Ağalar Quta cavabım -Cəhalət quyusunda Qutluq

21-08-2015, 22:24           
Ağalar Quta cavabım -Cəhalət quyusunda Qutluq
Ağalar Qut Meydan TV-dəki yazısına belə başlayır:

“Gərək, təkcə heç kimin yaza bilmədiyini yazmayasan, həm də heç kimin yazmaq istəmədiyini yazasan”
Sevindim, düşündüm ki, heç kimin yazmaq istəmədiyi mövzu nədirsə, oxuyaq, nələrsə öyrənək.
Amma məlum oldu ki, yazıdakı fikirləri nəinki köşə yazılarında, məqalələrində, hətta Facebook statuslarında illərdir Türkiyə və Azərbaycan düşmənləri yazır, yazmaqdadır və yazacaqdır.

Dostumuz Gökbey Uluç demişkən, hələ bu tipli fikirləri uzaq 60-cı illərdə Türkiyədə yazırdılar.
Deməli, Hüseyn Cavid məsələsində olduğu kimi növbəti dəfə Ağalar Qut cəhaləti ilə qarşı-qarşıyaydıq.
Girişi uzatmadan bu cəhalətin haradan qaynaqlandığını, türkofobiya, nifrət hissləri ilə yazılmış o yazıdakı iddiaların necə çürük olduğunu onun özünə deyil, ona inananlara müraciətlə yazıram.

Çünki qarşısına artıq bir müddətdir saxtakarlıqla da olsa, “Türkiyəni aşağılayacayam” deyə bir məqsəd qoyan şəxsin qarşısına faktları sərsən belə, qəbul etməyəcək.

Cəhalət 1:

“XVI yüz illikdə Azərbaycan xalqının iradəsini təmsil edən Səfəvilər dövlətini Osmanlı dövləti Avropadan aldıqları topların gücüylə dağıdıb, Təbrizə girdi, insanlarımızı qırıb-çatdı, özümüzü təhqir, torpaqlarımızı da ilhaq etdi. Beləliklə, bizdən torpaq qamarlayan qonşularımız – təkcə ermənilər, gürcülər, ruslar, farslar (hətta ərəblər) deyildir, həm də qardaşlarımız saydığımız türkiyəlilərdir”.

Tarixi primitiv şəkildə bilənlərə məlumdur ki, indiki dövlətlərin sərhədləri müəyyənləşənə qədər təkcə XX əsrdə iki dünya müharibəsi baş verib, zamanla isə sərhədlərin dəyişməsinə səbəb olan savaşlar olub. Necə ki, hazırda Suriya və İraqda da sərhədlər dəyişir, yeni dövlətlərin yaranmasının işartıları görünür. Əgər biz tarixdəki torpaq davasına çıxsaq, o zaman Səfəvilərin, Əfşarların işğallarına nə deyəcəyik? Bu məntiqlə İstanbulun fəth adlandırdığımız işğalına nə deyəcəyik? XVI əsrdəki iki feodal dövlətin, millət anlayışının olmadığı imperiyanın üz-üzə gəlməsindən təbii nə ola bilərdi ki? Avropanın min illik tarixi imperiyaların, dövlətlərin bir-birinin ərazisini tutmaqla bağlıdır. Hələ də şahidləri yaşayan, cinayətkarları məhkəməyə çıxarılan II Dünya müharibəsinin səbəbkarlarından biri olan Almaniya Polşadan başlayaraq Avropanın neçə ərazisini ələ keçirdi?

Əgər Osmanlı-Səfəvi münasibətləri Türkiyənin Azərbaycana xəyanətidirsə, o zaman Avropa tarixi başdan-ayağa ingilis-fransız, alman-polyak, rus-fin xəyanəti ilə doludur ki. Demək, o zamankı hadisələrə görə Avropa Birliyi dağılmalı, ilk fürsətdəcə fransızlar almanlara savaş elan etməlidir.

