Stalinin Bağırova son sözü və ... - Güney Azərbaycan arzusu belə dəfn edilir...

1-08-2022, 10:58           
Stalinin Bağırova son sözü və ... -
Stalin:
- Yoldaş Bağırov, sən kimsən?
Mir Cəfər Bağırov susur. Stalin təkrar edir:
- Soruşuram, sən kimsən?
Bağırov cavab verir:
- Siz ki bilirsiniz, mən kiməm: Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi.
Stalin:
- Yox, sən əsl səfehsən!
Bağırov susur, Stalin davam edir:
- Sən üçüncü dünya müharibəsini başlamaq istəyirsən? İstəyirsən ki, amerikalılar bizə nüvə hücumunu hədiyyə etsinlər? Niyə Cənubi Azərbaycandan bizim silahlı qüvvələrin çıxarılması ilə bağlı əmrimi yerinə yetirmirsən?
Bakının sahilə baxan binalarının birində səs səsə qarışmışdı. Döyüş gedir, “Azadlıq” hayqırtıları, güllə və qılınc səsləri qulaq batırırdı. Bu, üzü dənizə baxan Azərbaycan İstiqlal Muzeyinin binasında “uyuyan tarixin” röyalarından gələn səslər idi. Muzeyin guşələrini gəzdikcə, elə bilirsən tarixi gəzib gəlmisən. Şərəfli və kədərli Cənubi Azərbaycan tarixi guşəsinin ən dəyərli eksponatlarından biri Milli Demokratik Respublikanın müdafiə naziri, general-mayor Cəfər Kavianın mundiri, dəfələrlə auksionda yüksək qiymətə alınması təklif olunan qızıl işləməli “Səttarxan” ordeni, “21 Azər” medalı, Təbriz qoşunları komandanının qılıncı, Seyid Cəfər Pişəvərinin general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, əmr və nizamnamələrin surəti, Səttarxanla Cəfər Kavianın atası Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli adamı sanki ovsunlayır. Anlayırsan ki, bura bir də gəlməlisən, nəyin, necə, niyə baş verdiyini öyrənməlisən, oxumalısan, bilməlisən. Amma bütün olanları olduğu kimi, təhrif etmədən çatdıran olacaqmı?
Öyrənirəm ki, Cəfər Kavianın üç oğlu və üç qızı Bakıda yaşayır. Eksponatları muzeyə oğlu Marks Kavian Arazın o tayından minbir əziyyətlə gətirib və illərlə qoruyub-saxlayıb. Muzeyin əməkdaşları onunla əlaqə yaratmağıma yardımçı oldular və biz, telefonda razılaşdığımız kimi, elə İstiqlal Muzeyində də görüşüb söhbətləşdik.
Cənubi Azərbaycan Demokratik Respublikasının müdafiə naziri olmuş Kavian Cəfər Məhəmmədəli oğlu 1895-ci ildə Təbriz yaxınlığındakı Səhlan kəndində kəndli ailəsində anadan olub. İlk təhsilini ruhani məktəbində alıb. Atası Məhəmmədəli qardaşı İsrafillə birlikdə azadlıq hərəkatının fəallarından, gizli inqilabi hərəkatın məşvərətçisi və Səttarxanın yaxın silahdaşı idi. Hərəkat yatırıldıqdan sonra Məhəmmədəli həbs olunub və işgəncələrə dözməyərək vəfat edib.
Səttarxan hərəkatına fədai kimi lap gənc yaşlarından qoşulan Cəfər Kavian, iki adla - gənc ikən Məşədi, milli hökumətin milli qoşunlar vəziri olanda isə General Cəfər Kavian kimi tanınır. İnqilabdan sonra isə qardaşını da götürüb mücahidlərlə birlikdə Bakıya pənah gətirir və iki qardaş 1912-1914-cü illərdə Bakıda yaşayaraq dərziliklə məşğul olurlar. 1914-cü ildə Cənubi Azərbaycana qayıdan Cəfər 1918-ci ilə qədər inqilabi və gizli Sosial Demokrat partiyasının işləri ilə məşğul olur. Fasilələrlə Naxçıvanda və Bakıda yaşasa da, 1920-ci ildə gizli şəkildə yenidən Təbrizə qayıdır və Şeyx Məhəmməd Xiyabani hərəkatında milli fədai başçısı kimi fəaliyyət göstərir. Şeyx Məhəmməd inqilabı məğlub olandan sonra Əbül- Yasin Lahrudi inqilabına qoşulur və fədai başçısı təyin edilir. Hərəkat dayandırıldıqda isə, Kavian mühacirlərlə birlikdə Tiflisdə birləşmiş Qafqaz partiyasına qoşulur. 1922-1924-cü illərdə partiyanın göstərişi ilə Bakıya, Partiya məktəbində təhsil almağa gəlir...
