“Azərbaycanda iş agentlikləri, bilirsiniz, nə ilə məşğuldur?”
17-02-2016, 20:42
Rusiyanın “Larixon Limited” şirkətinin baş direktoru və “66.ru” holdinqinin prezidenti Yevgeni Ostrovski Azərbaycandakı uğursuz biznesindən danışıb.
teref.az modern.az-a istinadən xəbər verir ki, iş adamı Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstanda iş axtarışı və vakansiya elanları verən saytlar yaratsa da, Azərbaycandakı ofislərini bağlamağa məcbur olub. O, ölkəmizdəki biznes fəaliyyəti zamanı 250 min dollar ziyana düşdüyünü deyib.
“Fevralın 1-dən biz ilk xarici istiqamətdə – 2 il əvvəl daxil olduğumuz Azərbaycandakı fəaliyyətimizə yenidən baxmalı olduq. Mən yenidən baxdıq deyəndə, işçilər bunu işin bağlanması adlandırırlar. Hər mənada uğursuz adlandırılacaq cəhdimiz bir neçə səbəbə görə baş tutmadı və bizə 250 min dollara başa gəldi. Bu hadisədən mən bir neçə dərs çıxardım.
Biz Azərbaycana daxil olanda tam mənası ilə əsl Avropa ölkəsi gördük. Bakı öz gözəlliyi ilə insanı heyran edən əsl Dubay idi. Amma bazarda boşluq var idi və iş saytları əsl sayt olmaqdan çox uzaq idi. Dünyada qəbul olunmuş biznes modellə biz Azərbaycanda genişlənməyə başladıq və 1 il ərzində aqressiv inkişaf edərək, üst pillələrə yüksəldik. Ənənəvi olaraq, ödəniş əsasında vakansiyaların daha cəlbedici olması və diqqət cəlb edən yerlərə yerləşdirilməsi servisindən istifadə etdik. Lakin maliyyə göstəricilərimiz çox aşağı olmaqda davam edirdi.
Digər tərəfdən Azərbaycanda yüzlərlə iri şirkət və minlərlə iş yeri olduğu halda, biz bir dənə də olsun iş elanı verən qəzet, yaxud elan lövhəsinə rast gəlmədik. 500-ə qədər şirkətə zəng elədik və müəyyən olundu ki, onların 1%-dən azı nə vaxtsa iş elan verib. Bu necə olur?
Paralel olaraq, Azərbaycanda işə götürülmə üçün iri şirkətlər namizəddən ən azı 2 işçisinin tövsiyə məktubunun olmasını tələb edir. Buradakı iş agentlikləri isə bilirsiniz, nə ilə məşğuldur? Onlar iş axtaran şəxslərdən vakansiya açılan iş yerlərinin ünvanına görə ödəniş alırlar. Tanışlıqla işə düzəlmək Azərbaycanda geniş yayıldığı üçün bu cür informasiyalar çox dəyərlidir. Ölkədə hamının dolandığı əsas mənbə dövlət büdcəsidir. Şirkətlərə effektlillik, şöbələrə nailiyyətlər lazım deyil.
Növbəti addım olaraq, Azərbaycandan sonra Qırğızıstana daxil olduq. Eyni şərq mentaliteti, eyni qohumbazlıq, kasıblıq və zəif inkişaf etmiş bazar. Lakin bu Orta Asiya ölkəsi məni fəth etdi. Qırğızıstandakı qədər xarici biznesə açıqlılıq, iş imkanları və mütəxəssislərlə mən heç yerdə qarşılaşmamışdım”.
Yevgeni Ostrovski “Job.kg”, “Rabota.az”, “Rabota66.ru” və s. iş elanı saytlarının rəhbəridir.
teref.az