Hər yaranmış dövlətin bir sonu olduğu bəlli bir aksiomadır.
17-12-2023, 00:01
Deməli , Aqşin Yenisey adlı bir yazıçı, şair (nağılbaz) var. Deyib ki, Səfəvilər İmperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğunun səbəb olduğunu iddia edib. O bildirib ki, Səfəvilər haqqında yazılan bütün mənbələrdə bu səbəb ən başda qeyd olunur::“Səfəvi şahları, şahzadələri aylarla hərəmxanalardan çıxmırdılar. Nəticədə Lut qövmünün başına gələnlər Səfəvi dövlətinin başına gəldi: ifrat seksual həzz düşkünlüyü dövlət əxlaqını çürütdü və bu dəfə tanrı deyil, tarix vaxtilə Sodom şəhərinin başına yağan daşları Təbrizin başına yağdırdı”.
Deyirəmmi, nağılbazdır.
Aqşin Yenisey niyə gedib hekayəsini yazıb, şeirini əzbərləyib, 5-10 manat maaşını qazanmır? Axı, onun gündəmə gəlməsi üçün, sosial şəbəkələri "əsdirməsi" üçün kifayət qədər mövzu, problem, dərd var! 500 il əvvəl yaranmış Azərbaycanın şanlı tarixini əhatə edən Səfəvilər dövrünü, 300 il əvvəl süqut etmiş bir dövlətçiliyi təhqir edəcək cümlələr seçib, sosial şəbəkələrdə "faş" etmək sənin nə bilgi, nə araşdırma , nə də peşə vəzifənə aid deyil! Ola bilməz! ŞAH İSMAYIL XƏTAİ haqqında mərhum tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli kifayət qədər araşdırma da edib, monoqrafiyalar da yazıb. Alimin Şah İsmayıl Xətainin milli kimliyimizin formalaşmasında oynadığı rol ilə əlaqədar maraqlı fikirləri hazırda internet məkanından tapıb oxusa, fikirlərində dəyişiklik olar!
Dövlət səviyyəsində yazıçı-şair Aqşinə demək lazımdır ki, Şah İsmayıl Xətai kimi bir şəxsiyyətin qurduğu xanədana, dövlətçiliyə ləkə atmaq, yeni "etiket" yapışdırmaq sənin biləcəyin bir iş deyil!Əgər bir sözü düşmən deyirsə, sən də deyirsənsə, day, sənin onlardan fərqin nə oldu?
Hər yaranmış dövlətin bir sonu olduğu bəlli bir aksiomadır. Baxın, Azərbaycanın tarixi ərazilərinə, görün, neçə dövlətlər orada süqut edib...
Məsələn, qüdrətli Şəddadilər dövləti (951 — 1174) 223 il, Rəvvadilər dövləti (981-1065 ) 84 il, Ağqoyunlular dövləti (1378 — 1501) 125 il, Qaraqoyunlular dövləti (1375–1468) 93 il. Azərbaycan ərazilərində ən uzun ömürlü dövlət Şirvanşahlar dövləti (861–1538) dövləti olub və "uzunömürlülükdə" ikinci pilləni isə Səfəvilər xanədanı tutub. Salarilər, Sacilər, Atabəylər, Çobanilər və diğər dövlətlərin hökümranlıq dövrünü yazmıram, çünki, onlar, zatən, 100 ili başa vurmadan süqut ediblər. Aqşin Yeniseyin "araşdırmasından" belə çıxır ki, Azərbaycan ərazisində süqut edən dövlətlərin süqut etmə səbəbi "seksual pozğunluqdu"! Yəni, absurd qənaəti belədir!
235 il ( 1736-cı ildə Nadir şah tərəfindən süquta uğrayıb) yaşayıb ee, Səfəvilər dövləti! "Seksual pozğunluq" olan dövlət 235 il yaşayardımı? Bir az zəkanızı kullanın, lütfən!
Ümumiyyətlə, əlinə bir azca, fürsət keçən, yəni, tanınan bəziləri sosial şəbəkələrdə bir neçə özü kimi məntiqsiz insanları ətrafına cəm edəndən sonra başlayır tarixi şəxsiyyətlərimizə, tariximizə, ədəbiyyat və mədəniyyətimizə hücuma keçməyə! Guya araşdırıblar, filan ölkənin filan yazarı deyib ki, Səfəvilər dövləti yaramazlıq, Şah İsmayıl Xətai günah edib. Ay adını azərbaycanlı qoyub, Azərbaycan tarixinə nifrət sərgiləyənlər, kötək götürüb, sizi onunla başa salmaq lazımdır ki, məhz Şah İsmayıl Xətainin sayəsində böyük Səfəvi imperiyası sayəsində Azərbaycan torpaqlarının bir ucu İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi bir türk dövləti yarandı. Bu gün əgər Zəngəzura iddialıyıqsa, İrəvan bizimdir -deyiriksə, bu Səfəvi dövlətinin bizə mirasıdır! Son aylar tariximizə belə hücumlar çox olur. Çox təəssüfləndirici haldır, çox...
Aqşin Yenisey də haqq üçünə yaxşı hekayə yazır, poetik şeirlərin ustasıdır. Amma getsin, hekayəsini yazsın, şeirinin qafiyəsini axtarsın! Tarix onluq deyil! Tarixçilər Şah İsmayılın da, onun qurduğu Səfəvi dövlətinin də xarakteristikasını yazıb, qoyub, gediblər!Əlavə yazılanlar isə ağ şalvara yapmaq istədiyiniz qara yamaqdı. Azərbaycanı heç vaxt qəbul etməyən xarici ölkə alim və tarixçilərinin uydurduqlarına isə istinad etmək, bu tip fikirlər yayıb tariximizi şübhə altına almaq isə ya savadsızlıqdır, ya qərəzçilik!
Bu qədər sadə!
Əntiqə Rəşid Aslan
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır