingəçevir SES-i vursa belə, ciddi dağıntılar olmayacaq: “Bu raket dağa nə edəcək ki? Bənd kimi onun dağılması və sellənməsi qeyri-mümkündür. Bax, ermənilərin əlində Sərsəng su anbarı var. Bacarırlarsa, vurub dağıtsınlar, bütün Qarabağ Kürə qədər qalsın ayaq altında. Edə bilməzlər. Ona görə yox ki, kimsə deyəcək niyə dağıtmışınız? Sadəcə, dağıtmaq imkanları yoxdur. Su anbarını birdən dağıtmaq mümkün deyil. Yalnız yerüstü qurğulara zərər gətirə bilərlər. Son vaxtlar elektrik enerjisi ilə bağlı ölkəmizdə problemlər yarandı deyə, ermənilər bu yolla bizi qorxutmaq istəyirlər. Amma istənilən mütəxəssis təsdiqləyər ki, ölkəmizdəki bu bəndlərlə bağlı heç bir problem yaradıla bilməz”.

İ.İsmayıl əlavə etdi ki, SSRİ dövründən Mingəçevir SES hava hücumundan müdafiə sistemləri ilə qorunur: “Ora hər hansı raket tuşlansa, onu zamanında aşkarlayıb zərərsizləşdirmək imkanımız var”.

Ekspert qeyd etdi ki, Ermənistan Mingəçeviri hədəfə alarsa, Azərbaycan ordusunun Naxçıvandakı qoşun hissələri də İrəvanı və ya Metsamor AES-i hədəfə alacaq: “Ermənilər bunu çox yaxşı bilirlər ki, qarşılıqlı şəkildə cavabları olacaq. Mingəçevirdə nəyisə dağıtmaq olar və onu bir gün ərzində bərpa etmək mümkündür. AES yerin altında deyil, üstündədir və orada reaktorlar var. Həmin reaktorlara zərbə dəysə, Çernobıl AES-dəki kimi bir damcı nüvə kənara sızsa, Ermənistan batıb gedəcək. Adama deyərlər ki, Sərsəng əlindədir də, elə, görüm, nə edirsən? Heç bir şey eləyə bilməzlər”.

E.PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.