Bakıda gənc sürücülər yol polisini ələ saldılar – BİABIRÇILIQ

20-03-2016, 18:50           
Bakıda gənc sürücülər yol polisini ələ saldılar – BİABIRÇILIQ
Yol polisinin qarşısını kəsən sürücülər yolun ortasında maşını saxlayıb söhbətləşəndən sonra çıxıb getdilər
Martın 19-da, saat 18:50 radələrində Yasamal rayonu, İnşaatçılar prospektində hərəkət edən iki avtomobilin sürücüləri Yol-Patrul Xidməti əməkdaşlarının gözü qarşısında kobud hərəkətlər ediblər. Onlar bu hərəkətləri ilə digər nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. İşin ən maraqlı tərəfi budur ki, onların bu cür davranışı elə birinci növbədə yol polisi avtomobilinin hərəkətini dayandırıb…

Həmin vaxt ərazidə olan Avtosfer.az-ın əməkdaşının verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin qarşısı ilə hərəkət edən ağ rəngli, nömrə nişanı 990 olan «Hyundai Sonata» və «Volkswagen Passat CC» markalı avtomobilin sürücüləri Hüsüyn Cavid parkının baş tərəfindən Hüseyn Cavid prospektinə çıxarkən yolun hərəkət hissəsində maşınları yan-yana saxlayıblar və söhbət etməyə başlayıblar. Bu zaman onların arxasınca sayrışan işıqları yandıraraq hərəkət edən 99-YP-281 dövlət nömrə nişanlı DYP avtomobili də digər bir neçə maşınla birlikdə dayanıb gözləməli olub. DYP avtomobilindən siren siqnalı verilməsinə baxmayaraq sürücülər bir dəqiqəyə yaxın söhbət ediblər və sonra asta-asta hərəkətə başlayıblar. Onlar Cavid prospektinə çıxdıqdan sonra DYP əməkdaşları «Hyundai Sonata»ya «Saxla» işarəsi veriblər. Həmin avtomobil sağda dayanıb. Bu zaman «Passat»ın sürücüsü yenə də həmin avtomobilin yanında dayanaraq arxadan gələnlərin yolunu kəsib və «Sonata»nın sürücüsünə «kömək lazımdırmı» deyə, gülməyə başlayıb. Yol polisləri ona heç nə deməsələr də, DYP maşınından düşən leytenant rütbəli inspektor «Sonata»nın sürücüsünə özünü təqdim edərək sənədləri istəyib. Lakin «Sonata»nın gənc sürücüsü yol polisinə müvafiq sənədlər əvəzinə qırmızı rəngli vəsiqə göstərib. Bundan sonra yol polisi inspektoru heç nə demədən DYP maşınına yaxınlaşaraq ərazini tərk edib. «Passat» və «Sonata»nın sürücüləri də gülə-gülə oradan uzaqlaşıblar.

Ümid edirik ki, bu hadisə həmin ərazidəki «Təhlükəsiz şəhər» kameralarında qeydə alınıb və müvafiq araşdırma apararaq həmin sürücüləri cəzalandıracaqlar. Çünki onlar bu hərəkətləri ilə həm ətrafdakılara, həm də yol polisi əməkdaşlarına qarşı açıqca hörmətsizlik edib onları ələ saldılar…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.