Daha sonra İrana qayıdan Kavian1930-cu ilin sonlarında həbs edilir. Məhkəmənin 3472/14 nömrəli qərarında deyilir: "Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də, Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci maddəsi ilə cəzalandırılaraq həbs olunurlar. Hökm yerinə yetirilir."
Kavian ömrünün çox hissəsini zindanda keçirib. Onu həbs edən Ələkbər xan ona zindanda olmazın işgəncələr verib, hətta qızı ilə görüşməyə belə, imkan yaratmayıb. Bütün bu zülmlərə dözən Kavian Ələkbər xana deyib:
“Nə bacarırsan elə, bir gün gələcək, sənin paqonlarının yerinə mıx çalacağam”. Marks müəllim deyir ki, on beş il sonra xəstə düşən Kavian öləcəyindən və qisasını ala bilməyəcəyindən ehtiyat edərək, Ələkbər xanın öldürülməsi üçün silahlı dəstə göndərir, zülmü dillərə dastan olan Ələkbər xan öldürülür və şah ölkədə yeddi günlük matəm elan edir. 1945-ci ildə Təbriz şəhərində “Nollar” adlı fədai partizan dəstəsinin yaradılması haqqında Cəfər Kavianın qeydlərində deyilir: “Yerli mürtəce hökumətin üzvlərindən biri olan Azərbaycan İttilaatı- Dövlət təhlükəsizlik idarəsinin rəisi general Ələkbər xan Vəkili səhər evindən çıxıb işə gedərkən, əvvəlcədən müəyyən etdiyim yerdə dörd nəfərlik partizan (fədai) dəstəsi tərəfindən (Sadıq Dadar, Əsi Şahbazi, Şahməmməd, Əhməd Vəkili) mənim göstərişimlə öldürülmüşdür. O şəxs Rzaxan hökümətinin sadiq nökəri və Azərbaycan xalqının düşməni idi. O, 1930-cu ildə və ondan sonrakı illərdə azadlıq sevənləri öldürüb, işgəncəyə məruz qoymuşdur. O cümlədən, Təbriz həbsxanasında mənə və mənim ailə üzvlərimə də çoxlu əzab-əziyyət vermişdir. Mürtəce və satqın Ələkbər xan Vəkilinin ölümü yerli hökumət dərgahında işləyən vəzifəli şəxsləri daha da vahiməyə salır, hətta bəziləri şələ-şüləsini yığaraq Tehrana qaçırlar”.
Həbsdən sonra azadlığa çıxaraq yenidən Azərbaycanın Zəncan şəhərinə sürgün edilən Cəfər Kavian, 1941-ci ildə Sovet ordusu İrana gəldikdən sonra azad edilərək Təbrizə qayıdır və 1944-cü ilə qədər Təbrizdə müxtəlif antifaşist, xalq partiyalarının yaranmasında yaxından iştirak edir.
1945-ci ildə Azərbaycan Demokratik Partiyasının yaradılmasından sonra partiyanın Mərkəzi Komitəsinin üzvlüyünə seçilir və Azərbaycanda partizan hərəkatına başçılıq etmək ona tapşırılır. Milli hökumətin təşkili ərəfəsində hərbi nazir təyin olunaraq, general rütbəsinə qədər yüksələn Kavian göstərdiyi xidmətlərə görə MK-nın, Azərbaycan Milli hökumətinin və Milli Məclisin qərarı ilə “Səttarxan” ordeni və “21 Azər” medalı ilə təltif olunur.
