''Mənə “bilmirsən bura kimindir? Səni məhv edərlər” deyirdilər'' - ZAKİR QARALOVA MÜRACİƏT
12-07-2016, 01:33

Tanınmış hüquqşünas Aslan İsmayılov Milli Onkologiya Mərkəzində baş verən korrupsiya və süründürməçilik halları ilə bağlı Baş porokuror Zakir Qaralova müraciət edib. Criminal.az saytı xəbər verir ki, müraciətdə deyilir:
Məlum edirəm ki, “Facebook” sosial internet şəbəkəsində şəxsi səhifəmdə 04 iyul 2016-cı il tarixdə saat 12:18-də aşağıdakı mətndə “Milli Onkologiya Mərkəzində millətin faciəsi” adlı məqalə və məqaləyə uyğun şəkillər paylaşmışdım: “Bir müddət əvvəl şəxsiyyətinə hörmət bəslədiyim bir nəfər otağıma gəlib sadəcə onu dinləməyimi xahiş etdi. Qardaşının həyat yoldaşının xərçəng xəstəliyinə tutulduğunu, bir həftədir onun müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində olduğunu bildirdi.
Maddi cəhətdən heç nəyə ehtiyacı olmasa da orada gödüklərini, xəstələrin durumunu mənə danışdıqca bir neçə dəfə ağladı. Sonda özünün heç bir köməyimə ehtiyacı olmadığını və əgər imkanım olarsa oradakı xəstələrin vəziyyətini az da olsa yüngülləşdirmək üçün bacardığımı etməyimi xahiş etdi. Ona bildirdim ki, özüm gedib vəziyyəti gözlərimlə görmək istəyirəm. Dostumun xətrini çox istəsəm də vəziyyətin onun söylədiyi qədər acınacaqlı olduğunu təsəvvür etmirdim.
Bu gün səhər saat 9.00-da Milli Onkologiya Mərkəzində oldum. Həyətə girişdən ilk baxışla ətrafda olan gözəllik dostumun qərəzli olduğu anlamını verirdi. Xəstəxanaya daxil olanların marşrutu ilə hərəkət etdim. Aydındır ki, oradakı mənzərə normal insanı üzməyə bilməz. Ancaq hərəkət etdikcə xəstələrlə qısa söhbətlər dostumun həqiqəti anlatdığını göstərdi. Ola bilər bəziləri üçün gördüklərim adi gələ bilər. Deməli onda ya mən insan deyiləm, yaxud belələri insanlıq hisslərini tamam itiriblər. Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Tibb personalı verdiyim bütün sualları çox şübhə ilə qarşıladı və heç bir sualıma cavab vermədi. Kimyaterapiya aparılan mərtəbələrin birində xəstə ilə söhbət zamanı yaşlı bir tibb bacısı az qala məni – sanki terroristi, güclə oradan uzaqlaşdırdı. Bu yaşımda çox təşkilatlarda, o cümlədən qapalılarında da olmuşam, ancaq bu qədər məxfilik, şübhəlilik heç bir yerdə görməmişdim. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Mənimlə söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanırdılar. Bəziləri isə mənə “bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar.
Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır. İndi isə müəyyən etdiyim, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırıram:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
İnsan əlindən dəhlizlərdə hərəkət etmək mükün deyil. Təxminən 50 kv.m. sahəsi olan, UZİ, qan analizi aparılan otaqda havasızlıq bir tərəfə insanların sanki Bakı avtobuslarındakı kimi sıx dayanmasını soruşduqda xəstələrin birinin mənə “rəhmətliyin oğlu, bizim gördüyümüz cəhənnəmin yanında bu cənnətdir” cavabı artıq sözə ehtiyac olmadığını göstərdi.