Zira o zamankı hadisələr bu gün üçün keçərlidirsə, o zaman tarix kitablarında yazaq ki, XV əsrdə Azərbaycanda vətəndaş müharibəsi olub, Ağqoyunlularla, Qaraqoyunlular bir-birinə girib.

Bu arada Osmanlı ilə Səfəvi arasındakı münasibətlərdə Səfəvi sarayında gəzən Avropa diplomatları da az rol oynamayıb.

Cəhalət 2:

“Osmanlının xain hücumundan 400 il sonra, ötən yüzilliyin başlarında azacıq dirçəlib, müstəqil dövlət quruculuğuna başladıq. Ancaq həmin bu türkiyəli qardaşlarımız ruslarla gizlincə dilbirlik edib, başaldatdı oyunu ilə Qızıl Ordunu Bakıya soxdular”
Əgər Ağalar Qutun Türkiyəyə olan nifrəti olmasaydı, bu cümləni belə başlayardı: “1918-ci ildə Türkiyənin göndərdiyi Qafqaz-İslam Ordusu Bakını azad edib onu Cümhuriyyətin paytaxtına çevirib…“

Amma bunu demir, çünki məqsədi obyektiv olmaq deyil. Halbuki, o zamankı Cümhuriyyət ldierləri, ziyalıları bu gerçəkliyin fərqində idi. Təkcə 1918-ci ilin on noyabrında Azərbaycanın siyasi elitası, ziyalısı Nuru paşanın şəninə ziyafət verərək ona bu xidmətləri üçün şükranlıq eləmişdilər. Hələ Nuru paşanın Bakını azad etdikdən sonra göndərdiyi teleqrama Fətəli xan Xoyski belə cavab yazmışdı:
“Qafqaz Müsəlman ordusunun komandanı Nuru Paşaya! Xoşbəxtəm ki, xalqın adından Siz əlahəzrətlərinə, xeyirxah türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən cəsur əsgərlərə təşəkkürümüzü çatdırıram”.
Ağalar Qutu narahat edən buradakı türk oğulları ifadəsidir.

Cəhalət 3

“ADR özünün qəbul etdiyi məşhur 6 maddəlik qərarının birinci bəndinə görə Qızıl Ordunu Anadolunun köməyinə getdiyi üçün Bakıya buraxırdı… Atatürk bizi nəinki müdafiə etməmişdi, əksinə, aldatmış, ruslara satmışdı; Leninə gizlincə yazmışdı ki, narahat olmayın, siz Azərbaycanı işğal edəndə, mən özümü ölülüyə vuracağam.”

Qırmızı Ordunun Bakıya gəlişi ilə bağlı həmin dövrdə ölkədə şayiə yayılmışdı ki, Türkiyəyə kömək göstərilir. Lakin Cümhuriyyətin liderləri o qədər axmaq deyildi ki, bu cür hadisəyə inansınlar.

Rəsulzadə parlamentin son iclasındakı çıxışında deyir:
“Əfəndilər, mötəcazir bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcaziranə ultimatumu rədd etməliyik…”