- Atam bizi götürüb yenidən Təbrizə qayıdır,- deyə, Marks müəllim söhbətinə davam edir. - O, inqilabi, antifaşist təşkilatlarda çalışmaqla bərabər, Pişəvəri, Doktor Cavid, Şəbüstəri və Padiqanla birləşərək artıq Milli Hökumətin yaranmasının vaxtı çatdığı qərarına gəlirlər. Onun mükəmməl hərbi bacarığından istifadə etməyə başlayırlar. Atam partizan hərəkatına rəhbərlik edir. Bütün məsələlər öz həllini tapandan sonra Mili Hökumət yaradılır və Cəfər Kavian Milli Məclis tərəfindən Milli Hökumətin müdafiə naziri təyin olunur. Pişəvəri Milli Hökumətin görünən tərəfi idi, Kavian görünməyən tərəfi. Partizan hərəkatının yaradılmasından tutmuş, fədailərin silahlanmasına qədər bütün işlər atamın ixtiyarına verilmişdi. Fədailər Təbrizi şahın zülmkar qoşununun əsarətindən təmizləyirlər. Təbriz nəzarətə götürüldükdən sonra şah ordusunun komandanı təslim olmaq məcburiyyətində qalır. 1945-ci ilin dekabr ayında komandan, general Ələkbər Derəxşani təslim aktını imzalayır və ona həvalə edilmiş rəmzi komandan qılıncını Milli Hökumətin müdafiə naziri general Cəfər Kaviana təhvil verir.
Söhbət zamanı generalın oğlu atasının tarixi şəxsiyyət kimi tanınmamasının səbəblərindən danışdı. Dedi ki, tarixi faktlar bilərəkdən saxtalaşdırılır: “Bəzi adamlar Pişəvərini qabağa verib ondan istifadə edərək kitab yazırlar. İstəyim odur ki, Milli Hökumət, Pişəvəri haqqındakı nəsə yazmaq istəyənlər sənədlərlə, tarixi faktlarla tanış olsunlar. Bütün sənədləri İstiqlaliyyət Muzeyinə vermişəm. Gedib tanış olsunlar və görsünlər ki, Milli Hökluməti quranlar, yaradanlar kimlərdi, ona rəhbərlik edənlər kimlər.”
1946-cı ildə Sovet Azərbaycanına pənah gətirən Cəfər Kavian ömrünün sonuna qədər burada yaşayır. Milli Hökumətin qısa müddətdə süquta uğramasında isə rəhbərlərin və fədailərin günahı yox idi. Demokratik Respublikanın süqutu haqqında M. C. Bağırovun köməkçilərindən biri olan Mütəllim Babayev xatirələrində təsadüfən İ. Stalinlə M. C. Bağırovun telefon danışığını eşitdiyini deyirdi. Rəhbər Bağırovu, onun qoşunları Cənubi Azərbaycandan çıxarmaq tapşırığına əməl etmədiyinə görə tənbeh edirdi: “1944-cü ildə faşist Almaniyasına qarşı ikinci cəbhə hücuma başlayanda İ. Stalinin yeni göstərişini aldıq: “Sovet silahlı qüvvələri Cənubi Azərbaycandan çıxarılsın!” Lakin bu tapşırığı Mir Cəfər Bağırov çox həvəssiz və ləng yerinə yetirirdi. O, yaxşı bilirdi ki, qoşun çıxarılsa, şah ordusu Demokratik Respublikanın bütün qurumlarını darmadağın edəcək, adamlara divan tutacaq. Pişəvəri ilə telefon danışıqlarında hər şeyi açıb-ağartmaq istəmir, qoşunlarımızın orada olmasından isitifadə edərək adamların və gərəkli avadanlıqların sərhədin bəri tayına keçməsi tapşırığını verdi. Pişəvəri isə bu qərarla heç cür razılaşmaq istəmir, telefon xəttində az qala qışqırırdı: “Bu, xəyanətdir, biz belə danışmamışdıq!”
