“Qəzaya” düşən Bərdə sakininin müdhiş fırıldağı üzə çıxdı

6-11-2018, 00:00           
“Qəzaya” düşən Bərdə sakininin müdhiş fırıldağı üzə çıxdı
Bərdə polisi firmanın pullarını mənimsəyən və qəza ilə bağlı hekayə uyduran dələduzu saxlayıb

Bərdə rayon Polis Şöbəsinin əməkdaşları firmanın pullarını mənimsəyən və qəza ilə bağlı hekayə uyduran dələduzu saxlayıb. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bərdə rayonunda yerləşən şirkətlərdən birinin maliyyə mütəxəssisi M.Cəfərov noyabrın 2-də axşam saatlarında polisə müraciət edərək bildirib ki, onun “Mercedes” markalı avtomobili Çayırlı kəndi ərazisində yol kənarındakı elektrik dirəyinə dəyib. Cəfərovun sözlərinə görə, yol-nəqliyyat hadisəsi zamanı o, huşunu itirib. O, özünə gələndə avtomobilin siyirtməsindəki firmaya məxsus 52 min manatı tapmayıb.

Cinayət-axtarış bölməsinin əməkdaşları faktı araşdırarkən Cəfərovun yalan danışdığını müəyyən ediblər. Məlum olub ki, o, firmaya məxsus həmin məbləği mənimsəyib. Polis sözügedən pulu Cəfərovun qohumunun - Ağdam rayon sakininin evindən tapıb. Oğurlanmış pullar şirkətə geri qaytarılıb.

Cəfərov isə saxlanılıb. Hazırda faktla bağlı araşdırma davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.