Allah bizi qorumur, Abid dayı, vallah, qorumur! Allah bizi küməqarışıq yandırır.

27-05-2015, 22:38           

Müəllimlərim İsmayıl ŞIXLI və Azad MİRZƏCANZADƏNİN müqəddəs ruhlarına ithaf


İbrahim Rüstəmli, xüsusi olaraq Aktual.az üçün



Zəruri ön söz


Müəllimlərimin önündə heç vaxt özümü şagird kimi hiss etmədim. Müəllimlərimin qarşısında həmişə əsgər kimi dayandım. Dillərindən çıxan hər kəlmənin, hər cümlənin əsgəri oldum: Həqiqətə gedən yolu tutdum...


Bu yol sıldırım qayalardan, atkeçməz dağlardan addıyır; bu yol həmişə dar olur, təhlükəli olur. Səni o qayalardan elə uçurarlar ki, heç qartal da göydə qıy vurub caynağına ala bilməz...
Seçimim ağır oldu. Gələcəkdə gedəcəyim yolların darımdarım darlmasına, üzümə açılmalı olan qapıların taybatay qapanmasına İsmayıl Şıxlı kimi ustadın bir əlini ehmalca ciynimə qoyması da bəs etdi. Mən hələ bu nadir insanlıq abidəsinin az qala zorla eşidiləcək səslə zülüm-zülüm qulağıma pıçıldadığı bir cümləlik romandan danışmıram: "Oğlum İbrahim, kimini anası doğur, kimini də vəzifə, kreslo, bunu unutma!"
O vaxt Ustad öz romanını mənə təqdim edəndə bir cüt gözüm vardı; indi iki cütdü. Amma hələ də axıradək oxuyub qurtarmamışam; hələ də oxuyub qurtara bilməmişəm...
Bu yazım da o romanın fəsillərindən bəhs edir...


Birinci hissə


Abid Şərifovun "Alabala"sı


Bakının düz göbəyində - Xətai və Binəqədi rayonlarında baş verən yanğın Azərbaycanda böyük bir məmur ordusunu "yandırdı." Onların mənəvi, psixoloji və siyasi özəlliklərini bu dəhşətli olayların fonunda səhnələşdirdi. Bizi nəinki heç vaxt üzünü görmədiyimiz, hətta adını belə eşitmədiyimiz "Alabala" ilə üz-üzə qoydu.
Ancaq o "Alabala"nın xalqa heç bir dəxli olmadığını şəxsən baş nazirin müavinin dilindən eşidincə, istər-istəməz barmağımızı dişlədik; özü də qanı çıxınca. Əcəba, bu dövlətə güvənən, bu dövlətə inanan, bu dövlətə ümid yeri kimi baxan biz vətəndaşların mənzillərinə soxulacaq, evlərinə "əl gəzdirəcək" o "Alabala" görəsən kimdi! Yəni biz doğrudanmı tanımadığımız adamı ailəmizin içinə buraxacaq qədər zəif, bivec və etinasızıq!!!


Həmin gün jurnalistlərin qarşısına qəzəblə daş diyirləyən, onlara "susun!" komandasını verən, sonra da özünəxas təkəbbürlə guya yenə sual eşitmək istəyən bir dövlət məmurunu əndişələndirən, özündən çıxaran, görəsən, nə idi, kim idi! Əgər yanğın idisə, biz ondan qabaq yanmışdıq! Əgər jurnalistin sualı idisə, o da bizim sualdı!


Bu sualı verməyə haqqımız var. Axı biz iki dəfə yanmışıq! Üçüncü dəfə yanmaq istəmirik! O sualı da üçünçü dəfə yanmamaq üçün veririk! O "Alabala"nın kim olduğunu əvvəl-axır bilmək istəyirik!


Çünki sizin müəyyənləşdirdiyiniz "Alabala" artıq iki dəfə bizi öz evimizin içində, balalarımızı bizim, bizi də balalarımızın gözü qarşısında yandırıb. İndi bildizmi, Abid müəllim, o "Alabala"nı nəyə görə tanımaq, görmək istəyirik...


Lütfən, suala sualla cavab verməyin! Sinirlərinizə yiyə durun! Dualarınızın da tanrıya çatacağına güvənməyin. Çünki o dualar da bizim üçün deyildi, o dualar da sizin özünüz üçün idi: guya bu yolla vəziyyətdən çıxmaq ustəyirdiz: nə bilim, məramı bilinməyən dodaqaltı təbəssüm, "Oğlum", "Allah sizi qorusun!" vəs. və i...


Bu boğazdan yuxarı bayağı gülüşün, bayağı müraciətin, bayağı "duaların" bayağı fonunda sizi dövlət məmurundan çox, hadisə yerinə baş çəkən adi, lakin qəzəbli vətəndaş qismində gördük! Elə bil evi yanan biz deyildik! Siz idiz! Kimə qızdığınızı müəyyənləşdirə bilmədik. Bizəmi əsəbləşmişdiz? Nəyə görə? Biz ki evimizi özümüz yandırmamışdıq. Bizim ki evimizi sizin müəyyənləşdirdiyiniz və "Alabala" dediyiniz o adam yandırmışdı...


