İztirab insan dəyişə bilmədiyi şeyi dəyişmək istəyəndə başlıyır.
5-01-2023, 01:10
Stoisizm
Stoisizmin ən vacib xüsusiyyətlərindən biri onun praktikliyidir.
Bu baxımdan stoisizm özü bir təlim kimi insana öz xarakterini yaxşılaşdırmaq, öz gündəlik fəaliyyətini və şəxi davranışlarını daha uyğun idarə edə bilməsi üçün Tətbiqi Fəlsəfənin əsas predmetlərindən birinə çevrilə bilər.
Eramızdan əvvəl 3-cü əsrdə Afinada uzunluğu 40, eni 12.5 metr, yanları açıq və çoxsaylı sütünları olan “Boyalı Stoa” (Ποικίλη Στοά) adlanan tikilidə Zenon Kitionlu (Ζήνων ὁ Κιτιεύς) camaat qrşısında çıxışlar etməyə başlıyır. O özünün bu cür müntəzəm çıxışları ilə yeni fəlsəfi məktəbin təməlini qoyur. Bu o vaxt mövcud olan ümumi məktəblərdən sayca üçüncüsü idi.
Zenonun çıxış etdiyi yerin adı Stoa ( Στοά) olduğu üçün bu fəlsəfi cərəyanın özünə "Stoisizm" (Στωικότητα) davamçılarına isə "Stoiklər" deyilir. Stoiklər sırasında hər cür statusa malik məşhur insanlar, o cümlədən yazıçı Zenon, qul Epiktet, imperator Mark Avreliy, dövlət xadimi Seneka, filoloq humanist Yust Lipsiy də var.
Stoisizm insanın necə xoşbəxt yaşaya bilməsi haqqında fələsfi təlimdir.
Stoiklərə görə həyatda düzgün yaşamağın yolunu tapmaq üçün 3 şeyi bilmək lazım :
1. Necə düzgün düşünməli, bunun üçün məntiq elmini
2. Dünyan necə işliyir, bunun üçün fizika elmini ;
3. Bu iki bənddən özüm üçün gələ biləcəyim nəticə nə olmalıdır onu anlamaq üçün etika elmini bilmək lazımdır.
Bu təlimin sas prinsipi bizim nəzarətimizdə olan və olmayanları ayırd etməyimiz və səylərimizi birinciyə cəmləməli, ikinciyə isə vaxt itirməməli olmağımızdır.
Stoisizm baş verən bütün hadisələri 2 hissəyə bölür : bizim nəzarətimizdə olanlar və bizim nəzarətimizdə olmayanlar.
Biz nəzarətimizdə olanları dəyişdirə bilirik, nəzarətimizdə olmayanları dəyişdirə bilmirik.
İnsana dəyişdirə bilmədiklərini olduğu kimi qəbul etməsi üçün rahatlıq, dəyişməsi mümkün olanı dəyişə bilmək üçün cəsarət və hər zaman dəyişdirilə bilənlə, dəyişdirilə bilməyənin bir-birindən ayıra bilməsi üçün ağıl lazımdır.
Biz fiziki qanunları dəyişə bilmərik, amma, istənilən fiziki qanunlara və hadisələrə münasibətimizi dəyişə bilərik. Öz mənəvi seçim və qərarlarımızı, hadisələrə münasibətimizi, davranışımızı, düşüncə tərzimizi, ruh halımızı və nəticədə həyatımızı dəyişə bilərik.
Yalançı və yanlış ehtiraslardan qurtulan əsl stoiki öz yolundan heç nə döndərə bilməz. Yanlış ehtiraslardan qurtulmanı ifadə edən yunan sözü APATEİA dilmizə ruscadan keçmiş (апатия) apatiya mənasına gəlmir, yəni bu laqeydlik, etinasızlıq, həvəssizlik yox əslində bu hisslərin zəkamızın işinə qarışmaması, hisslərin zəkamıza mane olmaması, necə soyuqqanlı, ehtirassız, qərəzsiz olmamız anlamına gəlir.
Müdrik adam paxıllığa, qəzəbə, nifrətə, diqqət yayındırıcı anlara, destruktiv hadisələrə və qeyri adekvat insanlara qarşı özünü alınmaz qalaya çevirməlidir. Sənin daxili sarayın yad ayaqların girişinə qapalı olmalıdır.
Diqqətimiz lazımsız kənar ideyalara yayınmayanda, kənar qıcıqlara reaksiya verməyəndə özümüzü rahat hiss edirik, sakit oluruq və həmin anı xoşbəxt yaşıyırıq. Stoiklərə görə həyatda əsl xoşbəxtlik qəlbrahatlığı ilə yaşadığın soyuqqanlı anların ümumi cəmidi.
