Olimpiya kompleksləri MMC-yə çevrilir - səbəb...

19-07-2018, 08:32           
Olimpiya kompleksləri MMC-yə çevrilir - səbəb...
Bu müəssisələrin 32-si Gənclər və İdman Nazirliyinin balansındadır və təsərrüfat hesablıdır

Ağcabədi Olimpiya İdman Kompleksi hüquqi şəxs statusu alıb. Belə ki, kompleks eyniadlı MMC kimi dövlət qeydiyyatına alınıb.

“Yeni Müsavat”ın məlumatına görə, “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunur ki, mayın 24-də dövlət qeydiyyatına alınan kompleksin nizamnamə kapitalı 17 milyon 412 min 728 manat təşkil edir.

Hüquqi ünvanı Ağcabədi rayonu, S.Vurğun, ev 220-də yerləşən kompleksin qanuni təmsilçisi Əyyub Həsənovdur.

Qeyd edək ki, Ağcabədi Olimpiya Kompleksinin tikintisi ilə bağlı prezident tərəfindən 2011-ci ilin mayında sərəncam imzalanıb. Sərəncamla tikinti üçün Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb. Kompleksin 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, bu, 2017-ci ildə reallaşıb. Ümumi dəyərinin isə 3,5 milyon manat təşkil etdiyi bildirilir.

Gənclər və İdman Nazirliyinin internet saytında yerləşdirilən məlumata görə, Ağcabədi Olimpiya İdman Kompleksi 2018-ci ildən fəaliyyət göstərir. Kompleksin ərazisi 5.5 hektardır.

Kompleksin ərazisində 951 tamaşaçı yeri olan universal zalı, üzgüçülük hovuzu, 20 otaqlı 57 yataq yeri olan mehmanxana, trenajor zalı, ağır atletika zalı mövcuddur. Kompeksdə həmçinin bağlı voleybol meydançası, bağlı mini futbol meydançası, 1067 tamaşaçı yeri olan futbol stadionu, mini futbol meydançası, basketbol meydançası, voleybol meydançası fəaliyyət göstərir.

Nazirliyin MÉtbuat xidmÉtinin rÉhbÉri SÉmayÉ MÉmmÉdova ile ilgili görsel sonucu

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın “Yeni Müsavat”a verdiyi məlumata görə, kompleksin MMC-yə çevrilməsi ölkə prezidentinin 2007-ci ilin iyununda imzalanmış “Dövlət əmlakının qorunub-saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən həyata keçirilib.

Nazirlik rəsmisi deyir ki, kompleks hüquqi şəxsə çevrilməlidir ki, işçiləri qeydiyyata almaq mümkün olsun: “Kompleksin hüquqi şəxsə çevrilməsi üçün nazirlik tərəfindən müəssisə təşkil olunur. Buna görə də Ağcabədi Olimpiya Kompleksi nazirliyin tabeliyində Məhdud Məsuliyyətli Cəmiyyət kimi təsis olunub. Tək bu deyil, digər komplekslər də belə təşkil olunub”.

S.Məmmədovanın dediyinə görə, ölkə üzrə mövcud olan 44 olimpiya idman kompleksinin 32-si nazirliyin balansındadır. Nazirliyin balansında olmayan Naxçıvan, Şərur, Bakı, Maştağa, Quba, Bərdə, Şamaxı, Masallı, Saatlı, Salyan və Sərhədçi olimpiya idman kompleksləridir.

Hazırda Gənclər və İdman Nazirliyinin balansında olan olimpiya kompleksləri təsərrüfat hesablıdırlar: “Lakin ərazisindən və funksiyalarından asılı olaraq dövlət tərəfindən onlara il ərzində müəyyən maliyyə dəstəyi göstərilir: kommunal xərclər üçün və sair. Qalan bütün xərclərini onlar özləri ödəyirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.