Yəni, rus ordusu faktiki olaraq Azərbaycana girirdi, bunun planı isə çoxdan hazırlanmışdı, liderlər də bunu başa düşürdü, vəziyyətdən çıxış yolu axtarırdılar. Atatürkün məktubu ilə birbaşa əlaqəsi yox idi.
Professor Cəmil Həsənli bu barədə deyir:
“1920-ci il aprelin 23-ə qədər söhbət ancaq Bakı və Abşeronun işğalından gedirdi. Aprelin 23-də baş qərargah bütün Azərbaycanın tutulması ilə bağlı planı təsdiqlədi. Sözügedən məktubu isə Atatürkün imzalamasına baxmayaraq şəxsən özü yox, Türkiyə Millət Məclisi aprelin 26-da yazıb. Deməli, məktub yazılanda Azərbaycanın tutulması ilə bağlı plan artıq 3 gün idi ki, təsdiqlənmişdi. Həmin məktub iyunun 3-də, yəni 36 gün sonra Moskvaya çatıb. Məktuba iyunun 4-də cavab yazılıb və yazılan cavab 2 ay sonra ünvanına çatıb. Yəni bu məktubun Azərbaycanın işğalında heç bir rolu olmayıb”.
Türkiyənin Sovetlərlə anlaşmasına gəlincə isə, bunun ortaq düşmənə - yəni ingilislərə qarşı anlaşma olduğunu tarixçilər yazır. Çünki İstanbuldan, Türkiyədən ingilisləri qovan Atatürklə, Leninin ortaq düşməni eyni idi. Atatürk də buna görə bolşeviklərlə münasibət qurmağa məcbur oldu.
Hətta Cümhuriyyəti işğal edilən Rəsulzadə də Türkiyənin bu addımını strateji manevr olduğunu, bir az dərrakəsi olan şəxslərin bunu başa düşə biləcəyini yazır.

Diqqət edək:
“Türkiyə isə kəndisini boğmaq istəyən Avropaya qarşı livayi-üsyan açdığından ixtilalçı Rusiyanın hər nə surətlə olursa-olsun, bir az əvvəl kəndi hüduduna yaxınlaşmasını istiyordu. Qafqasiyaya doğru enən bolşevik qüvvətində o, Avropaya müxalif bir qüvvət gördüyü üçün Şimaldan uzanan əli uzun boylu tədqiqə imkan bulamıyaraq, çabuq sıxıyordu. Qafqasiyanın başı üzərində yapılan bu müsafihə (anlaşma – D.Ə.) şübhəsiz ki, Qafqasiya cümhuriyyətlərinin müqəddaratı üzərində qəti bir təsir icra eyləmişdir.

Həyat və məmat (ölüm-D.Ə.) mübarizəsinə atılan Türkiyənin böylə vəziyyət almaq zərurətində qalması, şübhəsiz ki, “Əhvən şərin xeyirən” düsturu üzərinə vaqe olmuşdur. Mühəqqəq ki, Qafqasiyanın təkrar Rusiya rəbqəyi-əsarətinə keçməsi, Türkiyə mənafei-nöqteyi-nəzərindən böyük bir zərərdir. Fəqət, “Sevr” müahidəsi ilə qabiliyyəti-həyatiyyədən məhrum, zəlil bir dərəkəyə endirilən Türkiyə daha böyük bir zərərdə idi. Türkiyəyi bolşeviklərlə müsafihəyə icbar edən səbəb Lloyd Corc və Klemanso Avropasının nəşeyi-zəfərlə kor olan siyasəti idi. Bu siyasət var ikən Türkiyə Böyük Millət Məclisi zəmamdarlarını (idarəçilər – D.Ə) bolşeviklərlə anlaşdıqları üçün kimsə müaxizə (müqəssir elan etmək – D.Ə) edəməz. Bolşevik siyasətinin Türkiyə üçün siyasi bir sövqülceyş (strategiya – D.Ə) manevrəsi olduğunu qəbul etməmək, dünya məsələlərini pək dar bir gözlüklə görmək olurdu”.

Məhz ingilislərə qarşı Türkiyə-SSRİ yaxınlaşması Atatürkün qarşılıqlı razılaşmaya əsasən bəzi addımlar atmağa vadar edir. Mühacirlərin buraxdığı qəzetlər, jurnalların qapadılması, bəzi kitabların yığışdırılması göstərişi verilir.
Lakin məsələ bundadır ki, mühacirlər bu kimi fəaliyyətlərini sonrakı dövrlərdə sərbəst şəkildə davam etdirdilər.

