Bakıda qumarxanalar "qan" edirlər - Jurnalist qumar oynadı və soyuldu - VİDEO

9-02-2016, 18:20           
Bakıda qumarxanalar "qan" edirlər - Jurnalist qumar oynadı və soyuldu - VİDEO
Bakıda loto-qumar şəbəkəsi getdikcə genişlənir. Bu haqda dəfələrlə musavat.com saytında məlumat vermişdik. Bakının demək olar ki, bütün mərkəzi rayonlarında eyni dizaynda, eyni prinsiplərlə işləyən qumarxanalar var.

Musavat.com-un müxbiri də bu qumarxanalardan birində, Bakıxanov bazarının yanında, Eldar Xəlilov küçəsində fəaliyyət göstərən loto-qumar məkanında olub və müşahidələr aparıb. Bu məkanlar “Çay evi” adı ilə fəaliyyət göstərir, oyunlar axşam saat 19:00-da başlayır, gecə saatlarında qədər davam edir. Loto-qumar evləri açıq-aşkar fəaliyyət göstərir. Burada nələrin baş verdiyini bilmək üçün içəri girməyə ehtiyac yoxdur, sadəcə məlum məkanların qarşısından keçmək yetərlidir.

İnsanları cəlb etmək üçün obyektin qarşısında da işçilər durur və yoldan keçənləri, bu səs-küyün nə olması ilə maraqlananları içəri dəvət edir, oynamağa həvəsləndirirlər.

Həmin şəxslərə yaxınlaşaraq ,“Burada nə oynayırlar” - deyə maraqlanırıq. Dərhal “Loto oyunudur, gedin şansınızı yoxlayın, gəlin, gəlin…” - deyərək təşviq edirlər: “Hansı bürcsünüzsə, əsas onu seçin, uğur gətirəcək”.

İlk dəfə buraya gedənlər bürc məsələsinin nə olduğunu anlamaqda çətinlik çəkə bilər. İlk baxışda biz də bunu tam başa düşmədik.
Qapıdakıların “təkidi” ilə içəri daxil olduqdan sonra bürc məsələsinin mahiyyəti aydın olur. Lotereyaların kənar hissəsində bürclərin şəkillləri var. Bu isə insanlara psixoloji təsir vasitəsi kimi istifadə edilir. Hər kəs öz bürcünü əks etdirən biletin ona uğur gətirəcəyinə inanır.

Əyləşən kimi pürrəngi çay gəlir. Çaydan imtina etdikdə isə “Çay pulsuzdur, çayxananın “şot”unadır” cavabı alırsınız. Bu da oyunçuların əhvalını yaxşılaşdırmaq, onları daha çox oynamağa cəlb etmək məqsədi ilə təşkil olunan bir “tələ”dir.

Biz məkanda olduğumuz zaman bütün masalar dolu idi və qızğın oyun gedirdi. Ortada 5-6 nəfər lotereyada işləyən qızlar və oğlanlar gəzirdi. İki xanım ortada dolaşaraq “yanan” kartları toplayır və yenisini təklif edirdi. Onların işi yalnız kart paylamaqdır. Bundan sonra hamılıqla yeni oyuna başlamaq istəyənlər kartların pulunu masanın üzərinə qoyur və digər bir şəxs də pulları toplayırdı. Necə deyərlər, təşkilatçılıq yüksək səviyyədədir.

Burada ən böyük məsuliyyət torbadan daş çıxaran lotoçunun üzərinə düşür. Yüksək səslə nömrə 41 - “Vayna”, nömrə 60 - “Başıbatmış” və sair məzəli və bayağı ifadələrlə səslənərək, loto-qumarın gedişinə daha da “rəng qatırlar”.

Təqribən 200 kvadratmetrlik zalda 50-yə yaxın oyunçu var idi. Kartların satış qiymətinə gəlincə, 3 loto kartı 2 manat, 1 kart isə 1 manata təklif olunur. Bir oyun 10-15 dəqiqə davam edir. Bileti uduşa düşən şəxs “saxla”, “bəsti” ifadələri ilə biletinin udduğunu elan edir. Oyunçunun “bəsdi” ifadəsini “gözəl səsdi” ilə cavablayan lotoçu, kartı monitor vasitəsi ilə yoxlayır və qalibi elan edir.

Oyunlar elə peşəkarlıqla təşkil olunur ki, uduzanlar yenidən oynamaq və itirdikləri pulu geri qaytarmaq istəyirlər. İnsanların aşkar şəkildə “soyulması” da elə bu cür həyata keçirilir.

Oyun zamanı biz də bir neçə dəqiqəyə 10 manat uduzuruq. Səbəb isə odur ki, “Çay evi”ndə qumar oynamayanların masa “zanit” eləməsinə icazə verilmir.

Zalda oturanların sosial durumuna baxsaq, bu tələyə daha çox kasıb və imkansız insanların düşdüyünü açıq şəkildə görmək mümkündür. Oyunçuların əksəriyyətinin geyimindən, yorğun, narazı vəziyyətindən onların günəmuzd işləyən fəhlələr olduğunu demək olar. Qazandıqları cüzi vəsaiti “artırmaq” ümidi ilə buraya gəlsələr də, əslində, tələyə düşdüklərinin fərqində deyillər.

Loto-qumarın aşkar şəkildə nəqliyyatın və insanların intensiv hərəkət etdiyi ərazidə fəaliyyət göstərməsi bu məkanı işlədənlərin “arxasının” güclü olduğunu deməyə əsas verir.

Son günlər loto-qumar məkanlarının sayı sürətlə artsa da, bunun qarşısını almaq üçün hər hansı tədbir görülmür. Əksinə gündüz saatlarında yolda gənc qızlar və oğlanlar reklam vərəqələri paylayaraq, insanlar arasında loto-qumar oyunlarını təbliğ edirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.