Söhbət etdiyim xəstələr, onların qohumları hamısı bir ağızdan əsas problemin pul olduğunu bildirdilər. Kimisi borca düşdüyünü, kimisi faizlə pul götürdüyünü, kimisi isə evini satıb kirayələrdə qaldıqlarını bildirdilər. Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Mənə yardımçı olan bir nəfər belə faciəni sadəcə görməyin normal insan sağlamlığı üçün təhlükəli olduğunu bildirdi. Keçirdiyim hisslər onun haqlı olduğunu tədiqlədi.
İndi isə Azərbaycan qanunvericiliyindən bəzi normaları Oqtay Şirəliyevin oxuması üçün diqqətə çatdırıram: AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir:
“Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.
Başa düşürəm ki, Oqtay Şirəliyevin, Milli Onkologiya Mərkəzi rəhbərlərinin özlərinin və qohum əqrabalarının dəbdəbəli həyat sürməsi üçün çoxlu pul lazımdır. Ancaq bu pulların ölümlə üz-üzə dayanmış, cəhənnəm əzabı çəkən insanların hesabına əldə etmələrini heç cür başa düşə bilmirəm. Bir də millətin cəhənnəm əzabı çəkdiyi bir mərkəzin adının qarşısında MİLLİ sözünün olmasını ümumiyyətlə anlamadım.
P.P.S. Milli Onkologiya Mərkəzində özləri, yaxınları müalicə alarkən rüşvət, süründürməçilik halları ilə rastlaşanlardan xahiş edirəm, bütün baş verənləri şərhlər və yaxud məktub bölümünə yazın”. “Facebook” sosial şəbəkəsində bu günədək həmin məqaləni 10.050 nəfər bəyənmiş, 8.670 nəfər paylaşmış, 1.700 nəfər isə şərh yazmışdır. “Facebook” istifadəçilərinin məqaləyə olan reaksiyasından, bu mövzu ətrafında yaranmış gərgin ictimai müzakirələrdən mən tam əmin oldum ki, həqiqətəndə bu sahədə ciddi korrupsiya faktları mövcuddur. İctimai müzakirələrin dərinləşdiyini görən Azərbaycanın baş onkoloqu Kərimli Azad Aydın oğlu dərhal öz münasibətini bildirməklə, “Movqe.az” internet saytına 05.07.2015-ci il tarixdə saat 15:15-də aşağıdakı mətndə müsahibə vermiş, qeyd olunan məqaləsi də çoxsaylı internet xəbər portallarında yayımlanmışdır (“www.teref.az”, “www.azpolitika.info” və s.):
“O adam Milli Onkologiya Mərkəzinə gələrək xəstələrlə görüş saatının olmadığı vaxtda xəstə ilə görüşmək istəyib. Ona başa salıblar ki, xəstəxananın daxili qaydaları var. Xəstələrlə görüş saatı saat 17:00-dan 20:00-dəkdir. O da bundan hiddətlənərək, ağzına gələni yazıb. O, Mərkəzdə hansı xəstə ilə görüşüb, kimdən nə soruşub, biz bilmirik. Ölkədə onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin olunur. Xəstələr pulsuz müayinədən keçirilərək müalicə olunur. Tibbi xidmət pulsuz göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunub. A.İsmayılov özü hüquqşünas olsa da, əlində tutarlı fakt olmadan danışır. Bilmir ki, əsassız, sübutsuz danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Əlində rüşvətlə bağlı fakt varsa, o xəstəni də götürüb Milli Onkologiya Mərkəzinin rəhbərliyinə yaxınlaşsın. Biz məsələni aydınlaşdıraq. Nə xəstəni həkimə pul verəndə, nə də tibb bacısını xəstədən pul alanda görüb, əsassız danışır”.
