ABŞ tarixində üçüncü impiçment yaxınlaşır - Trampın yaxası əldə
25-08-2018, 08:43
Prezident isə ölkəsini bazarların çökəcəyi ilə hədələyir
Xəbər verildiyi kimi, ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları prezident Donald Trampın keçmiş vəkili Maykl Koeni həbs ediblər. ABŞ KİV-lərinin yaydığı məlumata görə, dələduzluqda ittiham olunan Koen ötən gün - avqustun 21-də özü könüllü FTB-yə gedib.
Bu, Koenin vəkilləri ilə prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə bank sferasında maxinasiyalar barədə ittihamlara aiddir.
Maykl Koen Trampın hüquqşünaslar komandasının “1 nömrəli” üzvü olub və həm seçki kampaniyası dövründə, həm ondan əvvəl onun maraqlarını müdafiə edib.
Koen məhkəmədə hər şeyi etiraf edib, maliyyə cinayətlərini Trampın tapşırığı ilə həyata keçirdiyini bildirib.
CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəməyib, amma məhkəmə sənədlərində prezidentin adı “şəxs-1" kimi keçir. Koen məhkəmədə Trampın seçki kampaniyasını maliyyələşdirmək üçün qanunsuz yollarla 500 min dollar kredit aldığını da etiraf edib. Koenin həbs edildiyi gün Virciniya məhkəməsi onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortu 18 ittihamdan 8-i üzrə təqsirli bilib. Bura vergilərdən yayınma, maliyyə maxinasiyaları, xaricdə gizli bank hesabı açmaq ittihamları da daxildir.
Donald Tramp isə keçmiş vəkili Maykl Koeni kəskin tənqid edib. Avqustun 22-də yazdığı bir neçə “Twitter” postunda Tramp bildirib ki, Koen pis vəkil olub və o ABŞ prokurorlarının təzyiqlərinə tab gətirə bilməyib, elə buna görə də sövdələşmə əldə etmək məqsədilə özündən əhvalatlar uydurub. Bu və digər Tramp ətrafında dönən hadisələrdən sonra onun impiçment məsələsi yenidən gündəmə gəlib.
Tramp son günlərdə yaşanan gəlişmələrlə bağlı Fox TV-yə verdiyi müsahibədə “Mənimlə bağlı vəzifədən çıxarma proseduru başlansa, bazarlar çökər” açıqlamasını verib. Tramp aşağıdakıları deyib: “Yaxşı iş görən birini necə işdən kənarlaşdırarsınız, bilmirəm. Sizə deyirəm. Əgər mənimlə bağlı vəzifədən çıxarılma prosesi başlasa, bazar çörək. Hesab edirəm ki, hər kəs çox kasıb olar”.
Bazarın qabaqcıl ticarətçilərinə görə, Trampla bağlı gəlişmələr inkişaf etməkdə olan ölkələrin bazarlarına ciddi təsir edə bilər. Amerikan investisiya bankı “JP Morganın” Londondakı təmsilçisi Con Normand hesab edir ki, impiçment iddialarının gündəmdə müzakirə olunduğu bu günlərdə inkişaf etməkdə olan ölkələrin bazarlarında ciddi risklər özünü göstərir.
CNN-in baş yazarı olan Matt Egan, Trampın vəzifədən çıxarılması halında bazarın dibə enə biləcəyini, amma bazarın tamamın çökəcəyini deməyin çox böyük bir iddia olduğunu yazıb.
Yardeni Araşdırmanın investisiya məsləhətçisi Ed Yardeni isə CNN-ə verdiyi açıqlamasında aşağıdakıları deyib: “Tramp yeri doldurula bilməyəcək biri deyil. Bazarların çökəcəyini düşünmürəm”.
Bundan başqa, istintaqla bağlı yaşanan gəlişmələr və Tramp haqda vəzifədən çıxarılma iddialarının ortaya çıxmasına bazarlar çox böyük reaksiya verməyib.
“Tigress Financial Intelligence” şirkətinin rəsmisi İvan Feinseth isə deyib ki, “bu durum bazarın çox da vecinə deyil kimi görünür. Bazarlar Trampın sonu gəlməyən çatışmaları və çılğın şərhlərini görməzdən gəlir”.