Üstəlik, qapadılmaya qədər çap olunan həmin qəzet və jurnallar bizim üçün hazırda əvəzsiz mənbələrdir. Əgər bu gün “Odlu Yurt” kimi bir jurnalın tam külliyyatı əlimizdədirsə və orada Rəsulzadənin və dəstəkçilərinin Sovetlərə qarşı necə mübarizə apardığını oxuyuruqsa, bu elə Türkiyənin sayəsində olmuşdu. Yeri gəlmişkən, həmin “Odlu Yurt” toplusu hələ Azərbaycanda bir araya gətirilməsə də, ötən il yenə də TÜRKİYƏdə “Kitabçı” nəşriyyatı tərəfindən oxuculara təqdim edildi.

Eləcə də, mühacirlərin fəaliyyəti, kommunizmə qarşı mübarizə üçün uzun illər Türkiyə böyük meydan açdı. “Yurt bilgisi”, “Azerbaycan”, “Dergi” və bu kimi nə qədər jurnalda mühacirlər çalışırdı, Əhməd Cəfəroğlu kimi mühacir professor ünvanına qədər yüksəlmişdi, Almas İldırım işlə təmin edilmişdi, Mirzə Bala “Milliyyət” qəzetində yazı yaza bilirdi. Mühacir Müsavat hökuməti, Azərbaycan Kültür Dərnəyi fəaliyyət göstərirdi, “İstiqlal”, “Azəri-Türk” kimi mətbu orqanlar vardı. Hələ “köhnə” mühacir Əhməd Ağaoğluna ən yüksək vəzifələr verilmişdi.

Başqa nə edilməli idi ki? Türkiyə partizan dəstəsi yaradıb mühacirləri SSRİ ilə savaşa göndərməliydi? Eyni işi Fransa da Topçubaşov, Ceyhun Hacıbəyli görürdü.
Bu arada həmin Türkiyə hökuməti səfir Esendalın dəstəyi ilə öldürülən baş nazir Nəsib bəy Yusifbəylinin ailəsini Sovet zülmündən xilas eləmişdi.

Cəhalət 4:

“Daşnaklar 1918-ci ildə Azərbaycanda törətdikləri qırğınları 1915-ci ildə Osmanlıda baş vermiş erməni qırğınlarının qisası kimi həyata keçirdirdilər. Başqa sözlə, 1918-ci ildə Azərbaycanda öldürülən on minlərlə azərbaycanlı Osmanlı siyasətinin qurbanları idilər”.
Öncəliklə, qısa sual: 1905-07-ci illərdə kimə görə qırırdılar?
Ermənilərin Azərbaycan türklərinə qarşı davamlı həyata keçirtdikləri bu qırğınaları 1915-ci il hadisəsinə bağlamaq tarixi təhrif etməklə yanaşı, həm də biabırçı bir addımdır.

1905-07-ci il hadisələrini bilmək üçün təkcə Ordubadinin “Qanlı sənələri”ni oxumaq kifayətdir. Qısacası, həmin dövrdə baş verən hadisələr Rusiyada başlayan inqilaba ucqarlardan dəstək gəlməsin deyə çarizm tərəfindən qurulmuş bir oyun idi, yəni “atan kazaklar idi”.

1918-ci il soyqırımında da eynilə Rusiyanın əli vardı. Bu qətliam sistemli şəkildə İrəvandan Bakıya, Şamaxıdan Tiflisə qədər azərbaycanlıların toplu yaşadığı hər yerdə baş vermişdi. Məqsəd yaranan siyasi durumdan istifadə edərək Azərbaycan ərazilərini, xüsusən Bakını ələ keçirmək idi. Bu qətliamlarla bağlı sonradan Azərbaycan Cümhuriyyəti Fövqəlada İstintaq Komitəsi yaratmışdı. Mart soyqırımında məqsəd bolşeviklərin ermənilərin əli ilə Azərbaycanı ələ keçirməsi idi, necə ki bu soyqırımdan sonra Bakı Xalq Komissarları Soveti yaradıldı. Mart soyqırımının qisasını da yenə də Türkiyə aldı...

