Polkovnikin ölümü yenidən araşdırılacaq? – Bağlanmış cinayət işilə bağlı yeni məlumatlar
18-08-2017, 01:08
Məlum olduğu kimi, artıq bir müddətdir Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi ağır yol-nəqliyyat hadisəsi ictimaiyyətin diqqət mərkəzindədir.
Bu dəhşətli faciəni törədən Nail Allahverdiyevin məsuliyyətdən kənarda qalacağı iddia olunsa da, Daxili İşlər Nazirliyi hadisənin səbəbkarının kimliyindən asılı olmayaraq, həbsə alınacağını bəyan etdi. Həqiqətən də Nail Allahverdiyev barəsində cinayət işi açıldı və barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Hazırda Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasında saxlanılır.
Onunla yanaşı həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov da həbsə alınıb. Məhkəmə tərəfindən onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
Qeyd edək ki, bundan əvvəl də avtoxuliqanlıq edən, ictimai asayişi pozan, qəza törədərək insan ölümünə səbəb olan bir çox yüksək rütbəli məmurun övladı həbsə alınıb.
Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovun oğlu Rüstəm Orucovun törətdiyi xuliqanlıq hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb olunub, hazırda həbsdədir. Ölkə başçısının sərəncamı ilə atası tutduğu vəzifədən azad edilib.
Xalq artisti Ağasəlim Abdullayevin ailəsinin faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov da törətdiyi yol-nəqliyyat hadisəsinə görə həbs olunmuşdu. Eyni zamanda onun da atası ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilmişdi.
Bu siyahını uzatmaq da olar. Qeyd etdiyimiz kimi, insan ölümünə səbəb olan, avtoxuliqanlıq edən bir çox yüksək rütbəli məmurun övladı həbsə alınıb. Eyni zamanda valideyinləri də işdən uzaqlaşdırılıb. Bu da ölkə Prezidentinin belə hadisəlrə sərt münasibəti ilə birbaşa bağlıdır. Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Əlbəttə, ölkə Prezidentinin bu cür qəti mövqe ortaya qoyması məmurları da övladları üzərində nəzarəti daha da artırmağa, onların harınlayaraq xuliqanlıq hərəkətlərinə yol verməsinin qarşısını almağa sövq edir. Buna yol verənlərlə bağlı isə hüquq-mühafizə orqanları müafiq addımları atırlar.
Ancaq qəribə də olsa, hüquq-mühafizə orqanları bəzi imkanlı şəxslərin, iş adamlarının övladlarının törətdiyi hadisələrə eyni cür yanaşmırlar. Məsələn, artıq xeylı müddətdir ki, mətbuatda müzakirə olunan “Safa Holdinq”in və “Xaliq Faiq oğlu” MMC-nin faktiki sahibi, Bakıda çoxsaylı marşrutları, obyektləri olan Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi qəzaya görə məsuliyyətə cəlb edilməməsinin səbəbi ictimaiyyətə açıqlanmır.
Xatırladaq ki, Seyidovların adı general, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun Faiq Seyidovun nəzarətində olan marşrut xətlərindən birində sürücü olan Sənan Səmədovu vurub xəstəxanalıq etməsindən sonra gündəmə gəlib.
Novruzəli Orucovun mətbuata açıqlamasından belə məlum olur ki, oğlu sürücünü vursa da, əvvəlcə məsələ yoluna qoyulub, hətta tərəflər barışıblar. Sürücü şikayətini də geri götürüb. Lakin sonradan F.Seyidovun işə qarışdığı, hadisənin ictimailəşdirildiyi və general oğlunun həbs edildiyi bildirilir. Məsələ geniş ictimiyyətin diqqət mərkəzinə gətirildikdən sonra isə daha da böyüyüb və generalın işdən çıxarılmasına səbəb olub. Mətbuatda bu haqda çeşidli yazılar dərc edilib. General oğlunun sürücüyə qarşı cinayətinin ictimailəşdirilməsinə, böyüməsinə yol açan Faiq Seyidov və oğlu da diqqət mərkəzinə gəliblər.
Məlum olub ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov general Novruzəli Orucovun oğlundan heç də geri qalmır. Belə ki, mətbuatda yazılanlara görə, 2015-ci ildə Nəsimi rayonu ərazisində Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə Müdafiə Nazirlyinin baş zabiti, polkovnik Eldar Məmmədovu vurub. Polkovnik sonradan xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişmişdi. Qəza zamanı sükan arxasında “Xaliq Faiqoğlu” şirkətinin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov olub. Fakt üzrə cinayət işi başlansa da, az sonra istintaqçılar “cinayət tərkibi olmadığından” işə xitam veriblər.
