"Gördüm ki, uşaq qan içindədir" - Daşkəsəndəki davadan YENİ XƏBƏR
31-05-2016, 13:08
Daşkəsən rayonunun Quşçu kəndində kafelərin birində kütləvi dava baş verib.
teref.az Region TV-ə istinadən xəbər verir ki, kütləvi davaya səbəb isə sındırılan stəkan olub.
Münaqişə zamanı kənd sakini 33 yaşlı Anar Məmmədov həmkəndliləri tərəfindən döyülüb. Bundan hiddətlənən Anar Məmmədov qolunun müxtəlif hissələrinə kəsici alətlə xəsarət yetirib. Daha sonra o, Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Həkim Zabit Vəliyev bildirib ki, A.Məmmədov qolunun sol sait nahiyəsinə çoxsaylı kəsilmiş yara xəsarətləri yetirib: “ Xəstə qəbul olunduqdan sonra yaralar birinci cərrahiyyədə işləndi. Sarğı qoyulduqdan sonra ambulator müalicəyə göndərildi".
Zərərçəkənin atası Zirrəddin Məmmədov deyib ki, evdə oturub xəbər izləyən zaman oğlunun döyülməsi haqda ona məlumat veriblər: “Evdə xəbərlərə baxırdım. Bir də dedilər ki, Anarı aşağıda döyüblər. Gəldik ki, qan aparır. Camaatda başına yığılıb".
A.Məmmədovun anası Çiçək xanım oğlunun ona danışdıqlarını isə belə anladıb: "Özü ara-sıra danışırdı. Dedi mən çayxanada çay içirdim. Vüqar gəlib mənim başıma vurdu. Ordada bir Niyaz var, əvvəllər polisdə işləyib, indi təqaüdə çıxıb. Onunla ikisi birləşdi, məni döydü. Yatan özü dəqiqini bilir. Mən gələndə gördüm ki, qan içindədir. Qolunu da sarıyıblar".
***
Daşkəsən rayon sakini qolunu kəsici alətlə kəsərək özünə xəsarət yetirib.
APA-nı qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1983-cü il təvəllüdlü Anar Məmmədov qolunun müxtəlif nahiyələrinin kəsilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, A. Məmmədov rayonun Quşçu kəndində olan kafelərin birində stəkan sındırdığına görə həmkəndliləri tərəfindən döyülüb və o, bundan hiddətlənərək özünə xəsarət yetirib.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.