Yəni, mart soyqırımının 1915-ci il hadisələrinin qisası kimi göstərilməsi səfsətədən, saxtakarlıqdan başqa bir şey deyil. Mart soyqırımı bolşeviklərin və daşnakların Seymdə Müsavat partiyasının güclənməsinin, Azərbaycanın gözlənilən istiqlaliyyətinin qarşısını almaq üçün idi.

“Daşnaksutyun”un liderlərindən olan Kaçaznuni bununla bağlı yazır: "Bolşeviklərə qarşı ancaq iki partiya real qüvvə kimi duruş gətirə bilərdi — tatarların "Müsavat" və ermənilərin "Daşnaksutyun" partiyaları. Bolşeviklərlə mübarizədə qalib gəlmək üçün bu partiyalar hökmən birləşməliydilər, bu isə ağlasığmaz idi. Bakının erməni əhalisinə gəlincə, onlar üçün bolşevik diktaturası "Müsavat" diktaturasından daha məqbul idi. Elə buna görə də bizimkilər (yəni daşnaklar – D.Ə) Bakıda daha çox bolşeviklərə xidmət edərək, onun dayağına çevrilirdi". Mart soyqırımının Azərbaycanın istiqlaliyyətinin qarşısını almaq üçün olduğu inkaredilməz bir gerçəklikdir.

Cəhalət 5

“O illərdə bolşeviklərdən qaçıb Türkiyəyə sığınmaq istəyən azərbaycanlıları elə sərhəddəcə güllələyirdilər, yenə Atatürkün buyruğu ilə...”
Qut bu dəfə də yalan danışır. Bu II Dünya müharibəsi ərəfəsində olub. Yəni artıq Atatürk yox idi. Müharibələrin özü ilə gətirdiyi şərtlər olduğu üçün Boraltan hadisəsi baş vermişdi. Bu hadisə ilə bağlı mühacir şair Almas İldırımın şeiri də var.

O da məlumdur ki, türk əsgəri buna qarşı çıxmış, lakin İsmət İnönünün göstərişini yerinə yetirməyə məcbur olmuşdur.
Yəni bu hadisə baş verib, amma burada iqtidarın verdiyi qərarla, ordunun sərgilədiyi münasibət tamam fərqlidir.

Cəhalət 6

“Halbuki, kürdlər kimi məzlum xalqlar öz haqlarını almalıdırlar ki, Güney Azərbaycan üçün də yol açılmış olsun”
Güney Azərbaycan hərəkatı iyirmi ildən çoxdur ki, bir dəfə də silaha əl atmayıb, mədəni, sivil yolla öz haqlarını tələb edib. Qutun məzlum dediyi kürdləri yaratdığı PKK terroru nəticəsində son 30 ildə 35 mindən çox insan ölüb.

Qut tarixi saxtalaşdırmağı sevdiyi üçün, təkcə son 44 gündə baş verənlərə nəzər yetirək: aralarında polisin, əsgərin və korucuların (kəndlilərin özünümüdafiə dəstəsi) olduğu 55 nəfər şəhid olub, 14 nəfər həlak olub, 189 nəfər yaralanıb. Terrorçular əksəriyyəti TIR olan 144 maşını yandırıb.
Əlbəttə, həddindən artıq “məzlum” bir davranışdır.

PKK-nın son 44 gündə elədiyini Güney Azərbaycan hərəkatı son 22 ildə etməyib. İndiyədək neçə İran polisinini, əsgərinin burnu qanayıb?
Türkiyənin Güney Azərbaycana münasibətinə gəlincə, BMT-yə üzv olan dövlətlərin bir-biri qarşısında öhdəliyi var. Nəinki Türkiyə, Azərbaycan hökuməti də İranın ərazi bütövlüyünə hörmətlə yanaşır. Eyni hörməti İran da Azərbaycana və Türkiyəyə qarşı göstərir. Bunu bilmək üçün quyu diblərinə enməyə gərək yoxdur.

