Bu, film deyil, Mətanət. Bu acı gerçəklikdi - Aysel Əlizadə yazdı
21-05-2015, 15:52
Yazıya “ sən” lə başlayacaqdım. “Sən”lə də davam edəcəkdim.
Ancaq peşəkarlıq, dünya mədəniyyətindən mənimsədiyim ədəb qaydaları imkan vermədi. Yaraşmaz – dedim.
Gerçəkdən də hər kəs özünə yaraşanı edir.
Yanğınla bağlı yaşadığım, duyduğum, etdiyim şeylərdən danışmayacam. Bu barədə yalnız bir narahatlığım var, suçlu (lar) cəzasız qalacaqmı?..
“Mən” dən danışmaq kimi bir adətim yoxdu.
Səndən danışacam. Mənə yaraşan, ancaq “sən”ə yaraşmayan “siz”dən, Mətanət.
Sizi izləmirəm. Heç vaxt və heç bir halda maraqlı deyilsiz mənə və ətrafıma. İlk dəfədi izləmədiyim, izləyə bilmədiyim bir televizyonçudan yazıram. Mən tənqid edəndə də professional saydığımı, çəkimə və ranqıma uyğun bildiyimi tənqid edirəm. Daha yaxşı ola biləcəyinə, istedadına inandığımı sözə çəkirəm. Və onların içində dostlarım da olur.
Siz istisnasız.
Adınız tez-tez ayaq-əl, ağız hərəkətləri ilə hallanır yazılı mətbuat və sosial şəbəkədə. Sizin məşhur “şpaqat” manevrinizi də sosial şəbəkədə izləmişəm. Dəhşətli bir şey görmədim. Adamlar niyə bu qədər qıcıqlanır, düşündüm. Nə var burda? Əyləncəli bir proqram aparıcısı müxtəlif trüklar edə bilər. ABŞ-ın birinci ledisi də idmanı, sağlam həyatı təbliğ edərkən arada “şpaqat” açıb örnək olur. Təbiidi.
Təbii olmayan sizsiz. Moemin “Teatr” əsəri var. Ordakı sitat dəhşət xoşuma gəlir deyə tez-tez xatırlayıram. Rejissor aktrisaya deyir: “Təbii olma, təbii görün!”.
Sizdə isə heç biri alınmır. Kiməsə yarınmaq istəyəndə belə saxta alınır. Nemtsov Moskvanın ortasında öldürüləndə Rusiya dəydi bir-birinə. ORT dən Maksim Şevçenkonun aparıcılığı ilə siyasətçinin ölümü müzakirə olunurdu. Qonaqlardan biri mövzudan çıxıb üz tutdu cənab Putinin kürsüsünə. Dedi ki, bizim prezidentə üçüncü dərəcəli ölkələrin siyasətçiləri söz atır, aşağılayıcı tənqidlər səsləndirir. Onlar kimdilər, bu nə cəsarət? Buna son qoyulmalıdı filan. Aparıcı aydın məsələdi ki, hakimiyyətə bağlı bir TV-nin işçisidi. Ancaq məqam tapıb şit və bayağı yarınma cümlələri qurmadı. Qonağın da sözünü kəsmədi. Bircə cümlə deyib sözü alıb başqasına ötürdü. Bilirsiz nə dedi? Bilməzsiz. Siz bunu heç vaxt bilməyəcəksiz.
Dedi ki, gerçəkdən də ləqayət hissi çox önəmlidi.
...Ona görə nə edirsiz edin, yaxşı görünmür. Mənim yazıq, aldanmış, əzilmiş, avam xalqım sizə əl çala bilər, ancaq gördüyünüz kimi ölkədə sizi alqışlayan aydın, intellektual yoxdu.
Bu, əslində sizə özünüzlə bağlı düşünmək üçün bir mesaj olmalıydı. Mən sonunda anladım sizin “şpaqat”ı niyə bəyənməyib xeyli tənqid etdilər. Adamlar bilirdi ki, yavaş-yavaş ayağınızı onların başına çıxarmağa hazırlaşırsız.
Televizordan xalqın başına dırmaşacağınızı hiss edən duyumlu insanlar varmış. Yanılmadılar da. Heç bir məsuliyyət hiss etmədən faciə yaşayan adamların qarşısına çıxıb yanğınla bağlı təsəlliverici, rəhmli fikirlər demək əvəzinə, “elə bilin küləkdi əsdi, keçdi, filmdi, oldu bitdi” dediz.
Faciəni şişirtməyin, - dediz.
