SİYƏZƏNDƏ MÜAVİNLƏRİN DAVASI - TƏFƏRRÜAT

2-06-2016, 18:25           

Siyəzən rayon İcra Hakimiyyətində gərginlik yaşanır.

TİA.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısının müavinləri arasında nüfuz savaşı gedir. Zəfər Əliyev və Təhminə Bəxtiyarovanın bir-birini həzm etmədikləri bildirilir.


Mediaya kim xəbər sızdırır?

Siyəzən icra başçısı Asif Hüseynovun əsas adamına çevrilmək uğrunda gedən qarşıdurmada T. Bəxtiyarovanın hələ ki daha çox istəyinə çatmaq üzrə olduğu iddia edilir. Başçı müavininin A.Hüseynovla xeyli sıx əlaqələrə malik olduğu bildirilir ki, bu da köhnə kadrlardan olan Z.Əliyevin ürəyincə deyil.

Qaynağımızın TİA.AZ-a qeydlərinə görə, Z.Əliyev A.Hüseynova xanım müavin barəsində müxtəlif məlumatlar çatdırıb. Hətta onun haqqında mediaya sızan xəbərlərin onun əli ilə ötürüldüyünü dediyi bildirilir. 35 yaşlı gənc icra başçısı isə RİH-də baş verən bu qalmaqalda hələ ki neytral mövqedədir və müşahidə aparır.
Başçı müavini barışacaqmı?

Bununla belə, xanım müavinin icra başçısına nisbətən daha yaxın olduğu və qərarlarda, işlərin icrasında nüfuz etdiyi iddia olunur. Qeyd edək ki, Siyəzən rayon İcra Hakimiyyətində kifayət qədər xanım əməkdaş çalışır. Bu əməkdaşların Bəxtiyarovanın kurasiyasında olduğu deyilir. Amma Z.Əliyev də Siyəzən RİH-də təcrübəli və köhnə kadrlardan biri sayılır. Onun bu prosesdən necə çıxacağı maraqlıdır.

Onu da bildirək ki, Siyəzən RİH-nin 2015-ci illə bağlı hesabatında dövlət başçısına danışılan yalan və maliyyə mənimsəmələri barədə məqamlar var. Bu barədə araşdırmalarımız da davam edir.

Yada salaq ki, onlara tapşırılan işləri lazımi səviyyədə icra edə bilmirlər. Məlumat üçün deyək ki, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı bir neçə ay əvvəl dəyişdirilib. Ölkə başçısının 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Asif Hüseynov təyin edilib.

Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.

Sakinlər təzə başçını axtarır

Əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial inkişaf idarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini vəzifəsi olub.

Asif müəllimin tərcümeyi-halında diqqət çəkən əsas məqam onun hərbi xidmət keçib-keçməməsi haqda məlumatın qeyd edilməməsidir. Ehtimallara görə, icra hakimi hərbi xidmətdə olmayıb. Media üzərindən yayılan məlumatlardan aydın olub ki, artıq 7 aydır Siyəzən rayonuna rəhbərlik edən başçı yerli camaatla mülayim münasibət qurmağa bir o qədər də həvəsli deyil.

Müxtəlif problemlərlə üzləşən sakinlər dərdlərini heç kimə deyə bilmirlər. İcra hakimi vətəndaşları qəbul etmir. Ümumiyyətlə, Asif müəllim camaatın arasına nadir hallarda çıxır. Sonuncu dəfə onu bu ilin yanvar ayında Siyəzəndə baş verən məlum hadisələr zamanı görmüşük.

Bu adam vaxtının çox hissəsini Bakıda keçirir. Siyəzən camaatı icra hakimindən heç bir diqqət və qayğı görmür. Onun gəlişindən sonra rayonda heç bir müsbət dəyişiklik baş verməyib. Əksinə problemlərin sayı daha da artıb, insanların dolanışıq səviyyəsi aşağı düşüb. Hazırda Siyəzəndə işsizlik böhranı yaşanmaqdadır. Əhalinin banklara külli miqdarda kredit borcu var. İş tapmaq müşkül məsələyə çevrilib. Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.