Həmin vaxt bu hadisə maraqlı şəxslər tərəfindən ictimaiyyətdən gizlədilib. Bir neçə xəbər saytlarında vurulmuş şəxsin aldığı xəsarətlərdən vəfat etdiyi bildirilib.Məsələn həmin vaxt APA-nın yaydığı məlumatda bildirilirdi ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədov aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat edib: “Qeyd edək ki, məlum hadisə mayın 18-də 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.”(http://musavat.com/ news/son-xeber/Masinla-vurulan-polkovnik-leytenant-oldu_196725.html) .
Lakin qəribə də olsa zabiti avtomobillə vuran şəxsin kimliyi açıqlanmayıb. Sonradan isə məlum olub ki, Müdafiə Nazirliyinin zabitinin ağır xəsarət alması və aldığı xəsarətlərdən vəfat etməsi rəsmi şəkildə təsdiqlənməsinə baxmayaraq, qəzanı törədən şəxs- Xaliq Seyidov məsuliyyətdən kənarda qalıb. Halbuki, belə bir hadisənin baş verdiyi həm polkovnikin ailəsi, həm də Xaliq Seyidovun atası Faiq Seyidov tərəfindən də mətbuata verilən açıqlamalarda təsdiqini tapıb. Əldə olunmuş son məlumatlara görə, hadisədən sonra Xaliq Seyidovun sürücülük vəsiqəsi belə əlindən alınıb. Ancaq cinayət işinə hansı səbəblərdən xitam verildiyinə və Xaliq Seyidola bağlı hansı tədbir görüldüyünə aydınlıq gətirilməyib. İddiara görə, heç qəza zamanı “Təhlükəsiz şəhər” kameralarından çıxarışlar faktla bağlı başlanan cinayət işinə əlavə olunmayıb..
Düzdür, polkovnikin qardaşı Seyfəddin Məmmədov “Yeni Müsavat”a açıqlamasında verib. Deyib ki, qardaşının ölümündən dolayı başlanmış cinayət işinə qarşı tərəflə – Faiq Seyidovla barışdıqlarına, şikayətçi olmadıqlarına görə xitam verildiyini bildirib.
Ancaq hüquqşünasların fikrincə, qarşı tərəfin şikayətçi olmaması cinayət işinə xitam verilməsinə əsas ola bilmezizəz. Məsələn, bunula bağlı açıqlama verən vəkil Əziz Qənbərov deyir ki, mətbuatdan bu mövzu haqda yazılanlarla tanışdır:“Faiq Seyidovun oğlunun törətdiyi qəza Cinayət Məcəlləsinin 263-cü maddənin 2-ci bəndinin təsiri altına düşür. Yəni ictimai ittiham qaydasındadır. Həmin maddənin sanksiyasında az ağır cinayət hesab olunur və tərəflərin barışması həmin cinayət işinin xitam olunması üçün əsas ola bilməzdi!”.
Vəkil deyir ki, Cinayət Məcəlləsin özündə də dünyasını dəyişmiş şəxsin yerinə onun qəyumu, yaxını, hüquqi nümayəndəsi və ya varisinin bağışlamaq hüququ nəzərdə tutulmur. Belə də cinayət işinə xitam verilməsinin səbəbi qaranlıq qalır.
Ölümlə nəticələnə qəza törədən ən yüksək rütbəli məmurların belə övladları həbsə alındığı halda, torpaqlarının 20 faizi işğal altında olan ölkənin Müdafiə Nazirliyini zabitinin ölümünə səbəb olan hadisən törədən şəxsin məsuliyyətdən kənarda saxlanılmasını əlbəttə izah etmək çətindir.
“AzPolitika.info”ya daxil olan son məlumatlara görə, bu məsələnin ictimailəşməsi hüquq-mühafizə orqanlarının rəhbərərinin də diqqətini cəlb edib. Polkovnikin ölümü ilə nəticələnən hadisənin yenidən araşdırılması gözlənilir. Hətta bu istiqamətdə müəyyən addımların atıldığına, ölümlə nəticələnən qəzaya görə niyə heç kimin məsuliyətə cəlb olunmamasının araşdırılmasına dair tapşırıqların verildiyinə dair iddialar var. Bunun nəticəsi isə yəqin ki, yaxın vaxtrda bilinəcək.
Azpolitika.info