Amma stoiklər insanları qohum və dostları sevməməyə, onlara qayğı göstərməməyə çağırmırdılar. Onlar sadəcə qəbul edilməsi çətin olan sərt həqiqəti deyirdilər: biz hamımız ölümlüyük və sevdiklərimizdən heç biri bizə aid deyil və əbədi olaraq bizimlə qalmır !
NEOSTOİSİZM
İrsi köklərə qayıtma və disiplinli cəmiyyət
Yust Lipsi - Justus Lipsius (1547 - 1606) neostoisizmin əsasını qoyan, Hollandiyalı filosof, tarixçi, filoloq, klasik latın dili bilicisi olub.
Neostoisizm (stoisizmin renesansı) XVİ əsrin sonunda stoisizmlə xristianlığın sintezindən yaranan eklektik (eklektizm - ἐκλέγω «seçmək» - müxtəlif fəlsəfi konsepsiyalardan ideyaların seçilərək mənimsənməsi ) fəlsəfi cərəyandır.
Yust 1578-ci ildə kalvinist (kalvinizm - teoloq Jan Kalvinin yaratdığı protestantizm cərəyanı) Leyden Universitetində professor dərəcəsi aldıqdan sonra öz məşhur “Davamlılıq” (De Constantia) və "Siyasət" adlı əsərlərini yazır. Onun neostoisizm fəlsəfəsi 16-cə əsrin sonu 17 – ci əsrin əvvəli Avropada “disiplinli cəmiyyət” ideyasının, modern toplum və dövlət prinsiplərinin əsasını təşkil edir. “Disiplinli cəmiyyət” proqramının əsasında “təməllərə dönüş”, “köklərə qayıdış” (ad tergum basics) lozunqu durur. Əsasında stoisizm duran bu lozunq reformasiya başladır, bu isə Avropada yeni ideyanın, “sənət və siyasət” ideyasının yaranmasına gətirir.
Onun traktatlarında disiplin və özdisiplin (intizam və özünütərbiyə) çoxsaylı hərbi metaforalarla təsvir olunur. Yustun bu nəzəriyyəsi əsasında onun tələbələri Avropanın ən güclü ordusunu, Holland ordusunu qurur. 1648-ci ildə müstəqillik qazanmaları ilə bitən 140 illik holland-ispan müharibələrinin nəticəsinə görə müasir Holland xalqı Yust Lipsinin neostoisizm ideyalarından bəhrələnən admiral Moris Oranskiyə (1585 – 1609) minnətdar olduqlarını deyirlər. Holland ordusu Britaniyalı dövlət xadimi, general-leytenant Oliver Kromvel (1599-1658) üçün də ordu quruculuğunda praktiki nümunə olur və bu iki ordu (Britaniya və Hollandiya) kontinental Avropa üçün ilhamverici gücə çevrilir...
Neostoisizmə görə həqiqi müdrik insan zərurət qanununu (lex necessitatis) cəsarətlə qəbul etməli və özünü davamlılıq, dözümlülük, yenilməzlilik kimi stoik fəzilətlərlə (constantia, patitia, firmitas) silahlandırmalıdır.
Davamlılıq “xarici şəraitin və təsadüfi halların təsiri altında artmayan və ya azalmayan zehnin əmin və sarsılmaz gücü” kimi müəyyən edilir.
Müdrik adamın itirəcəyi heç nə yoxdur: bütün var-dövləti özündədir, fortunaya (uğura) nə heç nə tapşırmayıb nə də heç nə sifariş etməyib; təsadüfün hədiyyələrinə ehtiyacı olmayan və buna görə də azalıb arta bilməyən öz fəziləti ilə kifayətlənir. Özünün verdiyindən başqa fortuna ondan heç nə ala bilməz. Fortuna fəzilət verə bilmədiyi üçün onu geri də götürə bilmir.
Xristianlıq və stoisizm sintezindəki ən böyük toqquşma determinizm (bütün hadisələrin və proseslərin qarşılıqlı əlaqəli olması haqqında universal - ümumbəşər səbəbiyyət doktrinası) məsələsini doğurdu. “Qədərə görə baş verən hər şey zərurətə görə baş verir ki, bu da öz növbəsində İlahi iradə ilə müqəddəsləşir” fikiri ilə çıxış edən stoiklər materialist-panteist (panteizm - təbiətlə Allahın vəhdət təşkil etdiyini söyləyən neoplatonik fikiridir) mövqedən çıxış edirdilər ki, bu da nə katolikləri nə də protestantları qane də bilməzdi.