Baş onkoloqun bu cavabını mənim məqaləmə yazılmış çoxsaylı şərhlərlə müqayisə etdikdə, “Xalqın gözü tərəzidir!” ifadəsinə uyğun şəkildə kimin haqlı və haqsız olduğunu anlamaq çətin deyil. Sadəcə, söhbət insan həyatına və sağlamlığına olan təhlükələrdən, eləcə də iri miqyaslı korrupsiya cinayətlərindən gedirsə, bu sahədə baş verən qanunsuzluqlar təkcə ictimai müzakirələrin mövzusu deyil, hüquq-mühafizə orqanlarının ciddi araşdırmalarının mövzusu olmalıdır. Baş onkoloqun mənim barəmdə söylədiyi “əlində tutarlı fakt olmadan danışır”, “sübutsuz danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil”, “əlində rüşvətlə bağlı fakt varsa” və digər ifadələrinə cavab olaraq bildirmək istərdim ki, mənim sübutum – Milli Onkologiya Mərkəzində vaxtılə müalicə almış (hal-hazırda isə dünyasını dəyişmiş) şəxslərin yaxın qohumları, eləcə də hal-hazırda müalicə alan və əsassız pul yığımlarından cana gəlmiş onkoloji xəstələrin özləridir. Bu şəxsləri şahid qismində dindirməklə, ifadələrindəki xüsusatları istintaq çərçivəsində dəqiqləşdirməklə, sair zəruri istintaq-əməliyyat tədbirlərini həyata keçirməklə Baş onkoloqun həvəslə gözlədiyi sübutları toplayaraq cinayət işinin materiallarına əlavə etmək və daha sonra vəzifəli şəxslərə qarşı irəli sürüləcək ittihamı asanlıqla sübut etmək olar.
Prokurorluq orqanı “Facebook” şəbəkəsi vasitəsilə yerləşdirdiyim “Milli Onkologiya Mərkəzindəki millətin faciəsi” adlı məqaləyə yazılmış şərhlərə xüsusi diqqət yetirməli, çünki bu şərhlər anonim deyil, şəxsi səhifələrdən yazılmış çoxsaylı şəxslərin Milli Onkologiya Mərkəzinin gündəlik iş fəaliyyəti haqqında bildikləri və obyektiv məlumatlarıdır. Həmin şərhlərdə əsasən qanunsuzluqlar bu şəkildə təsvir olunur:
• xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir;
• bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir;
• zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir;
• zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur;
• kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;
• pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır;
• və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar. Ümumbəşəri sosial dəyərlər sırasında insanın həyatı və sağlamlığı ən ali dəyərlər hesab edilir. Bu dəyərlərin qorunub saxlanılması üçün dövlətin vəzifələri ilə yanaşı, hər bir şəxsin tibbi yardım almaq kimi konstitusion hüququ nəzərdə tutulmuş, bunun üçün də dövlət tərəfindən ixtisaslaşdırılmış müalicə müəssisələri təsis edilmişdir. Lakin, bu müalicə müəssisələrinin normal fəaliyyətini təmin etmək, eləcə də xəstələrin hüquqlarını bərpa etmək üçün, hesab edirəm ki, ilk növbədə korrupsiya halları və sair qanunsuzluqlar aradan qaldırılmalı, təqsirkar şəxslər isə məsuliyyətə cəlb edilməlidir.
AR Cinayət-Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 207.1-ci maddəsində qeyd olunduğu kimi, Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; 207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Maddənin tələbindən də göründüyü kimi, hazırki ərizəm prosessual hüquq normalarına uyğun şəkildə qeydə alınaraq, hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmalı və ictimai rezonans doğuran hazırki məsələ, cinayətkarların məsuliyyətə cəlb edilməsi və Milli Onkologiya Mərkəzinin qanunauyğun fəaliyyətinin təmin edilməsi yolu ilə öz həllini tapmalıdır.
Odur ki, göstərilənlərə və hazırki Ərizəmə əlavə etdiyim sənədlərə əsasən xahiş edirəm ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 79B ünvanında yerləşən “Milli Onkologiya Mərkəzi”ndə baş verən korrupsiya hallarının və sair qanunsuzluqlarının araşdırılması, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və vəzifəli şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmiş pul vəsaitlərinin onkoloji xəstələrin özlərinə (və ya vəfat etmiş xəstələrin hüquqi varislərinə) qaytarılması üçün müvafiq tədbirlərin görülməsinə dair göstəriş verəsiniz.