Polkovnik –Leytenant Abuzer Abilov: "Bu torpaq üçün bir dəfə Qazi olmuşuq, bir dəfə də Qazi olmağa hazırıq"
8-05-2016, 01:36
Müdafiə Nazirliyinin xətti ilə cəbhə bölgəsinə səfərə gedən Qarabağ veteranları və Qaziləri hərbi hissələrdə əsgər və zabit heyəti ilə görüşlər keçirərək onlara öz döyüş təcrübələrindən danışırlar. Onların bu səfəri düşmənlə üz-üzə olan əsgərlərimizi, gizir və çavuşlarımızı çox ruhlandırır. Keçmiş döyüşçülərin onlarla çiyin-çiyinə olduğunu görmək gənc hərbçilərə inanılmaz döyüş ruhu verir.
Daxili Qoşunların Baş İdarəsinin Silah –Artilleriya Xidmətinin keçmiş baş zabiti Polkovnik –Leytenant Abuzər Əbilov da bu gün ön cəbhədədir.
QAZİLER.AZ saytı polkovnikin səfər təəssüratlarını oxucularıyla bölüşür: “Mən bu gün bütün veteran dostlarla, qardaşlarla birlikdə Ali Baş Komandana və Müdafiə Nazirliyinin komandanlığına minnətdarlıq bildirirəm ki, bizə belə şərait yaratdılar, gəlib əsgərlərlə görüşdük. Ön xətdə olduq, hətta cəbhənin elə yerində olduq ki, orada düşmən atəşkəsi pozurdu, hərbçilərimiz onların cavabını verib susdurdu. Bizi qorudular. Mənim gördüyüm ön xətdə onun şahidi oldum ki, bizim ordumuz çox yüksək səviyyədə hazırlıq görüb və döyüş texnikası son dərəcə yüksək vəziyyətdədir. Hamının üzündən yalnız bir ifadəni oxumaq olur ki, Ali Baş Komandan müharibə əmrini versin, hamı bir nəfər kimi döyüşüb torpaqlarımızı düşməndən alaq.
Biz də gənc hərbçilərin nəzərinə çatdırdıq ki, döyüş başlanan anda bütün veteranlar, bütün Qazilər, əlil olmasına baxmayaraq, yaşının keçməsinə baxmayaraq, biz də indiki gənclərlə birlikdə döyüşə gedəcəyik. Bu torpaq üçün bir dəfə Qazi olmuşuq, bir dəfə də Qazi olmağa hazırıq. Hələ bizim Şəhid olmaq kimi arzumuz da var”.