Pişəvəridən söz düşmüşkən, Marks müəllim onun ölümü ilə bağlı səslənən müxtəlif versiyalara aydınlıq gətirir. Deyir, Pişəvəri İrandan Şimali Azərbaycana keçib, burada sığınacaq tapmış insanlarla görüşmək üçün rayonlara səfər edirdi. Nuru Quliyev və Qulam Yəhya Danişyan səfərlərində onu müşayiət edirdi. Gəncəyə gələndə səhər saat dörddə Pişəvərini oyadırlar ki, Şəkiyə qonaq gedirik. Günün o vaxtı qalxıb qonaq getmək ağlabatan olmadığından, Pişəvəri getmək istəmədiyini bildirir. Yola çıxası olurlar. Nuru Quliyevlə Qulam Yəhya yuxularının gəldiyini bəhanə edərək arxa oturacaqlarda otururlar. Yevlax yaxınlığında sürücü Pişəvəri oturan tərəfi körpüyə çırpır. Pişəvəri yaralı halda Yevlax xəstəxanasına aparılır. Yevlax təhlükəsizlik şöbəsinin sədri Lətif Salayev hadisə yerinə gələrək maşının qabaq hissəsinin vurulduğunu görür. Salayev sürücü Qarnik Melikyanın ciblərini yoxlayarkən bir ədəd “Valter” tapançası və on min manat pul tapır. Salayev onun yanında qarovul qoyub, xəstəxanaya, Pişəvərinin yanına gəlir. Onu görən Pişəvəri -“xəyanət, xəyanət, xəyanət”- deyə, zarıyır. Salayev ondan soruşur: “ Yoldaş Pişəvəri, avtomobil sizin, sürücü sizin, nə xəyanət?” Pişəvəri isə bildirir ki, nə maşın onundur, nə sürücü: “Hər ikisi Qulam Yəhyanındır. İran şahı məni öldürə bilmədi, amma bunlar mənim axırıma çıxdı”. Hadisədən bir gün sonra canını tapşıran Pişəvəri Buzovnadakı Nobel bağında dəfn edilir. Marks müəllim deyir ki, bu hadisə baş verəndə onun on yaşı olub. Atası onu Pişəvərinin dəfninə aparmışdı. Mərasimdə Milli hökumətin görkəmli simalarından Padiqan, Qiyami Pənahiyan, Azər, Qulam Yəhya və başqaları iştirak edirdi. Qulam Yəhya başı tənzifli dəfnə gəlmişdi. Amma Qulam sonralar öz xatirələrində yazmışdı ki, Pişəvərinin öldüyündən üç ay sonra xəbər tutub. Marks müəllimin dediyinə görə, Əkrəm Rəhimlinin (Bije) “Seyid Cəfər Pişəvəri” kitabının 195-ci səhifəsində yazılır ki, rəsmi toplantıda Pişəvərinin əmisi oğlu və bacısının əri olan Mirağa Azəri üzünü Qulam Yəhyaya tutub belə bir ittiham səsləndirir: “Qulam Yəhya, Pişəvərini sən öldürdün ki, onun yerinə keçəsən”. Marks Kavian iddia edir ki, 1947-ci ildə Pişəvərinin fədailərlə görüşə general-mayor Cəfər Kavianla yox, məhz Qulam Yəhya ilə getməsi hələ də şübhə doğurur.
Sovet Azərbaycanına pənah gətirəndən sonra Mir Cəfər Bağırovla tez-tez görüşərmişlər. Cəfər Kavianın istəyinə əsasən, Bağırov ona Razin qəsəbəsində üçotaqlı mənzil verir. O evdə indi oğlu Marks Kavian ailəsi ilə birlikdə yaşayır. Marks Kavian danışır ki, Bağırovla atasının arasında belə bir söhbət olmuşdu:
Bağırov: “ Eşitmişəm ki, siz oğlunuzu Təbrizdə güllələmək istəmisiniz?” Atam başa düşür ki, bunu ona xəbər veriblər: “Yoldaş Bağırov, mənim oğlum bilmədən iş yoldaşını öldürüb. Bunu eşidən kimi evə gəlib onu güllələmək istədim, amma buna imkan vermədilər. Belə olan halda, onu dərhal həbs etdirdim. Bir müddətdən sonra mərhumun ailəsi və qohumları şikayətçi olmadıqlarını bildirdilər. Məhkəmə oğlumun günahsız olduğunu bildirdi və ona, sadəcə, şallaq cəzası kəsdi. Mən onun Təbrizdə qalmasını istəməyib, Bakıya, hərbi məktəbə göndərdim.” Bağırov atama dedi: “Sən düz iş görmüsən, o, sadəcə, bədbəxt hadisə idi. Bilirsən, elə şeylər var, edirsən, amma sonra peşman olursan. Mənim oğlum döyüşdə həlak oldu. Mənə deyəndə ki, onun cənazəsini gətirək Vətəndə dəfn edək, razı olmadım. Krıma gedib, onu başqa əsgərlərlə birgə oradaca dəfn elətdirdim. İndi isə buna peşmanam.” Bu vaxt Bağırovun gözləri dolmuşdu. Sonralar məlum olur ki, o, oğlunun cənazəsini Bakıya gətirdərək dəfn etdirmişdi.
