“Uşağımı Allaha tapşırıb Suriyaya cihada getdim” - “Cundul Xəlifə”nin azərbaycanlı üzvü

15-07-2016, 01:51           
“Uşağımı Allaha tapşırıb Suriyaya cihada getdim” - “Cundul Xəlifə”nin azərbaycanlı üzvü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Xaçmaz rayon sakini Anar Mahmudov və 1980-cı il təvəllüdlü Şamaxı rayon sakini Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Anar Mahmudov və Elvin Əsgərov terror təşkilatı kimi tanınan “Cəbhət Ən Nüsra” adlı cinayət birliyin tərkibinə daxil olan “Cundul Xəlifə”nin fəaliyyətində dini düşmənçilik zəminində hökumət əleyhinə döyüşlərdə iştirak ediblər. Həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum edilməyiblər.

“Qanlı döyüşlərdə iştirak etməmişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Anar Mahmudov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 2009-cu ildən etibarən İslan dininin sünnü təriqətinin sələfi qolu üzrə etiqad edib. İnternet vasitəsilə Suriyada gedən proseslər barədə məlumatlanıb: “İnternetdə görürdüm ki, Suriyada yaşayan müsəlmanlara əziyyət edilir. Ona görə də, ora getmək istəyirdim. Bu məqsədlə Xaçmazdan olan uşaqlarla əlaqə saxladım, Suriyaya getmək istədiyimi dedim. Mənə Türkiyədə yaşayan Xalid adlı şəxsin nömrəsini verdilər”.

A.Mahmudov 2013-cü ilin fevral ayında avtobusla Gürcüstana, oradansa Türkiyəyə gedib. Türkiyədə Xalid adlı şəxslə əlaqə saxlayıb, sonuncu onu qaçaq yolla Suriyaya keçirib. Orada onu dini ləqəbi “Abu Hafs” olan İntiqam Əliyev qarşılayıb. “Abu Hafs”ın rəhbərlik etdiyi “Cundul Xəlifə” dəstəsinə qoşulsa da, ona biət etməyib: “Dəstədə 10-12 nəfər var idi. 5 aya kimi orada qaldım, posta çıxırdıq. Qanlı döyüşlərdə iştirak etməmişəm. Bizə orada heç bir təlim keçməyiblər. Hərbi növbələrin birində qarşı tərəfin hücumu nəticəsində ayağımdan yaralandım, 4 gün xəstəxanada yatdım, əməliyyat olundum. Orada gedən proseslərdən qorxduğum üçün Azərbaycana qayıtmaq istəyirdim”.

“İnsan səhv etdiyini sonra anlayır”

A.Mahmudovun ifadəsinə görə, Suriyaya getməyə görə ona kimsə pul verməyib. Oraya getməkdə əsas məqsədi əqidəsi ilə bağlı olub: “Çoxlu azərbaycanlılar vardı, adlarını xatırlamıram. Elvini bir neçə gün ərzində görmüşəm. Onun döyüşlərə, təlimlərə getdiyini görməmişəm. Elvin təxminən 10 gün sonra ailəsini gətirəcəyini deyərək Azərbaycana qayıtdı. Mən nə Azərbaycanda, nə də Suriyada heç bir cinayət törətməmişəm, heç bir məhkumluğum olmayıb. İnsan səhv etdiyini sonra anlayır, əməlimdən peşmanam. Amma sabah Qarabağda müharibə başlayarsa, ora getməyə hazıram”.

“Cihada qoşulmaq istəyirdim”

Təqsirləndirilən Elvin Əsgərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Suriyaya getdiyini etiraf etsə də, “Cəbhət Ən Nüsra”nın tərkibində olmadığını bildirib: “2012-ci ildən İslam dininin sünnü təriqətinin sələfi qolu üzrə üzrə ibadət edirəm. Suriyada baş verən prosesləri internetdən izləyirdim, məlumatlar toplayırdım, orada döyüş olduğuna görə müsəlmanlara kömək etmək niyyətindəydim, həm də cihada qoşulmaq istəyirdim. 2013-cü ilin fevral ayında evdən 300 dollar götürüb əvvəl Türkiyəyə, oradansa Suriyanın Artma şəhərinə getdim, “Abu Hafs”ın rəhbərlik etdiyi dəstəyə qoşuldum. Oraya sanki bir axın vardı. Suriyada cəmi bir həftə olmuşam, heç bir döyüşdə iştirak etməmişəm, təlimlərə getməmişəm”.

“Oradakılar bir-birlərinə qarşı döyüşürdülər”

E.Əsgərov bildirib ki, Suriyada olduğu müddətdə “Abu Hafs”a biət etməyib: ”Allah şahiddir ki, mən yalan danışmıram, əqidəmə ziddir. Suriyaya döyüşmək üçün gələnlər də vardı, hicrət edənlər, yaşamaq üçün gələnlər də. Ailə üzvlərimə, qardaşıma işləməyə getdiyimi demişdim. Onlar Suriyaya gedəcəyimi bilmirdilər. Ailəmi, azyaşlı uşaqlarımı Allah ümidinə qoyub getdim. Həlak olsaydım “əlhəmdülillah” öləcəkdim, bu niyyətlə getmişdim. Mən peyğəmbər (s.ə.s) yolu ilə gedənlərdənəm. Orada bir-birlərinə qarşı döyüşdüklərini gördüm, geri dönmək istədim.

Bir müddət sonra “Abu Hafs”ın dəstəsinin döyüş əməliyyatlarına aparıldığını eşitdim. Ona biət etməkdən imtina etmişdim. Müstəntiq deyirdi ki, sən “Cəbhətül Nusra”ya biət etmisən. Bu, mümkün deyildi. Çünki biət etsən, oradan çıxmaq olmaz. Mən biət etməmişəm. Ümumiyyətlə, baş verənlərdən təşvişə düşmüşdüm və Azərbaycana qayıtmaq istəyirdim. Ona görə də, martın 13-də geri qayıtdım”.

Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.