Nazir müavini nazirə meydan oxuyur - İnsanovdan qalma problem
14-12-2015, 10:48
"Səhiyyə naziri Oqtay Şirəliyevlə müavini Elsevər Ağayevin münasibətləri yenidən kəskinləşib. Nazir monopolistə çevrilmiş müavininin səhiyyə sistemindəki təsir imkanlarını zəiflədə, onun bu sahədə kök atmasına mane ola bilmir. Dəfələrlə Oqtay Şirəliyev müavinindən qurtulmağa cəhd etsə də, cəhdləri uğursuz alınıb. Hətta müavininin nazir olmaq iddiası da naziri bir neçə dəfə öfkədən çıxarıb".
Arqument.Az-a Səhiyyə Nazirliyindən daxil olan ilginc məlumatda deyilir ki, Elsevər Ağayevi "Naxçıvan klanı"nın əsas oliqarxlarından biri müdafiə etdiyindən Oqtay Şirəliyev onunla bacara bilmir.
Mənbənin sözlərinə görə, "Zəfəran", "Odlar Yurdu" kimi iri aptek şəbəkələrinin sahibi, həmçinin "Avromed" MMC və "Zeytun" aptek şəbəkələrinin, eyni zamanda bir neçə iri özəl klinikanın himayəçisi olan nazir müavini bütün səhiyyə sistemini faktiki nəzarətə alıb. Onun həmçinin dövlət xəstəxanalarını da himayəsinə alması və baş həkimlərin təyinatında birbaşa söz sahibi olması nazirlər münasibətlərini yenidən savaş müstəvisinə gətirib.
Bildirilir ki, "dərman monopoliyası"nın himayəçisinə çevrilən Elsevər Ağayev əlində olan adminstrativ imkanlardan istifadə edərək ayrı-ayrı iş adamlarını bu sahədən uzaqlaşdırmağa nail olub. Hazırda ən iri dərman depoları Elsəvər Ağayevin himayəsində fəaliyyət göstərir. Çünki nazir müavini istədiyi aptekin lisenziyasını ləğv etmək imkanına sahibdir. Hətta nazirə yaxın şəxslərin də bu sahədə problemlə üzləşdiyi iddia olunur.
İlkin hesablamalara görə, illik dövriyyəsi 1 milyard manatdan artıq olan bu sektorda hər iki şəxsə yaxın xeyli sayda tanınmış şəxslər var. Hətta ən yüksək elitada təmsil olunanların da bu sektorda müəyyən paylarınin olduğu iddia edilir. Məhz bu səbəbdəndir ki, vaxtaşırı tərəflər arasında toqquşmalar baş verir və bu toqquşmalar da diqqəti çəkir.
Nazirlikdəki mənbəmiz vurğulayır ki, hazırda səhiyyə nazirliyi beş-altı böyük dərman deposuna və aptek qruplaşmalarına lisenziylar verir və bu şəbəkəni ölkə üzrə genişləndirir. Bunların da başında Elsevər Ağayevə məxsus olan "Zəfəran", "Odlar yurdu", "Zeytun" aptekləri və onun himayə etdiyi "Avromed" MMC gəlir. Amma Elsevər Ağayev bununla kifayətlənmir. O artıq rayonlardakı aptek sistemlərini ələ keçirir. Bunun üçünsə sadəcə rayonlarda bir çox apteklərin lisenziyaları ləğv olunur. Onların yerində sözügedən şirkətlərinin filialları açılır. Artıq nəinki Bakıda, rayonlarda da özünə böyük şəbəkə yaradan "Zəfəran”çılar demək olar ki, bütün rayonlarda bu aptekin ən azından bir-iki filialını açıblar. Dərmanların qiymətinin süni olaraq şişirdilməsi də məhz nazir müavininin bu sahəni monopoliyada saxlamasından irəli gəlir.