İşığımız yanmadığı üçün “Azərenerji”dən üzr istəyirik
25-07-2018, 16:49
KİV-lə əməkdaşlıq edən qurumlar zəhmət çəkib KİV haqqında qanunvericiliyə baxmalı və qanunvericiliyin tələblərini bilməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında Azərişıq ASC-nin rəsmi məlumatını təkzib edən Azərenerji ASC-nin bəyanatında mediaya yönəlik ittihamlara münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib. M.Ələsgərli qeyd edib ki, qanunvericilikdə KİV-lərin istinadsız yaydıqları məlumatların kateqoriyası açıqlanıb:
“Orada göstərilib ki, informasiya agentliklərinin, dövlət qurumlarının, bələdiyyə və s. rəsmi qurumların, siyasi partiyaların və birliklərin özləri tərəfindən yayılan məlumatların yanlışlığına görə KİV məsuliyyət daşımır. Bu, KİV haqqında qanunvericilikdə çox açıq şəkildə göstərilir.
Əgər məlumat rəsmi qurum tərəfindən yayılıbsa, nə üçün materialı verdiyi üçün KİV-lər ittiham olunmalıdır?! Düzdür, jurnalistlər aldıqları informasiyanı araşdırıb verməlidir, amma bu araşdırma dövlət və rəsmi qurumların və agentliklərin verdikləri informasiyalara şamil edilmir”.
Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmətin fikrincə isə məhz bu səbəbdən Azərbaycanda media yazıq durumdadır:
“Hər kəs Azərbaycan mediasına ağıl verir, yol göstərir, hələ imkanı varsa, qulağını da burmağa çalışır. Bir aşağı-bir yuxarı, "Azərenerji"nin də ürəyində belə bir arzunun yaranması bu proseslərin fonunda qəribə görünmür. Media öz funksiyasını itirib. Bu kimi strukturlardan hesabatlılıq, şəffaflıq tələb edə bilmirik.
Mən həm bir Masazır sakini, həm də media nümayəndəsi kimi işıqlarımızın tez-tez kəsilməsinə görə xeyli xəcalət çəkirəm, utanıram və "Azərenerji"dən üzr istəyirəm”.
Musavat.com saytının redaktoru Xalid Kazımlı bildirib ki, dövlət strukturları arasında müəyyən anlaşılmazlıqlar bundan əvvəl də olub, yeni də müşahidə olunur və belə görünür ki, gələcəkdə də olacaq:
“Çox zaman onlar bir-birilə açılışmaq, münasibətləri gərginləşdirmək istəmirlər, ona görə də “günah keçisi” axtarırlar və əllərinə ilk keçən jurnalistlər olur. Onlar yol verdikləri nöqsana görə təqsiri medianın belinə yükləməklə vəziyyətdən çıxmağa çalışırlar və bu, əlbəttə ki, yanlış yanaşmadır. Çünki belə olanda media qurumları tərəflərin açıqlamalarını, press-relizlərini daha geniş, çılpaqlığı ilə yayır və onlar özləri pis vəziyyətdə qalırlar. Ona görə də hamının əvvəlcədən məsuliyyətli və dürüst olması lazımdır”.
Azvision.az saytının baş redaktoru Vusal Məmmədov bildirib ki, bu cür qurumlar media ilə əlaqələrini düzgün koordinasiya etməli və başqalarında günah axtarmamalıdırlar:
“İki dövlət qurumunun arasındakı münasibətlər o qədər də xoş deyil və bu, təəssüf ki, özünü onların informasiya siyasətində də göstərir. Əslində, belə hallarda iki qurumun mətbuat xidmətlərinin birgə açıqlamalar yayması daha düzgün olar. Necə ki, ehtiyac yarananda güc orqanları edirlər. Energetiklərlə bağlı məsələdə isə hər bir qurum məhz özünün düzgün işlədiyini, problemin o birindən qaynaqlandığını göstərmək istəyib.
Təbii ki, bu, yaxşı hal deyil, amma günahı jurnalistlərin üzərinə yıxmaq daha pisdir. Bu halda jurnalist bir dövlət qurumundan aldığı informasiyanı o biri ilə dəqiqləşdirməyə borclu deyil. Yaxşı olar ki, iki qurum öz fəaliyyətlərini, o cümlədən də media ilə əlaqələrini düzgün koordinasiya etsinlər və başqalarında günah axtarmasınlar”.
Qeyd edək ki, ötən gün Azərişıq ASC Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacağı haqda rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısamüddətli fasilələr olacaq.
Azərenerji ASC isə xəbəri təkzib edib və median suçlayaraq bildirib ki, Kütləvi İnformasiya Vasitələri Azərenerji ASC ilə bağlı xəbərləri yaydıqda “diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər".