Müsavat funksioneri həbs edildi
21-11-2018, 22:36
Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbs edilib. Bu barədə Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində yazıb.
A.Hacılı yazır: "Aldığım ilkin məlumata görə Əbülfəz Sadıqbəyli bir-neçə il bundan əvvəl alınmış və haqqı Nikoyl banka ödənilmiş avtomobillə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar həbs edilib.
Avtomobilin kredit haqqının ödənilməsi barədə bank sənədləri var.
İstintaq zamanı bildirilib ki, bank tərəfindən bu sənədlər verilərkən saxtakarlıq edilib.
Bank tərəfindən belə saxtakarlıq halları kütləvi olub.
Əvvəlcə Əbülfəz Sadıqbəyli bu işdə şahid kimi dindirilib. Onun Müsavat Gənslər Təşkilatının sədri olduğu istintaqa bəlli olduqdan sonra isə işin ona qarşı yönəldilməsinə cəhd edilir.
Əbülfəz Sadıqbəyliyə qarşı irəli sürülən ittihamlar bundan əvvəl siyasi fəallara qarşı irəli sürülən ittihamlar kimi əsassızdır, absurddur.
Bu qondarma cinayət təqibi Əbülfəz Sadıqbəylinin siyasi fəaliyyəti ilə bağlıdır. Hakimiyyətin Müsavat Partiyasına qarşı apardığı təqib siyasətinin davamıdır.
Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli dərhal azad edilməli, bu işdə həqiqi təqsirli olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır".