Baş redaktoru təhdid edirlər
20-03-2016, 18:29
İlqar Bünyatov: «Başınıza oyun açacam»
Ötən günlərdə Bərdənin icra başçısı Vidadi İsayevin yaxın qohumunun hakimiyyət əleyhidarı olması barədə məlumat vermişdik. JAM.AZ-a müraciət edən rayon sakinləri bildirmişdilər ki, Vidadi İsayevin qaynı İlqar Bünyatov hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ağcabədi, Zərdab və daha bir neçə rayon üzrə şəxsi nümayəndəsidir. Bundan əlavə, onun AXCP sədri Əli Kərimliylə qohumluq əlaqələri də var.
Qeyd edək ki, bu yazıdan sonra İlqar Bünyatov redaksiyamızın elektron ünvanına təhdid dolu məlumat göndərib. Bizə yazdıqlarımızı sübut etməzsək, başımıza oyun açacağını bildirib. İcra başçısının qaynı bir qədər də irəli gedərək, şərəf və ləyaqətdən dəm vuraraq, bizi məhkəməyə verəcəyi ilə hədələyib. Və onu da vurğulayıb ki, onun şərəf və ləyaqətini alçaldan fikirlər yazmışıq.
İlqar Bünyatovun diqqətinə çatdırırıq ki, onun bizi məhkəməyə verməsi müstəsna hüquqlarından biridir. Və biz qətiyyən bu məsələdən çəkinmirik. Onun şərəf və ləyaqətini alçaldacaq heç bir ifadə və fikir də yazmamışıq. İkincisi, icra başçısının qaynı olaraq kimsəni təhdid və təhqir etməsi qanundan danışan bir adam üçün yolverilməzdir. Bunun özü də məsuliyyətdir.
Eyni zamanda, İlqar Bünyatova heç kim o ixtiyar və səlahiyyəti verməyib ki, başqası haqqında ağzına gələni yazsın. Bütün Zərdab və Bərdə əhalisi yaxşı bilir ki, bu adam yeyib-içəndən sonra hakimiyyəti, onun başında duranlar haqqında hədyan danışır. Hətta dəfələrlə bunu ona irad tutanlar da olub. Bildiriblər ki, dövlət qulluğunda çalışdığı halda təmsil etdiyi hakimiyyətə qarşı həqarət danışması yolverilməzdir.
Düzdür, İlqar Bünyatova bu cəsarəti verən, bizi hədələməsi, habelə hakimiyyət əleyhinə danışacaq cəsarət sahib olmasının səbəbkarı kürəkəni Vidadi İsayevdir. Çünki Vidadi İsayev icra başçısıdır və o, şübhəsiz ki, həm özünü, həm də qaynını qorumaq üçün İlqar Bünyatovu vəziyyətdən çıxaracaq. Amma günün birində Bərdənin «Günəş»i sönəcək, ondan sonra nə baş verəcək məlum deyil.