Hacıqabul DYPŞ-də qanun ancaq kasıblar üçündür

8-07-2016, 13:42           
Hacıqabul DYPŞ-də qanun ancaq kasıblar üçündür
İnspektor Əhməd İsmayılov sadə sürücülərin kabusuna çevrilib Bildiyiniz kimi, son zamanlar yol polisinin fəaliyyəti ilə bağlı şikayətlərin sayı xeyli artıb. Buna səbəb isə yol polisi işçilərinin əksəriyyətinin sürücülərə qarşı nəzakətsiz davranışı, onlara qarşı qərəzli münasibət göstərməsidir. Qeyd edək ki, yol polisi işçilərinin əsas vəzifəsi yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq; yol hərəkətini tənzimləmək; yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək; yol-nəqliyyat qəzaları yerində zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərmək; ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək; xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, bu cür nəqliyyat vasitələrini, habelə avtomobil karvanlarını müəyyən edilmiş qaydada müşayiət etmək; yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi yeri və səbəbləri barədə məlumat vermək; ətraf mühitin mühafizəsi tədbirlərində iştirak etməkdən ibarətdir. Eyni zamanda, yol polisi əməkdaşları sürücülərə qarşı etik normalar çərçivəsində davranmalı, onları əsassız yerə cərimə etməməlidir. Təəssüf ki, əksər hallarda bunun əksini müşahidə edirik. Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) bəzi vəzifəli işçiləri sürücülərə qarşı həddən artıq kobudluq edirlər. Bu barədə redaksiyamıza məlumat verən adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, şöbənin inspektoru Əhməd İsmayılov həm Hacıqabulda, həm də ətraf rayonlarda avtomobil idarə edən şəxslərin kabusuna çevrilib: «İlk öncə onu demək istəyirəm ki, ətraf rayonların sakinləri Hacıqabul ərazisindən maşınla keçərkən ehtiyat edirlər. Çünki Əhməd İsmayılov həmin sürücüləri qaydanı pozmadıqları halda saxlayıb onları cərimələyir. Bu səbəbdən sürücülər artıq boğaza yığılıb. Şöbənin rəisi Niyaməddin müəllim bu posta təxminən 3 aydır ki, təyin olunub. Hətta o belə Əhməd İsmayılovla bacara bilmir. Bu adam gün ərzində imza atdığı qanunsuz işlərin nəticəsində böyük məbləğdə gəlir əldə edir». Məlumata görə, adıçəkilən inspektor Hacıqabul ərazisində, eləcə də rayonun hüdudlarından kənarda istədiyi yerdə durur: «Hamını saxlayıb sənədlərinə baxır. Sonra da "hörmət elə” deyib sürücülərin qarşısında tələb qoyur. Narazılıq edənlərə qarşı isə səs tonunu yuxarı qaldırmaqdan, hətta onları təhqir etməkdən çəkinmir. O sadə sürücülərə konkret divan tutur. Amma bəzi sürücülərə, o cümlədən 10-MT-610 dövlət nömrə nişanlı avtomobilin sahibinə qarşı heç bir tədbir görmür. Çünki həmin adamın çoxlu pulu var və Hacıqabulda «baron» kimi tanınır». Bizə verilən məlumatda həmçinin qeyd edilir ki, Əhməd İsmayılovun əsas qazancı sərxoş sürücülərin hesabına əldə olunur: «Belə ki, sərxoş halda maşın sürən şəxslər inspektora 700 dəfə sağ ol deməlidir. İnspektor bunun qarşılığında həmin sürücüləri kəmər taxmamaq və ya sadə qayda pozuntuları adı ilə sənədləşdirir». Biz isə hesab edirik ki, Hacıqabul DYPŞ-nin rəisi hörmətli Niyaməddin müəllim işçisinin törətdiyi qanundan kənar əməllərə reaksiya verməli və onun barəsində ölçü götürməlidir. Qarşı tərəfi də dinləməyə hazırıq. P.S. Deyilənə görə, Əhməd İsmayılov pul olan yerdə neçə illərdir dostluq etdiyi şəxsləri belə tanımır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.