Faciəni şişirtmək olmur. Çünki faciə özü şişmiş hadisədi, böyük bəladı. Belə bir ifadəni yalnız satirada işlətmək olar. Onu da ustadlar elə faciənin özünü anlatmaq üçün edirlər. Necə ki, Üzeyir bəy edib. “Ey, kimsən orda, aç qapını, aç, gələk səni öldürək”. Xalq üçün bu, həm də ona görə faciədi ki, ona “aç qapını, gəlib səni evində öldürək” deyirlər.
İkincisi, faciə sözü nəsə ayrı bir anlam daşısaydı, məsələn, qarışqa sözünün sinonimi olsaydı belə, sizin efirə çıxan biri kimi əsəbləri tarıma çəkilmiş, doğmasına, qonşusuna, soydaşına və nəhayət, ailəsinə, özünə görə narahat olan, gərginlik yaşayan insanlara “sən Allah, qarışqadan fil düzəltmə” demək, pulqabı, pasport tapıb adamlara qaytarmısız deyə, onları gic yerinə qoymaq haqqınız yoxdu.
Və siz bu tərzinizlə təkcə özünüzün situasiyadan xəbərsizliyinizi deyil, işlədiyiniz yerdəki ab-havanı, münasibəti də açıb göstərdiniz. Təəssüf ki, sizin satira bacarığınız da yoxdu. Ortada isə “ağzı deyəni qulağı eşitmir” görüntüsü var. Üstəlik, ORT aparıcısından fərqli olaraq, dar macalda yarınmaq cəhdi ilə komik duruma düşüb özünüz satira qəhrəmanına çevrildiniz.
Yazını oxuyub özünüzü təhqir olunmuş hiss edirsiz? Bax, biz də siz balasını itirən adamlara “elə bilin küləkdi, əsdi keçdi, filmdi, bitdi” deyəndə təhqir olunduq.
Tərzinizlə, dediklərinizlə təkcə özünüzün deyil, televiziyanızın, rəhbərliyinizin cəmiyyətə, xalqa, insan amilinə, qanuna, hətta dövlət başçısına münasibətini açdınız, özünüz də bilmədən.
Çünki dövlət başçısı həmin axşam hadisə yerinə gəldi. İclas keçirdi. Günahkarlar cəzalanacaq sözü verdi. Səmimi narahatlığını, gərginliyini gizlətmədi. Gizlədə bilmədi.
Sizə bir bacı məsləhəti, gedin həmin yerə. Özünüz görün. Yazımın səbəbini dərindən hiss edəcəksiz, əminəm. İnsanlar özlərinə gələ bilmir neçə gündü. Onlara tamam yad olanların dərdinə şərik çıxırlar. Ətrafda yaşayanlar evlərində otura bilmir. Gedib o binanın yanında dururlar. Bu, çox ağrılı və acınacaqlı durumdu. Yanan binanın yanında dayanmaqla təskinlik tapır adamlar. Bir-birini görmək, yan-yana olmaq istəyirlər. Orda olan hər kəs bir-birinin üzünə baxır. Nəsə deməyi gəlir. Özünü yetim kimi hiss edir vətəndaş.
Faciəylə bağlı dünən bir neçə yerli kanalı düymələdim. Aparıcıların insanlara ağıl qoyduğunu gördüm. Lazım deyil, danışmayın, fikir bildirməyin. Alınmır. Eybəcər olur. Və əgər siz efir siyasətinin qurbanısınızsa, ləyaqətli qurban olun. Aparıcılıq söz toqquşdurma, şıllaq atma, su püskürmə deyil. Aparıcılıq sənətdi. Artistlik sənəti də deyil. Ayrıca bir işdir.
Hərəkətləri ilə saçından gülüşünə kimi saxta görünən adamların bətnində və qucağında körpəsini itirən anaya ağıl öyrətməsinə dözümüm yoxdu. Onların mənsub olduğum xalqı barmağına dolamasına sakitcə baxmaq xəyanət olar. Adamlar faciə yaşayır, kimlərsə, “danışmayın, emosiyasız olun”, deyir. Durduq yerdə evi yanan, balası yanan, dünənə kimi mutlu olan ailəsi darmadağın olan bir insana acıya bilməyəcəmsə, nə yazıçıyam, nə jurnalistəm, nə adamam?
Bu, film deyil, Mətanət. Bu acı gerçəklikdi. Sizə də belə bir filmdə baş rolda olmağı arzu etmirəm. Yalnız! O FACİƏNİ yaşayanlar bu həyat dramında istəmədən baş roldadırlar. Ən dəhşətlisi də odu ki, onları əzab dolu bu səhnəyə, sizin kimi amansız tamaşaçıların qarşısına itələyib çıxarıblar.