Nə bu əsəbin, nə də məramı bilinməyən dodaqaltı təbəssümün, "Oğlum"un, "Allah sizi qorusunun!" yeri yox idi, heç yox idi. Ancaq onu da deyim ki, o üzdən jurnalistə "oğlum" deyə müraciət etməklə bu üzdən bizə də sizə "dayı" kimi üz tutmaq şansını vermiş olduz...


Allah bizi qorumur, Abid dayı, vallah, qorumur!


Allah bizi küməqarışıq yandırır. Allah bizim küməmizi başımıza uçurur. Həyata, günəşə doğru uzanan ümidlərimizi elə amansızlıqla qırır ki, ölümə gedən yolu da könüllü seçirik: özümüzü on altıncı mərtəbədən atırıq...
Həmkarım Əli Həziquliyevin "Alfa" Bakıdadır" anonsu da başınızın altına yastıq qoymasın! Ona qalsa mən öz statusumla o yastığı başınızın altından elə bərk çəkərəm ki, aylarla gözlərinizə yuxu getməz: Bakıda olan "Alfa" deyil, Abid dayı, Bakıda olan "Otryad sto"dur!


Ona görə də, lütfən, suala sualla cavab vermək əvəzinə kibritdən, alışqandan tutmuş kiçikdən böyüyə yanan nə varsa hamısına nəzarəti ikiqat artırın ki, indi, daha çox bəzi məmurları pörtdədən o yanğın sonradan bütün xalqı və paytaxtı ağzına almasın.


Biz öz şansımızı tez-tez qaçırırıq; biz öz şansımızı tez-tez dəyərləndirmirik; biz öz şansımızı tez-tez zorlayırıq, Abid dayı. Əgər o sual ölkənin birinci şəxsinə verilmiş olsaydı, biz öz qarşımızda bütün səmimiyyətilə ağrı-acımızı bölüşən, dərdimizi öz dərdi kimi yaşayan və bu zaman sinirlərinə yiyə durmağı bacaran, həm əxlaq, həm də humanizm dəyərlərinə bağlılığını qoruyub saxlayan səbrli, təmkinli bir dövlət başçısını görərdik. Gördük də: “Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir”.


Siz isə əlinizi cibinizdən çıxarmadan suala sualla elə cavab verdiniz ki, bu işin peşəkarı kimi tanıdığımız heç sabiq Metropoliten rəsi Tağı Əhmədov da bizi belə təəccübləndirə bilməməmişdi. Yəqin o məhşur səhnəni xatırlamamış deyilsiz: Qəza nəticəsində tuneldə qalan qatarda nə qədər sərnişinin olduğunu soruşan jurnalistə Tağı Əhmədovun cavabı "möhtəşəm" olmuşdu: 2,5! Bu cavabdan sonra uzun müddət özümü 0,5 kimi hiss etdim, uzun müddət 0,5 kimi yaşadım, Abid dayı...


Sizin çıxışınızdan sonra da eləyəm: yarıcanam. Ruhum yanıb, ruhum! Elə bilirəm ki, daşam, bir ovuc küləm, yanan binayam...


Xalqı son nəfərinədək amansızlıqla yerə yıxıb sürüməyin, xırdalamağın, təhqir etməyin bundan original variantını fikirləşmək həm çətindir, həm də təhlükəli. Bu sözləru aşağıladığı xalqın asayişinə birbaşa məsuliyyət daşıyan bir dövlət məmurunun dilindən eşitmək isə həm ikiqat çətindir, həm də ikiqat təhlükəli...
Vəzifə, adamlara xalqı bu qədər alçaltmaq, bu qədər xırdalamaq üçün verilməyib, Abid dayı. Həm də axı bu camaat sizə neynəyib, bilmirəm...


Amma biz də öz günahlarımızdan boyun qaçırmırıq; biz öz günahlarımızı tanıyırıq. O günahların ən böyüyü, inanın, yaşınızın bu ahıl çağında sizə etibar etməyimizdi! İndi sizin nəvələrinizlə əl-ələ verib bulvarda gəzən vaxtınız deyilmi! Etiraf edirəm: Son repertuarınız bu həqiqəti reallığın ən qaçılmaz diqtəsi kimi yaddaşımıza həkk etdi...


Bunlar öz yerində, amma biz İngiltərədə, Fransada, Almaniyada yaşamırıq ki, nəinki baş nazirin müavinini, hətta baş nazirin özünü belə küçədə, metroda, avtobusda, tramvayda görə bilək; nəinki baş nazirin müavininə, hətta baş nazirin özünə belə küçədə, metroda, avtobusda, tramvayda sual vermək şansımız olsun....


Və sonda: bütün jurnalistlər hər tərəfin göründüyü yerdə dayanmayıb, Abid dayı, beş-altı namuslu jurnalist də hər tərəfin görünmədiyi yerdə külünğ vurur...


P.S. Deyə bildim?...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.