Əmlak bazarında dəyişiklik - Bu binalara maraq artdı

4-06-2025, 16:58           
Əmlak bazarında dəyişiklik - Bu binalara maraq artdı
Son vaxtlar vətəndaşlar hətta kifayət qədər münasib qiymətə olsa belə, köhnə binalardan mənzil almağa maraq göstərmirlər. Bəs buna səbəb nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.Az-a açıqlamasında bildirib ki, artıq 194 köhnə və qəzalı binanın söküntüsünə start verilib. Bu, 2040-cı il Bakı şəhərinin Baş Planına uyğun olaraq həyata keçirilir və mərhələli şəkildə digər köhnə binaların da sökülməsi nəzərdə tutulur. Təbii ki, belə bir vəziyyətdə vətəndaşlar köhnə binaların söküləcəyini görüb yeni binalara üstünlük verməyə başlayır:

“Digər tərəfdən yeni tikililər müasir standartlara və zövqə cavab verən binalardır. Onların istismar müddəti bu gündən hesablandığı üçün köhnə binalardan fərqli olaraq, hələ öz ömrünü başa vurmayıblar. Bu baxımdan vətəndaşlar düşünür ki, yeni binalar daha məqsədəmüvafiqdir. Çünki onlar hələ uzun müddət istismarda qalacaq”.

Ekspertin sözlərinə görə, müasir dövrün komfort tələblərinə cavab verən şərait və planlama yeni binalarda daha ön plandadır:

“Köhnə binalarda ümumi və yaşayış sahələrinin, eləcə də köməkçi otaqların kiçik, tavan hündürlüyünün aşağı, kommunikasiya vasitələrinin zəif vəziyyətdə olması, eləcə də konstruktiv elementlərin artıq sıradan çıxmaq üzrə olması vətəndaşları belə qərar qəbul etməyə vadar edir”.

V.Oruc burada ictimai rəyin də xüsusi rolundan danışıb:

“Hazırda Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Fövqəladə Hallar Nazirliyi birlikdə köhnə binaların hazırki vəziyyətini araşdırır. Bildiyimiz kimi, bir müddət əvvəl qardaş ölkədə baş vermiş zəlzələ də bu məsələyə olan diqqəti artırdı. Həmin faciədən sonra ictimai rəydə belə bir mövqe möhkəmləndi ki, mənzil seçərkən yalnız qiymətə və ya yerləşməyə deyil, həm də binanın istismar müddətinə, dayanıqlığına və təhlükəsizliyinə də xüsusi önəm vermək lazımdır. Yeni tikililər beton konstruksiyalarla inşa olunur və müasir tələblərə cavab vermək imkanları daha genişdir. Bakı şəhərinin aidiyyəti qurumları tərəfindən bu binaların həm zəlzələyə davamlılığı, həm də inşaat materiallarının keyfiyyəti üzrə laboratoriya araşdırmaları aparılır. Bütün bunlar vətəndaşlarda belə bir fikir formalaşdırıb ki, sağlamlıqlarını və təhlükəsizliklərini təmin etmək üçün yeni binalara üstünlük vermək vacibdir”.

Bütün yeni binaların birmənalı şəkildə təhlükəsiz və keyfiyyətli olmadığını da vurğulayan V.Oruc qeyd edib ki, seçim zamanı mütləq konsaltinq, qiymətləndirmə və rieltor fəaliyyəti göstərən tanınmış və etibarlı şirkətlərlə məsləhətləşmək lazımdır. Çünki elə yeni binalar da var ki, onlar keyfiyyət baxımından köhnə binalardan belə geri qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.