"Suraxanı İcra Hakimiyyətinə pul verib buranı tikirəm..." - İcra başçısının saxtakarlığı üzə çıxdı
17-04-2023, 00:13
Bakının Suraxanı rayonu heç vaxt icra başçısı sarıdan yarımayıb. Rayona kim rəhbər təyin olunubsa, söküb-dağıdıb, satıb və yağmalayıb, qanunsuz tikintilərə meydan açıb, rüşvət alıb harda gəldi obyekt tikməyə şərait yaradıblar. Ona görə indi Suraxanıda barmaq qoymağa demək olar ki, yer qalmayıb deyə hazırki icra başçısı Əziz Əzizov da yaşayış binalarının qabağını satmağa keçib. Ə.Əzizov görüb ki, ona boş yerlər çatmayıb, sələfi İlqar Abbasov Suraxanını qarış -qarış peşkəş edib, indi o da binaların önünü pay-püş etməkdədir.
Heç kimə sirr deyil ki, bu gün hansısa daşı daşın üstünə qoymaq üçün gərək icra hakimiyyəti ilə dil tapasan, görüm-baxım edəsən. Yəni hansısa məmur deyəndə ki, onun xəbəri olmadan kimsə icazəsiz tikinti işləri aparıb, əmin olun gözünün içinə qədər ağ yalan danışır. Necə ki belə bir absurd yalanı Suraxanı icra başçısı Əziz Əzizov Yeni Günəşli qəsəbəsi AB massivində yaşayış binasının sakinlərinə danışmaqdadır. Burada hiyləsi isə sakinlərin “başı altına yastıq qoyub” onları aldatmaq, sakitləşdirmək və daha sonra qanunsuz tikintinin davam etməsinə şərait yaratmaqdır.
Sözügedən ünvanda binanın qarşısında özbaşına tikinti aparılıb. Buna özbaşına da demək olmaz, çünki sahibkar icra hakimiyyətinin rüşvətini verməsə icazəsiz qanunsuzluq edə bilməz. Belə desək, həmin binanın qabağında icazəli özbaşınalıq baş verməkdədir. Bu da icra başçısı Əziz Əzizovun sayəsində olub.
Bina sakinlərinin sözlərinə görə, üzüm, əncir ağaclarını kəsərək yerində qanunsuz tikintiyə cəhd göstərilmişdi. Nəticədə binanın önü hasarlanıb, oksigenin qarşısı kəsilmişdi. Sakinlər bir araya gələrək bununla bağlı narazılıq bildirmişdilər. Onlar mənzillərə hava gəlmədiyini, gün düşmədiyini qeyd edirdilər. Ümumiyyətlə, tikintinin hansı məqsədlə və kim tərəfindən aparıldığı da bildirilməyib, inşa işlərinə icazə sənədi belə təqdim olunmamışdı.
Bundan sonra sakinlər Suraxanı rayon icra hakimiyyətinə, onun başçısı Əziz Əzizova, prezidentə və Bakı meriyasına mətbuat vasitəsi ilə müraciət ediblər, qanunsuz tikintiyə son qoyulmasını bildiriblər. Onların müraciətindən sonra Suraxanı İH başçısı Əziz Əzizov əraziyə gələrək camaatı sakitləşdirmiş, belə bir sərəncam vermədiyini bildirmişdi.Anaxeber.info