Qarabağla kürd hərəkatını eyniləşdirmək isə yaxın tarixi saxtalaşdırmaqdan ibarətdir. Qarabağ Rusiya tərəfindən işğal edilərək Ermənistana verilib. Türkiyədə isə PKK dövlətin unitar quruluşunu pozmaq, daha sonra isə Türkiyədən torpaq qopararaq dövlət yaratmaq fikrindədir.
Süleyman Dəmirəlin təyyarə məsələsinə gəlincə, Elçibəy hökuməti təyyarə istəmiş (bu həm mərhum prezidentin, həm də Tofiq Qasımovun açıqlamalarında var), Dəmirəl isə vertolyotun göndərilməsinin mümkünsüz olduğunu demişdi.
Amma niyə mümkünsüz olması məsələsi ətrafında ayrıca müzakirə açmaq olar.
Sonluq

“Şəxsən mənə hələ də aydın deyil ki, biz Türkiyədən etnik doğmalıqdan başqa hansı qardaşlıq görmüşük?”
İki ölkə arasındakı doğmalıq xalqlar arasında olar. Əgər kiminsə həyatı Türkiyədə alınmayıb, kimdənsə bu və ya digər şəkildə zərər görübsə, bu, onun yalnız özü üçün keçərlidir.

Azərbaycan və Türkiyə vətəndaşları arasında burada və orada hansısa problemlər baş verirsə, bunu ümumiləşdirmək əsla düzgün deyil. Əksinə, bu gün Türkiyənin istənilən yerində Azərbaycana və azərbaycanlılara qarşı böyük sevgi var. Təbii, əgər kimsə içində bu qədər nifrət və kinlə Türkiyəyə və oranın vətəndaşlarına yanaşırsa, adekvat münasibəti görəcəkdir.

Kiminsə Türkiyədə dönərçi dostu olur, kiminsə Hacəttəpədən professor dostu. 70 milyonun içərisində hər tipdə adamın olması mümkündür.
Üstəlik Türkiyə Azərbaycana xəyanət edib deyən bir zehniyyətə o cür münasibət göstərmək bir baxıma savabdır.

Doğmalıq deyilən şeyi “Türkiyə Azərbaycana nə edib?” kimi yozsaq, məsələ siyasi və iqtisadi, yardımlaşma sahələrinə qalxacaq.
Bunları bilmək üçün isə çox sadə yollar var. Xarici İşlər Nazirliklərinin, TİKA-nın və bu kimi qurumların hesabatlarına baxmaq kifayətdir.
Türkiyənin İŞİD-i dəstəkləməsi və ya hansısa təriqətlərin orada olması məsələsinə gəlincə, İŞİD və bölgədəki digər terrorçuları Amerikadan Almaniyaya qədər çox ölkə öz siyasətinə uyğun olaraq görməzdən gəlib.

Təkcə PKK qruplaşmasına İran, Rusiya, İraq, Almaniya, ABŞ kimi dövlətlər açıq və gizli dəstək verir. Hillari Klinton ötən il verdiyi açıqlamada SSRİ-yə qarşı mücahidlərə dəstək verdiklərini demişdi. Əgər hansısa dövlət bölgədəki oyunlara görə öz marağı çərçivəsində hərəkət edirsə, bu, siyasətin elementar qaydalarıdır. Amma buna görə Türkiyəyə kin püskürmək, sadəcə, qərəzdən doğan bir şeydir. Nurçuluq məsələsinə gəlincə, bu gün dünyada makarondan tutmuş, daşa inanana qədər hər cür insan var. Vicdan azadlığı buna imkan verir.

P.S. Yazının uzunluğu üçün qınanmaq istəmirəm. Çünki əsaslandırılmamış iddiaların hər birinə bu yazı qədər cavab vermək mümkündür. Ehtiyac olarsa, cavab veriləcək
meydan tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.