Azərbaycanda boş qalan iki önəmli post: təyinat niyə gecikir?

25-07-2018, 08:44           
Azərbaycanda boş qalan iki önəmli post: təyinat niyə gecikir?
Eldar Əzizov BŞİH-də başçının səlahiyyətlərini icra edir; Mübariz Əhmədoğlu: “Xüsusilə də müdafiə sənayesi naziri postuna diqqət etmək lazımdır”
Ötən günlərdə prezidentin sərəncamı ilə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirildi.

Xəbərin yayıldığı ilk günlərdə Əzizovun başçının I müavini postuna təyin olunduğu bildirilirdi.

Amma BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

Modern.az saytı dəqiqləşmə aparmaq üçün BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb.

Nailə Məmmədova bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur:

“Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir”.

Bəs Bakı Şəhər İcra Hakimiyyətində neçə müavin vəzifəsi var?

Æzim MÉsimov ile ilgili görsel sonucu

Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov “Yeni Müsavat”a bildirib ki, əslində Bakı Şəhər İcra Hakimiyyətində 1-ci müavin anlayışı yoxdur:

“Orada əsas vəzifələr başçı və başçının iki müavini vəzifəsidir. Müavinlərdən biri olan Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan onun yeri boş qalmışdı. İcra başçısı Hacıbala Abutalıbov da prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibində yer aldıqdan sonra 3 postu digər müavin olan Fidumə Hüseynova idarə edirdi. İndi də Eldar Əzizov Pənahovun yerinə təyin olunub. Ona, sadəcə olaraq, başçının vəzifəsini icra etmək də tapşırılıb. Konkret olaraq orada 1-ci müavin vəzifəsi yox idi. Lakin ştatda 1-ci müavin verilə bilir. Mən 1-ci müavin təyin edilən zaman mərhum prezident Heydər Əliyevin qərarı ilə ştatda 1-ci müavin kimi yer yaradıldı. İndiki dövrdə isə qeyd etdiyim kimi, 1-ci müavin anlayışı ştatda mövcud deyil”.

Hazırda müavinlər yerində olsa da Bakı Şəhər İcra Hakimiyyəti yenə də başçısız qalıb.

Bundan əlavə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyində də hazırda nazir postu boş qalıb. Belə ki, müdafiə sənayesi naziri Yavər Camalov bu ilin 23 iyun tarixində vəfat etdikdən sonra onun yerinə təyinat olmayıb.

Mübariz ÆhmÉdoÄlu ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, əslində siyasi baxımdan nazirin təyinatının gecikməsi bizim xeyrimizə olan hal deyil:

“Azərbaycanda bu yerlərlə yanaşı, parlamentdə də boş kürsülər var. Hesab edirəm ki, ən azından müəyyən kateqoriya adamları həmin vəzifələrə təyin etməklə, onların hakimiyyətə qarşı razılığını daha da artırmaq olar. Vəzifələrin vakant qalmasını pisə fikirləşənlər çoxdur və heç kim də deyə bilməz ki, həmin adamlar düz yolda deyillər. O ayrı məsələdir ki, Azərbaycanın idarəçiliyində ölkə başçısının özünün əhatəli siyasəti göz önündədir. Ölkə başçısı ən xırda detallara belə diqqət edir. Bakı şəhəri ilə bağlı düşünürəm ki, ciddi gərginlik yoxdur. Məncə, yaxın zamanlarda Bakı şəhər icra başçısı da təyin olunacaq. Ancaq hesab edirəm ki, müdafiə sənayesi naziri vəzifəsi boş qalmalı deyil. Ermənistan son zamanlardakı təbliğatında Azərbaycanın hərbi sənayesindəki uğurunun bir qismini ölkədə Müdafiə Sənayesi Nazirliyinin mövcudluğu ilə əlaqələndirirlər. Belə bir vəziyyətdə düşünürəm ki, bu post boş qalmalı deyil. Ora çox yerində olan, bacarıqlı şəxs təyin olunmalıdır. Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan ordusunun təchizatı məsələsi bir-birinə bağlıdır. Ona görə də düşünürəm ki, Müdafiə Sənayesi Nazirliyinə təyinat strateji məsələdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.