Masallı icra hakimiyyətində ötür-ötür oyunu... - Sən vurmadınsa, mən necə yıxıldım...
11-12-2015, 10:45
Masallıda Gülsarə Abbasovanın iaşə obyekti rayon İcra Hakimiyyətinin rəsmilərinin təlimatı əsasında, qanunsuz olaraq sökülüb. Dia.az xəbər verir ki, BTV-yə danışan Gülsarə xanımın sözlərinə görə,obyektinin sökülməsinə razılıq verməyib.
Lakin icra başçısı Rafil Hüseynov və onun 1-ci müavini Nadir Abıyev bildirib ki, narahatçılığa heç bir əsas yoxdur. Bunu belə əsaslandırıblar ki, obyekt sökülsə də, yerinə yenisi tikilib, təhvil veriləcək. Lakin verilən vədə əməl edən olmayıb.
Şikayətçi BTV-yə bildirib ki, söküntüdən əvvəl onunla bazarlıq etmək istəyiblər: “Nadir Abıyev söküntü işləri aparılmamışdan əvvəl mənə dedi ki, 5000 manat verəcəyim təqdirdə, obyekt sökülməyəcək. Bunların məqsədi mənim obyektimi əlimdən almaq idi. Ya da pul qoparmaq. Pul ala bilməyəndə, obyektimi sökdülər”.
Xatırladaq ki, Masallı rayonunda yerli iş adamlarının başına belə oyunlar mütəmadi olaraq açılır. Məsələn, hələ bir neçə il əvvəl Ərkivan yolunun üzərində yerləşən təndirxanalar və sexlərin sahiblərinə “yolu genişləndiririk” bəhanəsi ilə “xox” gəlmişdilər. Həmin vaxt iş adamlarından obyektlərinin sökülməməsi müqabilində 10 min manata qədər pul istənilmişdi. Bu pulu verənlər hazırda fəaliyyət göstərsə də, verməyənlərin obyektləri sökdürüldü. Yolun genişləndirilməsindən isə söhbət gedə bilməz. (Dia.az)
Biz də Qafqaznews.az saytı olaraq bu məsələni araşdırmaq üçün Masallı icra hakimiyyətinin birinci müavini Nadir Abıyev ilə əlaqə saxladıq.
Müxbirimizin sualına “Mənim xəbərim yoxdur, elə bir adam tanımıram, mənim adımı çəkibsə deməli yalan danışır” deyə Nadir Abıyev bildirdi.
Biz bu məsələ ilə bağlı başçının ictimai-siyası məsələlər üzrə müavini Gülşən Xəlilova ilə əlaqə saxladıq.
“Mən fikrimi bildirim ki, orda qanunsuzluqlar var, vətəndaşın orda qanunsuz hərəkətləri var. Biz tərəfdən isə nə edilibsə qanuna uyğun edilib”, – Gülşən Xəlilova müxbirimizə bildirdi.
Gülşən Xəlilova obyektin sökülməsini təsdiq etdi. Obyektin nə səbəbdən sökülməsi haqda isə “Mən bu haqda sizə məlumat verə bilmərəm. Bu barədə Nəsir Muxtarlı ilə əlaqə saxlayın, onun məlumatı var, o sizə məlumat verəcək”,- deyərək dəstəyi asdı.
Biz məsələ ilə bağlı sosial- iqtisadi inkişafın təhlili şöbəsinin müdir müavini Nəsir Muxtarlı ilə əlaqə saxladıq.
“Mənim bu haqda məlumatım yoxdur, mən tanımıram həmin vətəndaşı . Bununla bağlı Gülşən Xəlilova ilə əlaqə saxlayın”,- deyə Nəsir Muxtarlı bildirdi.
Sonra biz icra hakimiyyətin tikinti şöbəsinin aparıcı məsləhətçisi İnqilab Mirzəyev ilə əlaqə saxladıq.
“Mənim xəbərim yoxdur, siz hüquq şöbəsinə zəng edin ,söküntü işinə onlar baxır” ,- deyə İnqilab Mirzəyev də sualımızı cavablandırmadı.
Məsələ ilə bağlı icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədhüseyn ilə də əlaqə saxladıq. Məmmədhüseyn Hüseynov sualımızı cavablandıraraq bildirdi ki, “Xeyr, vətəndaşın obyekti sökülməyib, Gülsarə Abbasova qanunsuz olaraq bələdiyyənin torpağını zəbt edib, məhkəmə də qanunsuz olaraq onun mülkiyyət hüququnu tanıyıb. Məhkəmə icra hakimiyyətinin rəyini almadan saxta qərar vermişdir. Biz gördük ki, vətəndaş qanunsuz işlərini yenidən davam edir . Sənədlərini tələb edəndə isə gördük ki, saxtadır. Ona görə də onları ləğv etdirdik”.
Müxbirimiz soruşanda ki, demək vətəndaşa qanunsuz sənəd verilib, o bunu təsdiq etdi.
Müxbirimizin “Axı Gülşən Xəlilova bizə bildirdi ki, həmin vətəndaşın obyekti sökülüb” sualına “Yox ,vətəndaşın obyekti sökülməyib” deyə şöbə müdiri bildirdi.
Müxbirimizin “Onda belə çıxır ki Gülşən Xəlilova yalan danışır”? sualına isə “Ola bilər, məlumatsız olub, düzgün məlumat verməyib ona yəqin”,- deyə şöbə müdiri Məmmədhüseyn Hüseynov cavab verdi.
Biz bir müddət sonra yenidən Gülşən Xəlilova ilə əlaqə saxladıq.
Müxbirimizin “Vətəndaşın obyekti məhkəmənin qərarından sonra sökülüb?” sualına Gülşən Xəlilova birinci əvvəl dediyi sözü inkar edərək bildirdi ki, onun bu barədə məlumatı yoxdur. Sonra isə dedi ki, “siz müraciət edin, ya da gəlin İcra hakimiyyətinə ,orada sizə dəqiq məlumat versinlər”
Müxbirimiz “Axı bir müddət öncə, vətəndaşın obyektinin sökülməsi ilə bağlı məlumatınız varmı sualına “bəli” cavab vermişdiniz” soruşduqda isə “Xeyir mən elə söz deməmişəm”,- deyə Gülşən Xəlilova dediyini inkar etdi.