Araşdırma zamanı məqalələrin birində o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Cəfər Kavianın yetmişinci illərdəki münasibətləri haqqında olan məqam diqqətimi çəkdi. Oğlu Marks deyir: “ Yadıma gəlir ki, atam Heydər Əliyevlə tez-tez telefonla səmimi söhbət edərdi. O, bizim yaşadığımız evə də gələrdi. Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində olanda o, bir gün atamı yanına dəvət etdi. Atam nasaz olduğundan, məni də özü ilə apardı. O vaxtlar atam darıxırdı, qüssədən, kədərdən tez-tez xəstələnirdi. Təbriz hadisələrindən danışan zaman atamın halı pisləşdi. Heydər Əliyev dərhal ona təcili yardım çağırtdırdı və ona tibbi yardım göstərildi. Vidalaşıb ayrılanda atam paltosuna əl uzatdı. Heydər Əliyev ona kömək etmək istəyəndə atam etiraz etdi. Atamın etirazına qarşı böyük şəxsiyyət Heydər Əliyev səmimiyyətlə dedi: “Hörmətli Vətən generalı! Biz polkovniklər Sizin qulluğunuzda dayanmağa həmişə hazırıq!”
Sovet hökumətindən ailəsinə Kavianın Fəxri Xiyabanda dəfn edilməsi təklif edilsə də, onlar heç vəchlə buna razı olmur. O, əmanət məzar kimi, nə zamansa yenidən doğulduğu şəhərdə dəfn edilməsi məqsədi ilə, taxta qutu içində Bakıdakı məzarlıqlardan birində dəfn edilir.
“Əziz Kavian! Biz sənin, xalqına və Vətəninə olan borcunu artıqlaması ilə ödədiyinə şəhadət veririk. Sənin pak məzarın qarşısında and içirik və səni əmin edirik ki, sənin amal və arzularını həyata keçirmək uğrunda son nəfəsimizə qədər çalışacağıq.”- Sadıq Padiqan.
İstiqlal Muzeyində tarixi şəxsiyyət-- general-mayor Cəfər Kavianın oğlu Marks Kavianla söhbətimiz bitmək bilmirdi. Əlimdəki sənədlər, məqalələr haradan başlayacağım barədə qərarımı dəyişmişdi. Əlbəttə ki, “21 Azər” jurnalındakı Demokratik Respublikanın yaranmasına dair müxtəlif materiallar, publisist, istefada olan polkovnik-leytenant Şəmistan Nəzirlinin “Yada düşdü” jurnalındakı “General Cəfər Məmmədzadə” adlı məqaləsi, “Azərbaycan” qəzetinin 20 dekabr, 1945-ci il sayında çıxan “Xalq Qoşunları vəziri Ağayi Cəfər Kavian” başlıqlı yazı, Cəfər Kavianın öz dəst-xətti ilə yazdığı tərcümeyi-hal, 1975-ci ildə Cəfər Kavianın dəfn mərasimi zamanı Sadıq Padiqanın nitqinin və digər sənədlər, yazılı, internet və video materiallar bizim, hadisələrə daha geniş prizmadan yanaşmağımız üçün kifayət edirdi, amma imkanlarımız məhduddur - cəmi iki qəzet səhifəsi. Mövzuya yenidən qayıtmağın lazım olduğunu deyə bilmərəm, amma İstiqlal Muzeyinə gəlmək lazımdı, həm də dönə-dönə.
atv.az
2015












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.