Ədliyyə Nazirliyi oliqarxla toqquşmaq istəmədi
7-05-2016, 11:09
2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 03 may 2016-cı il tarixli qərardadı ilə “Emerald Palace” yaşayış kompleksinin birinci və ikinci mərtəbəsində yerləşən “VİTR” İdman Sağlamlıq Klubunun əvvəlki fəaliyyətinin tam təmin olunması üçün tələb olunan miqdarda elektirik enerjisi ilə təmin olunması və həmin obyektin fəaliyyətinə maneə törədilməməsi vəzifəsi "Nur-İnşaat" MMC-yə həvalə edilib. Qərarda bildirilir ki, qərar dərhal icra olunmalıdır.
“VİTR” İdman Sağlamlıq Klubunun sahibi, poverliftinq üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu olmuş əməkdar idman ustası Vüqar Namazov “Bizim Yol”-a bildirib ki, icra məmurları əsas gətirmədən məhkəmə qətnaməsini icra etməkdən yayınır: “Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Yasamal rayonu üzrə kuratoru Heybət Qarayevin qəbulunda olub, şikayətimizi bildirdik. O, ötən günün sonuna kimi qətnamənin icra olunacağını bildirsə də, hələ də qətnamə icra olunmayıb”.
2015-ci ildə “Nur-İnşaat” MMC ilə “VİTR” İdman Sağlamlıq Klubunun sahibi arasında 5 illik icarə müqaviləsi imzalanıb. V.Namazov bildirir ki, onun tərəfdən icarə müqaviləsinin hər hansı bir hissəsi pozulmayıb: ““Nur-İnşaat” MMC bu ilin fevral ayında hər hansı bir səbəb gətirmədən “VİTR” İdman Sağlamlıq Klubuna elektrik enerjisinin verilməsini dayandırıb. İdman zalına elektrik enerjisinin verilməsini bərpa etmək üçün məhkəməyə müraciət edilib və məhkəmə iddianı təmin edib”.
Xatırladaq ki, “Nur İnşaat” MMC qalmaqallı Altes Şirkətlər Qrupuna daxildir. Şirkətin əsas payçılarından biri və rəhbəri Rüstəm Abdullayev Böyük Britaniya vətəndaşıdır. Bu şirkətin keçmiş milli təhlükısizlik naziri Eldar Mahmudovla əlaqəsi haqda mediada zaman-zaman iddialar irəli sürülür. Maraqlıdır ki, dünya və Avropa çempionu olan Vüqar Namazovla münaqişədə olan Altes Şirkətlər Qrupunun xeyrinə erməni saytı olan Armenian Report bu yaxınlarda məqalə dərc etmişdi.