Abşeronun istintaq şöbəsinin rəisi pulu necə qazandığından danışdı

15-03-2016, 22:57           
Abşeronun istintaq şöbəsinin rəisi pulu necə qazandığından danışdı
Bilal Nəbiyev: “Evi mənə polisdən veriblər… təmir üçün “Devrim”ə 32 min manat verdim”

Murat Kılıç: “Borcumuzdan 1400 manat verdilər, qalanını da hissə-hisə verəcəklərini dedilər”

Bu günlərdə Qafqaznews.az saytında Abeşron RPİ-nin İstintaq şöbəsinin rəisi Bilal Nəbiyevin villasını təmir edən türk iş adamı və ustalar arasında yaranmış mübahisə barədə yazmışdıq.

Fevralın 29-da Qafqaz Xəbər Agentliyinə Türkiyə vətəndaşı, Azərbaycanda oturma izni olan və vergi ödəyicisi Murat Kılıç müraciət edərək, fırıldağa məruz qaldığını və bu məsələdə kömək istədiyini bildirib. M.Kılıç Qafqaznews.az saytına bildirib ki, o, Bakı Türk Anadolu Liseyində bəzi taxta-mebel işləri yerinə yetirib və onun işini bəyənən Fatih adlı Türkiyə vətəndaşı ona üçmərtəbəli villanın təmirində iştirak etməyi təklif edib. Onun sözlərinə görə, Fatihlə Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Bilal Nəbiyevə məxsus olan, Xırdalan parkında (Heydər Əliyev Parkı – red.) yerləşən üçmərtəbəli villasında döşəmə, pilləkən, ümumilikdə taxta-mebel işlərini 5500 manata razılaşıblar.
Fatih Danış Qafqaznews.az-a bildirmişdi ki, Efe Demirel Abşeron RPİ-nin İstintaq Şöbəsi rəisi Bilal Nəbiyevin evini təmir etmək üçün onunla müqavilə bağlamış, sonra isə təmir işlərində Fatih Danışdan kömək istəmişdi. Onun sözlərinə görə, E.Demirel sonradan Azərbaycanı tərk etmiş, M.Kılıça çatmalı pulu ödəməmişdi.

A.Mahmudov Bilalı tanıdığını bildirib: “Bilal mənim qayınatamla bir yerdə işləyib. Efe Dəmirəli də çoxdan tanıyıram, amma onu belə fırıldaqçı adam kimi tanımırdım. O vaxt mənə dedi ki, Abşeronda Bilal adlı rəis var, məni sıxışdırır, gəl mənə kömək elə. Mən Fatihi də tanıyıram. Yaxın dostum deyil. Sonra onlara bu işdə kömək etməyə çalışdım. Fatihin mebel sexi var idi, sonra işi çatdıra bilmədi. Efeyə Muratı təklif etdi, o da razılaşdı. Bilalın da haqqı var ki, onlardan işini tələb edib. Amma mənim bu işdə hər hansı iştirakım yoxdur. Sadəcə onlar məndən hər hansı məsləhətlər istəyiblər. Son məsələdə də Fatih təhdid olunduğuna görə, məndən məsləhət istədi və o haqlı olduğu üçün, mən məsələni yoluna qoymağa çalışdım”.

Araz Mahmudov vurğulayıb ki, o heç bir qrupa daxil olmayıb və bu məsələdə ancaq hüquqşünas kimi iştirak edib.

Martın 4-də bizə Türkiyədən zəng gəldi və özünün Efe Demirel olduğunu deyən şəxs haqqında səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını və açıqlama vermək istədiyini bildirib.

Onun sözlərinə görə, B.Nəbiyevlə arasında heç bir müqavilə olmayıb: “Oğlu Orxan yanıma gəldi və biz 200 kvadratmetrlik evin təmirinə dair dizayn hazırladıq, 55 min manata razılaşdıq. Pulun 52 minini də almışam, 3 min manat da parket işləri üçün idi, onu özü verəcəyini dedi. Təmirə başlamağıma peşman oldum. Orxan istifadə etdiyimiz heç nəyi bəyənmədi, 600 dollarlıq qapılar aldırdı, biri 200 manata olan 40 pilləkənin qoyulmasını tələb etdi. Gedib bahalı mallar alırdı, pulunu isə mən verirdim. Bu işin ziyanı xeyrindən çox oldu. Beləliklə, onlar mənə əlavə 18 min manat da ziyan vurdular. Mən bezdim, imtina etmək istədim, Orxan gündə zəng edib bezdirirdi. Araz tanışım idi, xahiş etdim ki, Bilalla danışsın, başa salsın ki, mən bu cür işləyə bilmirəm. Araz danışdı, dedi narahat olma, yoluna qoyarıq. Mebel işini də Fatih üzərinə götürmüşdü. Mən verdiyim materialları satdı, dedi yaramır, sonra əlavə pul tələb etdi. Sonra Muratı cəlb etdi. Bu işi Fatihlə 7500 manata danışdıq, Murata 2500 və 2 min manat da pul verildi, özü də danmır”.
Bu günlərdə Murat Kılıç bizə bildirdi ki, borcundan 1400 manat pulu Fatihdən alıb: “Qalanını da 2 ay ərzində hissə-hissə ödəməyə söz verdi”.
E.Demirelin və A.Mahmudovun sözlərini şərh etmək üçün, Abşeron RPİ İstintaq Şöbəsinin rəisi Bilal Nəbiyevlə əlaqə saxladıq.

O, E.Demirelin dediklərini təkzib etdi: “Devrim (Efe Demirel – red) yalan deyir. Mənim oğlumu aldadıb pulu aldı, işi yarımçıq buraxıb ölkədən qaçdı. 32 min manat pul vermişəm. Mən otuz ilin hüquqşünasıyam, mən hüquqlarımı qoruya bilməyəcəm? Oğlum ondan şikayət edəcək, özümüz onu məhkəməyə verəcəyik”.

B.Nəbiyev onun A.Mahmudovun dediyi “Bilal Nəbiyev Efe Dəmirəli sıxışdırırdı” sözlərini də təkzib edərək, bunun doğru olmadığını vurğuladı: “Mən heç kimi sıxışdırmamışam, təhdid etməmişəm. Siz olsaydınız, nə edərdiniz? Evimi təmir etmək üçün pul alıb, təmir etməyib, aradan çıxıb. Aldığım materialları da satıb. Mən sadəcə ondan tələb edirdim ki, yarımçıq buraxdığı işi tamamlasın”.

“Sizin adınız ətrafında böyük rəqəmlər hallanır – 84 min, 55 min, 70 min…– deyə jurnalistimiz qeyd etdi.

“Xeyr, yalandır. Mən cəmi 32 min manat vermişəm. Siz evinizi təmir etdirmirsiniz?”, – deyə B.Nəbiyev jurnalistə sual verdi.

“Mənim o qədər pulum yoxdur…” – deyə müxbirimiz cavablandırdı.

“Otuz ildir polisdə işləyirəm. İki oğlum da işləyir, ayda 800 manat maaş alırlar. Evi mənə polisdən veriblər, özüm təmir etdirmək istəmişəm, burda nə var ki?!” – deyə Bilal Nəbiyev məsələyə aydınlıq gətirdi.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.