Talibanın siyasi qərargahı kimi tanınan Qəndəharda intiharçı hücumu həyata keçirilib

22-03-2024, 12:44           
Talibanın siyasi qərargahı kimi tanınan Qəndəharda intiharçı hücumu həyata keçirilib
Əfqanıstanın cənubunda, Talibanın siyasi qərargahı kimi tanınan Qəndəhar şəhərində həyata keçirilən intiharçı hücumu azı 3 nəfərin ölümünə və 10-dan çox insanın yaralanmasına səbəb olub.

Taliban rəsmilərinin bildirdiyinə görə, intiharçı bədəninə bağladığı partlayıcı qurğunu insanların maaşlarını almaq üçün New Kabul Bankı-nın qarşısına toplaşdığı vaxt işə salıb.

Şahidlər və rəsmilər yaralıların yerli xəstəxanaya aparıldığını, bəzilərinin ciddi xəsarət aldığını bildirib. Əfqanıstanın paytaxtı Kabildəki Taliban Daxili İşlər Nazirliyinin sözçüsü hücumun araşdırıldığını deyib.

Ölümlə nətucələnən partlayışın məsuliyyətini heç bir qrup üzərinə götürməyib.

Talibanın ali dini lideri Hibətullah Axundzadə fundamentalist qrupun yarandığı Qəndəharda yaşayır və Əfqanıstanı oradan effektiv şəkildə idarə edir.

Kabildəki yalnız kişilərdən ibarət Taliban hökuməti sadəcə olaraq Axundzadənin Qəndəhardan verdiyi fərmanları yerinə yetirir. Axundzadə yaşadığı şəhəri çox nadir hallarda tərk edir.

Axundzadə əfqan qızların 6-cı sinifdən sonra təhsil almasını qadağan edib. O, bir çox qadının dövlət və özəl idarələrdə işləmələrinə, bütövlükdə ictimai həyatda fəaliyyət göstərmələrinə qadağa qoyub.

Taliban hakimiyyəti 2021-ci ilin avqustunda, ABŞ-ın başçılıq etdiyi xarici qüvvələr Əfqanıstanda 20 il davam edən müharibədən sonra ölkədən geri çəkildikdə geri alıb.

De-fakto hökmət Əfqanıstandakı müxalifət qruplarını sıxışdırsa da, İslam Dövləti-Xorasan və ya Dayeş kimi tanınan terror qruplaşmasının regional qolu müntəzəm olaraq Taliban üzvlərini və ölkənin azlıqda olan şiə icmasını hədəf alan hücumlar planlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.