Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

15-04-2024, 12:47           
Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...
Azərbaycanda əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olmuş (TQDK) bu qurumun adının dəyişib Dövlət İmtahan Mərkəzi adlandırılması heç nəyi dəyişməyib. Ən əsası onu dəyişməyib ki, quruma rəhbərlik hələ də Məleykə Abbaszadədədir. Məleykə xanım təcrübəli və peşəkar ola bilər, amma ölkədə qəbul imtahanı üzrə kifayət qədər yetişmiş, bu strukturu idarə edə biləcək kadrlar mövcuddur. Çünki hər nə qədər təcrübəli, hətta şəffaf olsa belə, bir şəxsin 30 il eyni kresloda olması inkişafı tormozlayır, yenilik gətirmir, təzə nəfəs verə bilmir. Axı TQDK, indi də DİM qəbul imtahanları ilə əlaqədar nə kimi ciddi inkişafa sahibləniblər?
Misal üçün mart ayında 11-cilərin imtahanı zamanı məlum oldu ki, səhvlərə yol verilib, kodlaşdırma düzgün qeyd olunmayıb. Apreldə isə buraxılış imtahanında üzə çıxıb ki, suallar səhv salınıb. Hətta bu mövzuda DİM şöbə müdiri açıqlama vermək məcburiyyətində qaldı. Təsəvvür edin ki, 55 min 9-cu sinif şagirdi buraxılış imtahanı verir, suallar isə səhv salınır. Yəni görünən odur ki, M.Abbaszadənin qurduğu sistem getdikcə metastaz verməyə başlayıb. Bu da sağalmaz xəstəlikdir. Bütün bunlar "toya getməlidir", faciə DİM-lə Elm və Təhsil Nazirliyi arasında olan məntiqsiz bir qarşıdurmadır ki, zərərini hər il abituriyentlər görür. Söhbət məktəblərdə tədris proqramının başqa, qəbul imtahanında test suallarının başqa olmasından gedir. Belə bir vicdansızlıq heç bir ölkədə görünməyib. Ona görə də əksər şagirdlər repetitor yanına getməyə məcbur qalır. Əks halda, məktəb keçdiyi dərslərdən heç bir sual qəbul imtahanında qarşısına çıxmayacaq. Repetitorlar isə abituriyentləri sırf DİM-in imtahan suallarına uyğun hazırlayır. Yəni nazirliklə sözügedən qurumun qarşılıqlı şəkildə zərbə endirməsinin altını şagirdlər çəkir. Bu iki struktur bir-birinin əleyhinə iş aparacaq deyə şagirdlər repetitorun ümidinə qalır, valideynlər xərcə düşür, imtahanlarda isə ilbəil ballar aşağı düşür, nəticə zəif olur, bununla da təhsilin keyfiyyətinin hansı səviyyədə olduğu üzə çıxır. Bu, həm nazirliyin, həm Abbaszadənin yaratdığı sistemin göstəricisidir.
Bundan əlavə, əvvəl də qəbul və sınaq imtahanlarında iştirak etmək üçün pul ödəyirdilər. Sadəcə, DİM yarandıqdan sonra bu məbləğlər ciddi şəkildə artırıldı. Qeyd edək ki, bakalavr səviyyəsində sınaq imtahanları və qəbul imtahanlarına giriş kartı 40 manat, magistratura səviyyəsində isə qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manat təşkil edir. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz o məhsulu vermirsiniz.
İmtahanda 40 min nəfər iştirak edirsə, sayı 40 manata vurun və görün ortaya hansı məbləğ çıxır... Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik sınaq imtahanında istifadə olunan test tapşırıqları da yeni deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır. Qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiymətini 10 manatdan artıq etməməlidirlər.
Düzdür, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində “dövlət” sözü var. Ancaq DİM sədri nə etsin, Abbaszadənin Xızıdakı villasının aylıq xərcləri var, bəs, necə ödəsin?!
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.