İcra başçısını vuran şöbə müdiri işdən çıxarıldı: BEYLƏQANDA

10-05-2016, 10:56           

Tofiq Sadıqov işdə yol verdiyi ciddi nöqsanlara görə, vəzifəsindən azad edilib, haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işinin açılacağı gözlənilir

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Saqıdov işdən çıxarılıb. JAM.AZ xəbər verir ki, bu barədə Azerinews.org-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Tofiq Sadıqovun işdən çıxarılmasına səbəb Təhsil Şöbəsində Maliyyə Nazirliyinin apardığı yoxlamanın nəticələri, təhsil vəziyyətinin ağır olması, habelə bir sıra ciddi nöqsanlar olub. Həmin nöqsanlar içində şöbə müdirinin tədbirdə Beyləqanın icra başçısı Vaqif Abdullayevə əl qaldırması halı da var.
Məlumatda deyilir ki, Tofiq Sadıqovun yerinə təyinat da olub. Lakin nazirliyin nümayəndəsi bununla bağlı açıqlama vermək istəməyib. O bildirib ki, qarşıdakı iş günlərində həmin şəxsin adı açıqlanacaq.
Saytın yazdığına görə, haqqında çeşidli korrupsiya ittihamları səslənən Tofiq Sadıqovun işdən çıxarılacağı xəbəri hələ bir müddət əvvəldən gündəmə gəlmişdi. Buna səbəb kimi isə Beyləqan təhsilində yaşanan biabırçı olaylar idi. Hətta iddia edilir ki, Yaponiya səfirliyinin dəstəyi ilə inşa edildiyi deyilən sanitar-gigeyenik qovşağın adı altında Sadıqov bütün məktəblərdən pul yığıb. Belə ki, ibtidai siniflərin şagirdlərindən 5 manat, böyük siniflərdə oxuyanlardan isə tualet tikintisi üçün 10 manatdan pul alınıb.
Azerinews.org-a verilən son məlumatlara görə, Beyləqan təhsilində yaşanan korrupsiya halları ilə əlaqədar Təhsil Nazirliyi Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Ardından isə korrupsiya halları ilə əlaqədar faktları çatdırıb. Güman edilir ki, yoxlamalardan sonra Tofiq Sadıqovun həbsi məsələsi gündəmə gələcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.