Buna görə onlar öz aralarında elə bir razılığa gəlirlər ki, bəzən xristian bəzən stoisizm ideyaları önə çıxır və bu da stoisizmi katolisizm və protestantizmin ortak konsepsiyasına çevirir. Avropa öz irsi kökünə qayıdaraq yeni modern və disiplinli cəmiyyət və dövlət qurulması işini davam etdirir.
Disiplin deyərkən bu hisslərin, düşüncənin və hərəkətin (fəaliyyətin) disiplənməsi, yəni bu hər üç hissin nəzarət altına alınmasıdır.
TF
Əzmkarlıq iki tərzdə özünü göstərir : israr və müqavimət.
İsrar hər şeyə rəğmən irəli getmək, müqavimət isə təslim olmamaqdı. Ən böyük “israr gücü” bütün uğursuzluqlara və çətinliklərə rəğmən daim irəli gedə bilmək və ən böyük “müqavimət gücü” öz nəslindən gələn irsi qüsurların və öz şəxsi vərdişlərinin quluna çevrilməməkdi.
İnsan yetkinləşdikcə təbii instinktlərdən mülahizələrə doğru getməlidir.
Ordu quruculuğundakı disiplin önəmi mülki vətəndaşlara, cəmiyyətə sirayət edildikdə bu mütləq öz bəhrəsini ümumi dövlət quruculuğunda göstərmiş olur. İntizam/disiplin hərbin əsas uğur meyarı olduğu kimi, bəzi hərbi disiplin qaydalarının bütün cəmiyyətə sərgilənməsi sağlam və uğurlu cəmiyyət quruculuğunda müstəsnə rol oynayır. Hollandların, Yaponların, İngilislərin, Almanların və Türkiyəlilərin bacarıqlı və intizamlı iş adamları olmasının təməlində bu faktorun, bu ölkələrin disiplinli hərbi sisteminin olmasının xüsusi rolu var..
Stoisizm təliminin əsas prinsipi Quranın (57:23) Hədid surəsi, 27-ci ayəsində aydın ifadə olunur :
“Bu əlinizdən çıxan şeylər üçün təəssüflənməməyiniz və sizə verilənlər üçün şımarmamanız üçündür. Allah heç bir öyünən təkəbbürlünü (şımaranları) sevmir”.
Mark Avrelinin "Özünla baş-başa" yaxud "Meditasiya" kitabı neçə yüz illərdi ki, ağıllı insanların stolüstü kitabı olmuşdur.
Stoiklərdən sitatlar :
Seneka
Utanc bəzən qanunların qadağan edə bilmədiyini qadağan edir
İlk addımı atın və hər şeyin o qədər də qorxulu olmadığını başa düşəcəksiniz. Əgər dünyanı dəyişdirə bilmirsənsə, bu dünyaya münasibətini dəyiş.
Zenon
Məktəb müəllimləri daim uşaqlarla oturub durduqları üçün ağıldan olurlar.
Bütün yaxşı insanlar bir-birinin dostudu
Xoşbəxtlik həyatın xoş axınıdır
Qorxu pisliyin gəlməsini gözləməkdir
Epiktet
Arxanızda zənginlərdən daha yaxşı təhsilli uşaqlar buraxmağa çalışın: savadlıların ümidləri zəngin cahillərdən daha qibtəlidir.
Pis insanların dostluğundan, yaxşıların düşmənçiliyindən çəkinin.
Azadlıq düşüncənin sərbəstliyidir.
İnsanlara hadisələrin özü yox, hadisələr haqqında təsəvvürlər əzab verir.
Mark Avreli
İnsan şəraitə görə deyil, öz təbiətinə görə dürüst olmalıdır.
Səni hər gün bir az da yaxşı edən özünə bir məşğuliyyət tap
Hər an elə düşün ki, gördüyün işi elə gör ki, dediyin sözü elə de ki, sanki bunu həyatında son dəfə edirsən.
Daim öz vəzifə və öhdəliyinə uyğun davran.
Yust Lipsi
İnsan dünyaya, dünyanın gedişatına qarşı baş qaldırıb, üsyan edəndə o öz qəlbini ən böyük rüsvayçılığa düçar edir
İstənilən məsələ baradə sənin öz fikirin olmalı deyil (buna məcbur deyilsən).
Tətbiqi Fəlsəfə
Teref.az