Mütəxəssislər Trampın durumunun təhlükəli olduğu bir dönəmdə ölkə iqtisadiyyatının güclü bir ərəfədə olduğuna diqqət çəkir. ABŞ iqtisadiyyatı tarixindəki ən böyük böyümə ərəfəsə girmək üzrədir. 2009-cu ildən bəri daim böyüyən Amerika iqtisadiyyatı hazırda tarixi boyunca ən uzun genişləmə sürəcinə girib.
Bu ilin ikinci 3 aylığında 4.1 faiz böyüyən ABŞ iqtisadiyyatı beləcə 2014-cü ildən bəri ən sürətli böyüməsini gerçəkləşdirdi. ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun vəzifədən çıxarılması təhlükəsi ilə üz-üzə qaldığı 1973-cü ildə S&P 500 indeksi 14 faiz, 1974-cü ildə isə 26 faiz düşmüşdü.
Amma mütəxəssislər bazarların bu reaksiyasını Nikson haqqındakı impiçment prosedurunu tətikləyən Vatergate qalmaqalı ilə əlaqələndirmir.
“Janney” Sərmayə Bazarının şef bazar strateqi Mark Luşini də CNN-ə verdiyi açıqlamada bazarların çöküş yaşamasına dair bir gözləntinin çox iddialı olduğunu deyir. Digər tərəfdən, CNN-dən Matt Egan öz məqaləsində qeyd edib ki, vəzifədən çıxarılma ilə impiçment prosedurunun başlanması fərqli anlayışlardır. Trampın kreslosunu itirməsinin hələ çox mümkün görülmədiyi qeyd edilib. Belə bir durumda bazarlar daha fərqli bir reaksiya verə bilər.
Beynəlxalq Maliyyə İnstitutunun direktoru Sonja Gibbs isə “Bloomberg”ə verdiyi açıqlamada Trampın vəzifədən çıxarılacağı təqdirdə prezident olacaq yardımçısı Mayk Pens bazarlara daha yüksək dərəcədə yüksəliş gətirə biləcəyini deyir. Gibbs bunun da inkişaf etməkdə olan bazarlar üçün daha əlverişli bir aura yaradacağını deyir.
“The İndependent” yazır ki, yalnız iki prezident - Endryu Conson və Bill Klinton Nümayəndələr Palatası tərəfindən impiçment olunub. Senat isə heç bir prezidentin impiçmentini qəbul etməyib.
Trampın impiçment edilməsi üçün Nümayəndələr palatasındakı respublikaçılar ona qarşı çıxmalıdırlar. Buna alternativ olaraq 2018-ci ilin mövsümarası seçkilərində demokratlar qalib gəlsələr, onlar Trampın impiçmentinə başlaya bilərlər.
Ümumiyyətlə, Amerikada impiçment proseduru necə işləyir?
Prezidentin “Vətənə xəyanət, rüşvət, ağır cinayət və ya başqa pis davranış sərgiləmək” kimi cinayətlərdən birini etməsindən şübhələnən hər hansı təmsilçi impiçment prosedurunu başladacaq qanunu Təmsilçilər Məclisinə təqdim edə bilir.
Bu müraciət daha sonra Təmsilçilər Məclisi Ədalət Komitəsinin qarşısına çıxarılır. Əgər üzvlərin 51 faizi impiçment prosesinə dəstək verirsə, prosedur Senatda davam etdirilir.
Senat
Senatdakı prosedur ABŞ Ali Məhkəməsi baş prokurorluğunun rəhbərliyində irəliləyir. Hüquq terminologiyasında izah etsək, Təmsilçilər Məclisindən üzvlər prokurorluq instansiyasını təmsil edir, senatorlar isə jüri vəzifəsini öz üzərinə götürür. Prezident isə vəkilləri ilə birgə qatılır.
Əgər senatorların 67 faizi prezidenti günahkar bilsə, onun vəzifədən çıxarılması gerçəkləşir və vəzifə müddətinin geri qalanında prezident köməkçisi prezident kreslosunda oturur.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”